Ermənistan regionda təklənir: Rusiya, Türkiyə və Azərbaycanın maraqları ortaqdır - ANALİZ

18 İyun 2021 15:55 (UTC+04:00)

Yuri Mavaşev: “Həm Rusiya, həm Türkiyə, həm də Azərbaycan yaxşı bilir ki, bu gün ortaya çıxan yeni reallıqda ən yaxşısı üç dövlətin hər birinin mənafeyi naminə yaxın əməkdaşlıqdır”

Son günlərdə Azərbaycan-Ermənistan münasibətlərində, həmçinin Azərbaycan-Türkiyə münasibətlərində maraqlı proseslər müşahidə olundu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, o cümlədən Şuşa şəhərinə səfəri zamanı ölkələr arasında Şuşa Bəyannaməsi imzalandı. Ermənistan öz sərhədlərinin qorunmasında Rusiyadan kömək istədi. Rusiya Şuşa bəyannaməsini dəstəklədiyini bəyan etdi, Ermənistana isə sülh prosesin tənzimlənməsinə üçüncü tərəfləri qarışdırmamağı mələhət gördü.

Qarşıdan vacib bir görüş gəlir

Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, yaxın gələcəkdə Rusiya lideri Vladimir Putinlə əhəmiyyətli bir görüş keçirəcəyini açıqladı. Türkiyə rəhbərinin sözlərinə görə, tərəflər Zəngəzur dəhlizinin inşasını müzakirə etməlidirlər. Ərdoğan bu prosesin ləngiməsi üçün bir səbəbinin olmadığına inanır.

“Moskva Zəngəzur dəhlizinin yaradılmasını təxirə salmaq niyyətində deyil. Əksinə, bir dəstək münasibəti var. Bu yaxınlarda Putinlə ikitərəfli görüşümüz olacaq. Beş illik razılaşma çərçivəsində ortaq addımlar atmaq istəyirik”- Ərdoğan deyib.

Eyni zamanda, Türkiyə Prezidenti daha bir vacib açıqlama verərək Cənubi Qafqazdakı vəziyyəti şərh etdi – bu, bütün mina xəritələrinin Azərbaycana verilməsi məsələsidir. Ərdoğan, Ermənistanın bölgədə qarşılıqlı inamı artırmaq üçün addımlar atmalı olduğunu bildirdi. Ərdoğan qedy edib ki, bu istiqamətdə ilk vacib addım mina xəritələrinin Azərbaycana verilməsi ola bilər.

Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında təklif olunan Qafqazda Altı Tərəfli Platforma yaratmaq təşəbbüsünü şərh edən Ərdoğan, Tiflis və İrəvanın hələ müsbət bir işarə vermədiklərini, Rusiyanın isə belə bir quruluşun yaradılması tərəfdarı olduğunu söylədi.

“Ermənistan və Gürcüstan təşəbbüsə qoşulsa, bölgəyə sabitlik çox sürətlə gələcək. Türkiyəyə səfərim zamanı bu məsələni Gürcüstanın baş nazirinə izah etdim. Ankara bu platformanı regional sülhə doğru bir addım hesab edir”-deyə o bildirib.

Türkiyə prezidenti, eyni zamanda, Azərbaycanla imzalanan Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycanda Türkiyə Silahlı Qüvvələrinin hərbi bazasının yaradılmasından bəhs edilə biləcəyini də istisna etməyib.

"Bu, bəyannamənin müddəalarından kənara çıxmır. Bu məsələnin inkişafı mümkündür. Bu mövzu Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasındakı məsləhətləşmələr zamanı inkişaf etdirilə bilər. Və danışıqlarımız zamanı ayrıca öz qaydasında həyata keçirilə bilər"- Ərdoğan deyib.

Əlavə edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsində Ağdam rayonundakı ortaq Türkiyə-Rusiya monitorinq mərkəzində çalışan türk hərbçiləri ilə də görüş keçirdi. Qeyd edək ki, Rusiya-Türkiyə mərkəzi Qarabağdakı vəziyyəti izləmək üçün bu il yanvarın 30-da açılıb. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi ikigünlük səfəri çərçivəsində Şuşa şəhərini ziyarət etdi və burada Türkiyə ilə Azərbaycan arasında “Müttəfiq münasibətlərinə dair Şuşa Bəyannaməsi”ni imzaladı. Türkiyə prezidenti Azərbaycan Milli Məclisində də çıxış etdi.

Yuri Mavaşev: Şuşa Bəyannaməsi tərəfdaşlara geosiyasi vəziyyətin dəyişdiyinə bir siqnal oldu

Yeni Türkiyənin Öyrənilməsi Mərkəzinin direktoru Yuri Mavaşev deyir ki, Türkiyə Prezidenti Ərdoğanın Qarabağa və Şuşaya səfəri simvolikdir: “Ərdoğan, azad edildikdən sonra Qarabağı ziyarət edən ilk xarici liderdir. Türkiyə ilə Azərbaycan arasında sürətlə möhkəmlənən qardaşlıq və dostluq əlaqələri göz qabağındadır.

Şuşa Bəyannaməsinin imzalanması 2-ci Qarabağ müharibəsindən sonra daha strateji əhəmiyyət daşıyır və sanki bütün qüvvələrə Azərbaycan və Türkiyənin hər zaman bir-birini dəstəkləyəcəyini bəyan edir. Bu, bölgədəki mövcud geosiyasi vəziyyətdə fərqli oyunçulara bir siqnaldır.

