Həddindən artıq çörək yeyənlər - DİQQƏT! - QİDA TEXNOLOQU - MÜSAHİBƏ

22 İyun 2021 11:07 (UTC+04:00)

Qida texnoloqu Ağa Salamovun SİA-ya müsahibəsi:

- Bildiyimiz kimi artıq yay mövsümüdür. Hər kəs yayda müxtəlif qidalar istehlak etməklə öz sağlamlığının qayğısına qalmağa çalışır. Ümumiyyətlə yayda necə qidalanmaq lazımdır? Sağlam qidalanma necə olmalıdır? Bu prosedur hansı qaydalarla tətbiq olunmalıdır ki, insanlar bir növ rejimə düşsün?

- Nəzərə alsaq ki, artıq havalar istilənib və riskli məhsulların xarab olması, köhnəlməsi daha da sürətlənib. Yəni biz həmin məhsulları göz bəbəyimiz kimi qorumalıyıq. Əgər, biz özümüzün və övladımızın sağlamlığını düşünürüksə, isti havalarda riskli məhsulları qorumalıyıq. Həmin məhsulları qorumaq üçün elmi araşdırmalara və s. gərək yoxdur. Çox sadə üsulla - soyuducuların temperaturunu düzgün tənzimləməklə biz bəzi riskli məıhsulları qoruya bilərik. Soyuducuda temperatur maksimum müsbət 4 dərəcəyə tənzimlənməlidir. Nəzərə alınmalıdır ki, soyuducunun qapağı açılıb bağlandığına görə, hər dəfə temperatur daha da artır. Ona görə də, soyuducu maksimum müsbət 2 dərəcəyə tənzimlənməlidir ki, oraya bişmiş və yaxud qeyri-bişmiş məhsulları qoyduqda heç olmasa 72 saat həmin məhsul qala bilsin və zəhərlənmə halları baş verməsin. Bundan əlavə, xüsusilə yay aylarında soyuducuya diqqət yetirməlidirlər ki, çiy məhsullar onları yanıltmasın. Uzaq bir səyahətə çıxarkən bəzi insanlar var ki, özləri ilə riskli məhsullardan hazırlanmış qidaları götürürlər. Əsasən biz müşahidə edirik, mayonezdən salat hazırlayırlar və uzaq bir səyahətə çıxarkən həmin mayonezli salatı özləri ilə aparırlar. İstidə, tıxacda saatlarla o mayonez qalır. Daha sonra onu istehlak edirlər. Ona görə də, zəhərlənmə halları baş verir. Yaxşı olardı ki, uzaq bir səfərə çıxanda salat hazırlayarkən riskli məhsullardan deyil, zeytunyağı ilə hazırlanmış salatlara üstünlük versinlər.

- Yay mövsümündəyik deyə insanların əsasən üstünlük verdiyi qidalar meyvə və tərəvəzlərdir. Bəzən elə olur ki, bu meyvə və tərəvəzlərə elə maddələr qatılır ki, insanlarda xərçəng yaradır. Həmin maddələr hansılardır? İnsanlar meyvə və tərəvəz seçərkən hansı kriteriyaları üstün tutmalıdır?

- Biz müşahidə edirik qarpız, yemiş və alça kimi yay meyvələrini vaxtından əvvəl satırlar. Çox təəssüflər olsun ki, biz çox vaxt satıcıların üzərinə düşürük, amma əsas istehlakçılarda da günah az deyil. Nəyə görə, onlar vaxtından əvvəl yetişmiş, kal qidaları alıb istifadə etməlidirlər? Ümumiyyətlə bostan meyvələri iyulun axırları, avqustun əvvələrində, sentyabra qədər sezonu sayılır. Çünki bostan meyvələrinin olğunlaşma müddəti 2 ay yarımdır. Amma biz görürük ki, artıq bazarlarda qarpız, yemiş satılır. Bu kimi meyvə və tərəvəzlərə vaxtından əvvəl yetişməsi üçün nitrat, azot kimi kimyəvi qatqılardan və gübrədən istifadə edirlər. Bu da nitratın çoxalmasına səbəb olur və zəhərlənmə halları tez-tez baş verir. Vaxtından əvvəl meyvə və tərəvəzlərin rəflərdə olması böyük bir fırıldaqdır və biz fırıldaqların oyununa düşməli deyilik.

