Beynəlxalq media vəsiqəsini kimlər ala bilər? - JUHİ SƏDRİ AÇIQLADI

22 İyun 2021 12:07 (UTC+04:00)

“Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təsis etdiyi “Beynəlxalq media vəsiqəsi” BJF-nin Azərbaycan üzrə yerli üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) tərəfindən təqdim edilir. Bu vəsiqə bütün dünya ərazisində qəbul edilən tanıtım nişanıdır”. Bu sözləri SİA-ya açıqlamasında JuHİ sədri, Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan üzrə təmsilçisi Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, vəsiqəni əldə etmiş jurnalist onu təqdim etməklə istənilən ölkədə informasiya toplamaq hüququ əldə edir: “Həmçinin, beynəlxalq təşkilatlarda akkreditasiya oluna bilir. Bununla yanaşı, kartın digər mühüm statusları da var. Vəsiqə sahibi olan jurnalist riskli bölgələrə səfər edərkən, öncədən məlumat vermək şərtilə, BJF və onun yerli üzv təşkilatı tərəfindən diqqətdə saxlanılır. Bu halda təhlükə ilə üzləşən: təqib edilən, əsir-girov götürülən, xəsarət alan, informasiya əldə etmək hüququ pozulan vəsiqə sahibinin vəziyyətdən çıxması üçün BJF lazımi dəstək göstərir, bu yöndə beynəlxalq kampaniyalar təşkil edir”.

Müşviq Ələsgərli sözlərinə belə davam edib: “BJF-nin riskli durumlarla üzləşən vəsiqə sahiblərinə göstərdiyi yardıma risq yaradan qruplarla danışıqlar aparmaq, hüquqa söykənən təsir mexanizmlərindən istifadə etmək, mənəvi dəstək vermək kimi müxtəlif addımlar daxildir. Eyni zamanda, BJF vəsiqə sahiblərini texnoloji inkişafa uyğun olaraq daim yenilənən təhlükəsizlik qaydaları ilə tanış və təmin edir ki, bu da jurnalistlərə risklərdən yayınmaq üçün istiqamət verir”.

“Məlumat üçün bildirək ki, “Beynəlxalq media vəsiqəsi” BJF-yə fərdi müraciətlərlə deyil, ölkələr üzrə BJF-nin yerli üzv təşkilatlarının zəmanəti əsasında verilir. Vəsiqəni əldə etmək üçün müəyyənləşdirilən şərtlər sırasında:

- Jurnalistika sahəsində fasiləsiz fəaliyyət göstərmək, peşəkar qaydaları bilmək,

- BJF-nin müəlliflik etdiyi “Jurnalistlər üçün Etik Kodeks”ə sayqılı yanaşmaq,

- BJF-nin yerli təmsilçi təşkilatına üzv olmaq, onunla sıx əməkdaşlıq etmək

və sair kimi məqamlar daxildir.

Vəsiqəni əldə etmək istəyən şəxs BJF-nin yerli üzv təşkilatına, Azərbaycan üzrə təmsilçi olan Jurnalistlərin həmkarlar ittifaqına müraciət etməlidir. Burada lazım olan prosedurları keçməlidir, tələb edilən sənədləri təqdim etməlidir. Sonrakı mərhələdə həmin sənədlər yoxlanış üçün BJF-nin mərkəzi ofisinə göndərilir. BJF mərkəzi ofisində yoxlanışdan sonra, sənədləri, təqdimatı düzgün olan şəxslərə vəsiqələr tədim edilir”.

Ayşən Vəli