"Seçki kampaniyası Ermənistanı iki qütbə böldü" SAMVEL BABAYAN

18 İyun 2021 17:28 (UTC+04:00)

Seçki kampaniyası dövründə Ermənistan cəmiyyəti iki qüvvə ətrafında qütbləşdi. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri qondarma Qarabağ Təhlükəsizlik Şurasının keçmiş katibi Samvel Babayan cümə günü keçirdiyi mətbuat konfransında söyləyib.

Qondarma Qarabağ Təhlükəsizlik Şurasının keçmiş katibi bəyan edib ki, qarşıdan gələn parlament seçkilərində siyasi favorit görmür.

“Hakimiyyət 20 il ərzində mənə qarşı təbliğat apardı, Babayanın bir canavar və adamyeyən olduğu təəssüratını yaratdı. İndi bütün bunları geri qaytarmaq asan deyil", deyən Babayan, hazırda siyasi qüvvələr arasında favoritləri görmədiyini söyləyib.

O, müharibə və məğlubiyyət mövzusuna da toxunub, hərbi departamentin bütün rəhbərliyinin günahkar olduğunu qeyd edib. Onun sözlərinə görə, hakimiyyət hər hansı bir şeydə günahkar olduğu kimi, hərbi sahəyə bu cür şəxsləri təyin etmələrinə görə də günahkardır.

Babayan seçkilərdən sonra Robert Koçaryan, Artur Vanesyan və başqaları ilə əməkdaşlıq etməyə hazır olduğunu qeyd edib. O, bildirib ki, təqdim etdiyi proqram çərçivəsində hətta Nikol Paşinyanla da əməkdaşlıq etməyə hazırdır.