“Ölkəmizdə övlad tərbiyəsi çox zəifdir. Valideynlərin pedaqoji bilikləri sıfırdır. Onlar uşaq psixologiyası haqqında heç nə bilmədən uşaq dünyaya gətirirlər. Buraxın uşağı tanımağı, valideynlər heç özlərini tanımırlar. 14 yaşlı körpənin 6 nəfər tərəfindən vəhşicəsinə döyülüb öldürülməsi buz dağının görünən hissəsidir. Ölkədə hər gün bundan da betər hadisələr baş verir. Biz bir telefon alanda belə min dəfə araşdırırıq. Alandan sonra içindəki kitabçasından necə işlədiyini öyrənməyə çalışırıq. Ancaq uşaq dünyaya gətirəndə bir dənə də kitab alıb oxumuruq ki, “bu necə canlıdır?”, “bunun duyğuları necə işləyir?”, “bunun həyat mexanizmi nədir?”. Bu sözləri SİA- ya açıqlamadında psixoloq Lalə Cəfərova deyib.
Onun sözlərinə görə, valideynlər öz rahatlığı üçün uşağı başından edib psixoloqa verir ki, al bunu düzəlt: “Heç bir valideyn özündə səhv axtarmır. Elə bil, özü süddən çıxmış ağ qaşıqdır. Deyən lazımdır ki, əgər sən yaxşı valideynsənsə, bu uşaq tərbiyəni kimdən alıb, harada öyrənib?! Onlara deyirəm, gəlin oturaq, danışaq, sizə pedaqoji biliklərdən danışım, kitablar tövsiyyə edim, videolar məsləhət görüm, lazım gəlsə gecə-gündüz açıqlama verim. Ancaq təki bu uşaq insan kimi böyüsün. Lakin, valideynin dediyinə görə, bunlara vaxtı və hövsələsi yoxdur. O zaman niyə dunyaya gətirirsiniz bu uşağı? niyə bədbəxt edirsiniz?”
“Az da olsa, belə olmayan valideynlər də var təbii ki. Onların haqqını yemək olmaz. Siz mənim ən yaralı yerimə dəydiniz. Mən bir uşaqlara, bir təbiətə, bir də heyvanlara qarşı çox həssasam. Çünki onlar müdafiəsiz və günahsızdırlar. Allah indiki uşaqların köməyi olsun”.
Psixoloq sözlərinə belə davam edib: “Bu məsələdə təhsil də heç nə etmir. Təhsil sadəcə valideyni razı salmağa çalışır. Təhsil maarifçilər deyilmi? Onların işi sadəcə təhsil vermək deyil, həm də valideyni maarifləndirmək, valideyn səhv biləndə ona doğrunu göstəməkdir. Mənim anam müəllimədir. Qışda dərslər distant formada keçilirdi. Səhər saat 10:00-da dərs başlayır. Uşaqlardan biri səhər yerindən durub kompyuterin qarşısında otura bilmir deyə, sinif rəhbəri o dərsin vaxtını dəyişdirdi. Bu hansı məntiqə sığır? Bu uşaq məktəbə gedəndə səhər saat 7:00-da durmurdumu? Valideyn uşağına disiplini, iradəni öyrətməlidir. Sinif rəhbəri də bunu bilməyən valideyni başa salmalıdır ki, “belə etməyin, uşağınızın tərbiyəsini korlayırsınız, onun gələcəyini təhlükəyə atırsınız”. Uşaq səhər saat 10:00-da oyanıb dərsə gələ bilmirsə, gələcəkdə nə edəcək? Bu cür görərək, bu şəkildə böyüyən uşaqdan nə gözləyirsiniz?! Problem çox dərindir, çox!”.
“Hamı uşağına yaxşı təhsil vermək, yaxşı geyindirib, yaxşı yerlərdə gəzdirmək, yaxşı yerdə işləyib yaxşı qazansın istəyir. Ancaq tərbiyə bununla bitmir. Bütün bunlar onun hardasa işləməyinə kömək edə bilər, ancaq onun psixoloji sağlamlığına, cəmiyyətdə sağlam düşüncəli bir şəxsiyyət olmağı üçün kifayət deyil. Əgər, kifayət olsaydı bu gün bu xəbərlərin şahidi olmazdıq. Təhsil standart biliklər toplusudur, ancaq insan psixologiyası hər kəsdə fərqlidir. Duyğularımız, düşüncələrimiz, davranışlarımız sadəcə fərdə özəldir. Bunun üçün valideyn uşaq psixologiyasını yaxşı bilməli, övladının duyğularını yaxşı tanımalı, duyğularını yaşamağı, idarə etməyi uşağına öyrətməlidir. Təbii ki, bunun üçün birinci özündə bunu bacarmalıdır. Həyata düzgün məna yükləməyi, doğru düşüncə qəliblərini övladına aşılamalıdır. Sevgini, mərhəməti, vicdanı, əxlaqi dəyərləri, yardımlaşmanı uşağına öyrətməlidir. Bunun üçün isə, uşaq bu sadaladıqlarımı valideyndən görərək böyüməlidir. Valideyn bunları bilmirsə birinci özündən başlamalı, öyrənmək üçün nə lazımdırsa etməlidir”.
“Son olaraq onu da qeyd edim ki, nəhayət təhsilə gəlincə təhsil sadəcə qiymət yazmaq, şagirdlərin keyfiyyət faizini tənzimləyən yer deyil. O, həm də uşağa həyatı, münasibətləri, cəmiyyətdə, küçədə özünü aparmağı öyrədən müəssisədir. Yəni, ən azından mənim uşaqlığımda bu belə olub”.
Ayşən Vəli