Ekoloji cəhətdən təmiz mühitin yaranmasına yönəlmiş layihələr - TƏHLİL

22 İyun 2021 16:29 (UTC+04:00)

Ötən 17 il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu, davam etməkdədir. Ölkə həyatı üçün strateji əhəmiyyət daşıyan inkişaf proqramları hazırlanıb, işlək mexanizmlər əsasında həyata keçirilib. Ən müxtəlif sahələrdə intibah prosesi geniş vüsət alıb.

Son illərin davamlı inkişafı sayəsində Azərbaycan regionun lider dövləti səviyyəsinə yüksəlib. Əminliklə vurğulamaq olar ki, Azərbaycanın paytaxtı Bakı da bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin çıxışlarının birində vuğuladığı kimi, "Bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir. Bakıya gələn qonaqlar, o cümlədən mənim həmkarlarım həmişə paytaxtda gedən quruculuq-abadlıq işləri haqqında öz təəssüratlarını bölüşürlər və qeyd edirlər ki, Bakı doğrudan da dünyanın ən gözəl şəhərlərindən biridir". Bu gün müasirliyi ilə seçilən Bakı ötən illərlə müqayisədə tamamilə başqa bir görkəmdədir. Şəhər abadlaşıb, infrastruktur layihələri icra edilib və bu davamlıdır. Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrasının nəticəsidir ki, bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Bakının bütün rayonlarında, o cümlədən qəsəbələrində infrastruktur təminatı daha da yaxşılaşdırılıb, mövcud binalar əsaslı təmir edilib, müasir tipli idman kompleksləri istifadəyə verilib.

"BİZİM HƏYƏT" LAYİHƏSİ ƏHALİNİN RAHATLIĞININ TƏMİNATINA YÖNƏLDİLİB

Yaşıllıqların genişləndirilməsi istiqamətində atılan addımlar da sakinlərinin rahat yaşayışının təmin edilməsinə yönəlib. Yolların kənarında yaşıllıq zolaqları genişləndirilir. Vurğulamaq yerinə düşər ki, yaşıllıqların qorunmasına, sağlam gənc nəslin yetişdirilməsinə və əhalinin rifahının yaxşılaşdırılmasına xüsusi önəm verən IDEA İctimai Birliyinin təşkilatçılığı ilə Bakı şəhəri rayonlarının icra hakimiyyətlərinin dəstəyi ilə baxımsız həyətlərin abadlaşdırılmasına yönələn "Bizim həyət" layihəsi çərçivəsində kifayət qədər işlər görülüb. Belə ki, Bakının Nəsimi, Nərimanov, Binəqədi və digər rayon ərazisində həyətlər abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib. "Bizim həyət" layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan həyətdə bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə əyləncə qurğuları yerləşdirilib, futbol meydançası və idman alətlərindən ibarət kiçik meydança salınıb. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmləndirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə yönəldilib. Əlbəttə ki, bu layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulub. Bildiyimiz kimi, bu günlərdə "Bizim həyət" layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Bakı şəhəri, Nərimanov rayonu Fətəli Xan Xoyski prospekti 112, 114, Aşıq Alı küçəsi 3, 4A ünvanlarında 1200 nəfər sakinin yaşadığı binaları əhatə edir. Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları, futbol meydançaları, şahmat meydançaları, uşaqlar üçün oyun meydançaları salınıb. Yeni həyətin ərazisində 2 ədəd söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq həyətdə yeni liftlər, işıqlandırma dirəkləri, yanğın hidrantları quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub, bloklara elektromaqnit kartla giriş sistemi tətbiq edilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 30 ədəd ağac əkilib və 3000 kv. metr ərazidə yaşıllıq zolağı salınıb. Bütün bunlar əhalinin rahatlığının təminatına yönəldilib.

ÖLKƏNİN İQTİSADİYYATININ GÜCLƏNMƏSİ HƏR BİR ŞƏHƏRİN, QƏSƏBƏNİN, HƏMÇİNİN İNSANLARIN HƏYATINDA ÖZÜNÜ BİRUZƏ VERİR

Ekoloji cəhətdən sağlam, təmiz mühitin yaranması, insanların rahatlığına yönəlmiş layihələr davamlıdır. Bildiyimiz kimi, vaxtilə Balaxanı zibilxanasından yayılan tüstü nəticəsində havanın keyfiyyəti qənaətbəxş hesab olunmurdu. Bu da insanların sağlamlığına böyük zərbə idi. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarını birində vurğuladığı kimi, "İndi keçmiş Balaxanı zibilxanasının yerində müasir poliqon qurulub və zibilin çeşidlənməsi, bərk məişət tullantılarının yandırılması istiqamətində böyük addımlar atılıb, böyük investisiyalar qoyulub, zibilyandırma zavodu inşa edilibdir. Biz bu ekoloji fəlakət mənbəyini aradan götürdük". Artıq neftlə çirklənmiş yerlər, gölməçələr abadlaşıb və insan sağlamlığına zərər vuruan bütün mənfiliklər aradan qaldırılıb. İstifadəyə verilən park vətəndaşlarda məmnunluq yaradıb. Bu gün paytaxtımızda dövlət başçısının göstərişinə əsasən, yüzlərlə nümunəvi məhəllələr yaradılıb. Binaların fasadları, dam örtükləri, blokları təmir olunub, su təchizatı sistemi yenilənib.

Əlbəttə ki, ölkənin iqtisadi və maliyyə imkanları genişləndikcə bu, hər bir rayonun, qəsəbənin, bölgənin, həmçinin insanların gündəlik həyatında özünü büruzə verir.Bu gün pandemiya dövrünü yaşamış olsaq da, sosial layihələr uğurla icra olunur. Görülən işlər sağlam mühitə, insanların sağlam yaşam tərzinə yönəlib.

Zümrüd BAYRAMOVA