İdeologiya terminini ilk dəfə 19-cu əsrdə fransız fikir adamı Claude Destutt de Tracy-nin istifadə etdiyi bilinir. Tracy ideologiyaya fikirlərin elmi adını verirdi. Yəni, o istəyirdi ki, gələcəkdə ideologiya, məsələn biologiya kimi bir elm kimi qəbul edilsin. Bu elmin daxilində dünyada yaranmış olan bütün fikirlərin məğzi və hardan gəldiyi öyrənilsin.
İdeologiyanın siyasiləşməsi: Bu gün isə ideologiya sözü fikirlərin elmi kimi yox, fikirlərin özü kimi qəbul edilir. Yəni, ideologiya dedikdə ağlımıza ideya, fikir sözü gəlir. Çox zaman bu ideyalar siyasi xarakter daşıyırlar. Bu o deməkdir ki, artıq ideologiyalar müəyyən bir siyasi baxışı ortaya qoyur, müəyyən bir qrup insanın maraqlarını qoruyur, eləcə də müəyyən bir qrup insanın düşüncələrinə də qarşı çıxır. Siyasətin iki əsas elementindən biri olan konlifkt elementi ortaya girdikdə ideologiyalar siyasiləşir və bir fikir toplusu olaraq müdafiə və qarşı çıxma instinktləri meydana gəlir.
Siyasi ideologiyaların iqtisadi xüsusiyyəti:
Siyasi ideologiyaların yaranma dövrü birbaşa olaraq feodalizmin dağılmasıyla və sənaye kapitalizminin də yaranmasıyla bağlıdır. Məsələn, ən klassik siyasi ideologiyalar olan liberalizm, sosializm və konservatizm yeni qurulmuş sənaye cəmiyyətinin necə formalaşması gərəkdiyi ilə bağlı əks fikirlər irəli sürürdülər. Bu da o mənaya gəlir ki, həmin dövrdə, hətta ondan sonrakı uzun bir müddət ərzində siyasi ideologiyalar iki iqtisadi cəbhə arasında bölünmüşdü: kapitalizm və sosializm. Sırf bu səbəbdən iddia etmək mümkündür ki, siyasi ideologiyaların iqtisadi məsələlərə qarşı ciddi bir həssaslığı var. 1917 Rus inqilabından sonra dünyada ilk dəfə komunist bir dövlət olan SSRİ yarandı. Bu da bu nəzəri ayrımın praktiki olaraq simvoluna çevrildi. Artıq dünya iki yerə bölünmüşdü: “kapitalist Qərb və komunist Şərq”.