- Bazarlarda müxtəlif çeşiddə, müxtəlif adlarla qara çörəklərə rast gəlinir. Ümumiyyətlə keyfiyyətli qara çörək necə olmalıdır?

- Qara çörək tam çovdar ununun və tam buğda ununun qarışığından hazırlanır. Tam çovdar unundan hazırlansa, onu yemək çox çətin və ağır olur. Ona görə də, qara çörəyə buğda unu da əlavə edilir. Bu da liflərlə zəngin olduğuna görə, həzm prosesi də yaxşı olur. İstehlakçılar qara çörək alarkən diqqət etməlidirlər ki, aldıqları qara çörək çovdar və buğda ununun qarışığından hazırlanmış olsun. Amma çox vaxt bunu bilmək olmur. Yaxşı, keyfiyyətli qara çörəyi tapmaq çox çətindir.

- İnsanlar çörək yeməlidirlərmi? Bəziləri qeyd edir ki, ümumiyyətlə çörəkdən imtina etmək lazımdır, çörək insanı kökəldir, məhv edir. Belə olan halda insanlar çörək tədarük etməlidirlərmi? Əgər edəcəklərsə, bu say nisbəti nə qədər olmalıdır?

- Oturaq qəbilələrin vaxtında insanlar ət məhsullarını istehlak edirdilər. Daha sonra əkinçiliyə başladılar. Bunun nəticəsində onlar buğda və arpadan çörək hazırlayaraq, onu istehlak etməyə başladılar. Çörək istehlak etmək liflərə görə, vacibdir, karbohidratdır, enerji verir. Amma istehlak etdiyimiz çörək tam buğda unundan hazırlanmış və ya tam çovdar və tam buğda ununun qarışığından hazırlanmış olmalıdır. Yəni təmiz, keyfiyyətli undan hazırlanmış çörəyi istehlak etməliyik. Amma az miqdarda. Çünki çörək obezliyə, kökəlməyə gətirib çıxardır. Əlbəttə insanlar çörək istehlak etməlidirlər, amma rasiona görə. Əgər, bizim boşqabımızda 180-200 qram zülal varsa, onun yanında 60 qram düyü olmalıdır və ya tərəvəz. Əgər, orada karbohidrat varsa, çörəkdən istifadə məsləhətli deyil. Əgər, orada karbohidrat olmasa, yəni düyü, tərəvəz, kartof olmasa, bir dilim çörək istehlak olunmalıdır. Həddindən artıq çox çörək yemək qaraciyərə ziyandır.

- Küçələrdə qanunsuz heyvan kəsiminin şahidi oluruq. Belə ətləri alarkən insanlar nəyə diqqət etməlidirlər? Bu ətləri yeyərkən insan orqanizmindən hansı proseslər baş verir?

- Bu məsələdə əsas yük AQTA-nın üzərinə düşür. AQTA bütün regionlarda fəaliyyətini davam etdirir və nümayiş etdirir. Amma gözümüzün qabağında, şəhərdə aydın nöqtələr ki, var onlar gözə görünmüyüb. Yasamalda kilo ilə ət kəsib, ağacdan asıb satırlar. Bu məsələ ilə bağlı faktlar, sübutlar, şəkillər var. Ət ağaca dəyir, toz-torpaq içindədir. Hava, damcı yolu ilə gələn bakteriyalar və viruslar ətə yapışır. Həmin ət kəsilən yerdən dəqiqədə 100 dənə maşın keçir. Həmin maşınlardan çıxan toz-torpaq, tüstü ətin üstünə hopur. Heç o ətin üstünə heçnə örtmürlər. Bu birmənalı olaraq düzgün deyil. Hər saatda orada mikroorqanizmlər çoxalır ki, bu da insan orqanizmində zəhərlənmələrə yol açır. Bazarlarda ət dükanlarında görürük soyuducu var. Lakin həmin əti kəsib, havada saxlayıblar. Sanki bu bir növ ənənəyə çevrilib. Ətin kəsiləndən sonra soyuducuda saxlanılması nəticəsində həm mikroorqanizmlərin çoxalmasının qarşısı alınır, həm də hava, damcı yolu gələn virus və bakteriyalardan uzaq olur və şüşəli soyuducunun içində normal temperaturda qalır. Bu da istehlakçı üçün birmənalı olaraq faydalıdır.