"Səs" qəzeti, "Yeni Azərbaycan" qəzeti və \"Səs\" İnformasiya agentliyinin əməkdaşları 28 May - Respublika Gününü Nabranda qeyd ediblər. SİA-nın xəbərinə görə, Respublika gününə həsr olunan gəzintidə jurnalistlər üçün hər cür şərait yaradılıb. Belə ki, onlar üçün ayrılan xüsusi avtobusla media nümayəndələri ilk növbədə Nabranın gəzməli-görməli yerlərində olaraq rayonla yaxından tanışlıq olublar. Daha sonra onlar Nabrandakı \"Sarıbulaq\" istirahət mərkəzinə gələrək burada toplantı keçiriblər. Jurnalistlər Azərbaycanın regionları barəsində daha ətraflı faktlar əldə ediblər. Səfər çərçivəsində həmçinin yemək stolu açılıb, kollektivlər arasında müxtəlif yarışmalar, intelektual oyunlar təşkil olunub.
İstirahət zamanı çıxış edən "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev səfərin əhəmiyyətindən danışıb. O bildirib ki, bu kimi səfərlərin təşkil edilməsinin əsas məqsədi 28 May - Respublika Gününün qeyd edilməsidir. Bundan əlavə hər iki qəzetin və agentliyin əməkdaşları səfər çərçivəsində fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər. Çünki məhz belə tədbirlər zamanı kollektivlər arasında daha yüksək səviyyədə münasibət yaranır, əlaqələr möhkəmlənir. Daha sonra Baş redaktor belə səfərlərin bundan sonra da davam edəcəyini qeyd edib.