"Seçkilər çətin, böhranlı bir vəziyyətdə keçir" ERMƏNİSTAN PREZİDENTİNİN ETİRAFLARI

19 İyun 2021 12:43 (UTC+04:00)

Seçkidə qalib gələcəkləri təqdirdə həyata keçirəcəkləri proqramları və hədəfləri təqdim etmək üçün siyasi qüvvələrin 10 gündən artıq bir fürsəti var idi, təəssüf ki, bu dövrdə dözümsüzlük, təhqir, təhdid təzahürləri də oldu və demokratiya uğrunda mübarizə aparan və ya demokratiyadan danışan siyasi qüvvələr, yaxud liderlər üçün uyğun olmayan hadisələr də oldu. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Armen Sarkisyan erməni xalqına müraciətində deyib.

“Qanuni və mənəvi sərhədləri aşmaq, vəziyyəti daha da gərginləşdirmək cəhdləri, xüsusən nifrət və düşmənçiliyi təhrik etmək qəbuledilməzdir, yolverilməzdir və qəti şəkildə qınağa layiqdir. Seçkilərdə iştirak edən bütün partiyaları və blokları, bütün namizədləri hərəkətlərində və davranışlarında təmkinli və tədbirli olmağa, bir-birinə dözümlülük və hörmət göstərməyə çağırıram. Siyasi məqsədlər üçün əxlaq sərhədlərini pozmaq olmaz.

Hüquq-mühafizə orqanlarından hər hansı bir qanun və hüquq pozuntusunu qətiyyətlə boğmalarını, qərəzsiz olmalarını, maksimum məsuliyyət göstərmələrini və qanuna uyğun hərəkət etmələrini tələb edirəm.
Bu seçkilər çətin, böhranlı bir vəziyyətdə keçirilir və həlledici əhəmiyyətə malikdir. Bu gün bir sükut günüdür, 20 iyun tarixi, bazar günü isə hər kəs öz seçimini etməlidir. Dürüst və sərbəst səs verin, yalnız vicdanınıza hesab verin!”, deyə Armen Sarkisyan öz müraciətində bildirib.

Xatırladaq ki, sabah, 20 iyun tarixində Ermənistanda növbədənkənar seçki günüdür və bu ölkə vətəndaşları baş nazir seçimini etməlidirlər. Diqqətə çatdıraq ki, bu günə qədər seçki kampaniyası çərçivəsində Ermənistanda tərəflər, rəqib siyasi qüvvələr bir-birilərini təkcə tənqid deyil, əksər hallarda təhqir, hətta təhdid də ediblər. Görünür, bu ölkənin prezidenti məhz buna görə də siyasi qüvvələri bu vaxta qədər nümayiş etdirmədikləri etik davranış sərgiləməyə çağırıb. Bəllidir ki, hər kəslə bərabər bu ölkənin prezidenti Armen Sarkisyan da yaxşı bilir ki, namizədlər, siyasi qüvvələr seçki günü də bu zamana qədərki qeyri-etik davranışları ilə yadda qalacaqlar və elə buna görə də o öncədən müraciət edərək davranışlarında qaydalara riayət olunma çağırışı edib. Təbii ki, toqquşmaların da olacağı gözləniləndir və əbəs yerə deyil ki, prezident Armen Sarkisyan hüquq-mühafizə orqanlarına da ayıq-sayıq olmaq tapşırığı, əmri verib.