ABŞ-dan Ukrayna cavabı gəldi

19 İyun 2021 11:42 (UTC+04:00)

ABŞ prezidenti Co Bayden ilə Rusiya prezidenti Vladimir Putin arasında 16 iyun tarixində İsveçrənin Cenevrə şəhərində keçirilən tarixi görüşdən əvvəl, ABŞ-ın gərginliyi azaltmaq üçün Ukraynaya hərbi yardımı dondurduğu iddia edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev iddialarla əlaqədar rəsmi açıqlama verib.

Ağ Ev Ukrayna üçün 100 milyon dollarlıq hərbi yardım paketinin ABŞ prezidenti Co Bayden və Rusiya dövlət başçısı Vladimir Putin arasındakı 16 İyun zirvəsindən əvvəl dayandırıldığı iddialarını rədd edib.

"150 MİLYON DOLLARLIQ YARDIM ETDİK"

Ağ Ev sözçüsü Jen Psaki yazılı açıqlamasında, "Ukraynaya təhlükəsizlik yardımımızı geri çəkdiyimiz fikri absurddur. Yalnız keçən həftə ABŞ-Rusiya zirvəsi yaxınlaşarkən, silahlar da daxil olmaqla 150 milyon dollarlıq təhlükəsizlik yardımı verdik” dedi.

Konqres tərəfindən təsdiqlənmiş Ukraynaya bütün yardımları bu ölkəyə çatdırdıqlarını vurğulayan Psaki, Baydenin NATO-da etdiyi açıqlamada, zirvədən iki gün əvvəl Ukraynaya yardımın davam edəcəyi mesajını verdiyini xatırladı.

Rusiyanın Ukraynaya müdaxiləsi vəziyyətində Ukraynaya əlavə vəsait də verməyə hazır olduqlarını qeyd edən Psaki, "Bayden birbaşa Putinə söylədiyi kimi, Ukraynanın suverenliyi və ərazi bütövlüyü üçün sarsılmaz dəstəyimizi davam etdirəcəyik" dedi.

Xəbərlərdə Ukrayna üçün 100 milyon dollarlıq silah köməyinin hazırlandığı iddia edilsə də, lakin sözügedən paket 16 iyun Biden-Putin zirvəsindən əvvəl donduruldu.

Yardım paketində qısa mənzilli hava hücumundan müdafiə sistemləri, atıcı silahlar və tank əleyhinə silahlar olduğu qeyd edilib.

Ayşən Vəli