Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizələrin təsdiq müddətini 1 gün də uzadıb. Bu barədə SİA-ya açıqlamasında TQDK-nın mətbuat katibi Elnur Nağızadə məlumat verib. O bildirib ki, indiyədək ali və orta ixtisas məktəblərinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün 113349 nəfər abituriyent sənəd verib, lakin onlardan 108841 nəfəri öz ərizələrini təsdiqlədib. Onun sözlərinə görə, komissiya cari tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün internetlə "Elektron ərizə" dolduran 4500-dən artıq abituriyentin öz ərizəsini hələ də Sənəd Qəbulu Komissiyasında təsdiq etdirmədiyini nəzərə alaraq, ərizələrin təsdiqi müddətinin 1 iyun saat 17:00-dək uzadılması barədə qərar qəbul edib.
31 may saat 17:00-dək "Elektron ərizə" dolduran abituriyentlər 1 iyun saat 17:00-dək tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına təqdim edib ərizələrini təsdiq etdirə bilərlər.
Qeyd edək ki, sənəd qəbulu aprelin 20-də başlayıb. Sənəd qəbulu iki mərhələdə aparılıb. Birinci mərhələdə abituriyentlər \"Abituriyentin elektron ərizəsi\" formasını şəxsən doldurub, ikinci mərhələdə tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyalarına təqdim edib və elektron ərizəsini təsdiqlədiblər. Ərizəsi təsdiqlənməyən abituriyentlər qəbul imtahanlarına buraxılmayacaqlar.