Bəyannamədə hərbi əməkdaşlıqla bağlı bir bənd var. Burada bir tərəfdən hər şey son 30 ildə iki ölkə arasındakı münasibətlərin ümumi inkişafına uyğundur. Digər tərəfdən, maraqlıdır ki, tərəflər Türkiyə və Azərbaycanın ərazi və milli təhlükəsizliyinə təhdid olduğu təqdirdə BMT bazası (birgə qətnamələr) əsasında qarşılıqlı dəstək və koordinasiya şərtlərini irəli sürürlər. Ermənistanın müharibə başlayacağı təqdirdə Türkiyənin Azərbaycana (və ya əksinə) kömək edəcəyi güman edilir. Türkiyəyə qarşı təzyiqlər varsa, Azərbaycan da qoşulacaq. Ölkələr eyni zamanda ordularının modernləşdirilməsində, müasir standartlara gətirilməsində bir-birlərinə kömək göstərməyə davam edəcəklər.

Bu gün Türkiyə prezidenti Rusiya prezidenti ilə görüşmək istədiyini açıqladı. Bunun Azərbaycana səfərindən sonra böyük əhəmiyyəti var. Həm Moskva, həm də Ankara bölgədəki vəziyyətin nəbzinə, razılaşmaların tətbiqinin necə irəlilədiyinə dair mövqeyini saxlayır. İndi də Moskva ilə Ankara arasında saatların bu istiqamətdə sinxronizasiyası təbii bir məsələdir.

Həm Rusiya, həm Türkiyə, həm də Azərbaycan yaxşı bilir ki, bu gün ortaya çıxan yeni reallıqda ən yaxşısı üç dövlətin hər birinin mənafeyi naminə yaxın əməkdaşlıqdır. Aydındır ki, çirkli sularda balıq axtarmağa ehtiyac yoxdur və Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin möhkəmlənməsi Moskvaya qarşı yönəlməyib.

Türkiyə NATO üzvü olsa da, müstəqil bir ölkədir. Buna görə Rusiyanın Qərblə qarşıdurmaları fonunda- Türkiyənin Rusiya ilə əməkdaşlığı Moskva üçün əlavə üstünlükdür. Həm Moskva, həm də Ankara hər şeyi mükəmməl başa düşür. Burada konstruktiv qarşılıqlı fəaliyyət hər kəsə fayda gətirəcək".

Sərhəddə çətin vəziyyət

Dünən səhər Rusiya və Ermənistanın müdafiə idarələrinin rəhbərləri Sergey Şoyqu və Vaqarşak Harutyunyan arasında telefon danışığı olub və danışıqlar zamanı Azərbaycanla Ermənistan arasındakı sərhəddə gərginliyin azalmasına baxmayaraq, çətin vəziyyətin həlli yolları müzakirə edilib. Arutyunyan qeyd edib ki, erməni tərəfinin mövqeyi dəyişməzdir və İrəvan tərəfdaş dövlətlərin strukturlarının məsələni sülh yolu ilə həll etmək çağırışlarına hörmətlə yanaşır.

Tərəflər, həmçinin Rusiya sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədinin Sünik və Qeqarkunik bölgələrindəki hissələrinə yerləşdirilməsi məsələsini müzakirə ediblər. Ermənistanın Baş Naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan Rusiya tərəfinin nümayəndələrinin Ermənistan-Azərbaycan sərhədindəki yerləşə biləcəkləri əraziləri artıq araşdırdıqlarını bildirdi. Paşinyan sərhəd probleminin sülh yolu ilə həll olunacağına əmindir. Eyni zamanda, yenə də "Azərbaycan öz qoşunlarını Ermənistan ərazisindən çıxarmalıdır"- deyə israr edir.

Bu vaxt Azərbaycan hərbçiləri, Ermənistanla sərhədin müəyyənləşdirilməsi prosesi çərçivəsində daha çox mühəndis istehkamları tikməyə davam edirlər. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə "İrəvan sülh istəyirsə, dövlət sərhədinin delimitasiyası ilə bağlı Bakı ilə danışıqlara başlamalıdır"- deyib.

Gərginliyi azaltmaq mümkün oldu

Rusiya bildirir ki, son həftələrdə Ermənistanla Azərbaycan arasındakı sərhəddəki gərginliyi azaltmağa nail olub. Bunu cümə axşamı brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söylədi.

"Son həftələrdə gərginliyi ümumiyyətlə, azaltmaq mümkün oldu. Sərhəd mübahisəsinin tənzimlənməsi ilə bağlı müvafiq məsləhətləşmələr davam edəcək" – o dedi.

Zaxarova, Rusiyanın vəziyyəti gərginləşdirməməyə yönəlmiş aktiv vasitəçilik səylərini göstərməyə davam etdiyini qeyd etdi. "Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və sərhəd xidmətləri vasitəsilə Bakı və İrəvanla sıx koordinasiya yaradıldı", - deyə diplomat əlavə edib.

"Problemin davamlı və uzunmüddətli həlli olaraq, iki ölkə arasındakı sərhədin delimitasiyası ilə əlaqədar sonrakı demarkasiya ilə bağlı işlərin ən erkən başlanğıcını görürük. Bu prosesə ən aktiv şəkildə yardım göstərməyə hazır olduğumuzu təsdiqləyirik"- Zaxarova bildirib.

Zaxarova, həmçinin bir gün əvvəl Şuşa şəhərində Türkiyə və Azərbaycan başçıları tərəfindən imzalanan ölkələr arasındakı müttəfiq münasibətlərinə dair Şuşa bəyannaməsi ilə bağlı Moskvanın rəsmi mövqeyini dilə gətirdi.

“Azərbaycan və ya Ermənistanın ikitərəfli münasibətlərini, Dağlıq Qarabağ ilə bağlı məsələni üçüncü tərəflərlə qarışdırmağı düzgün hesab etmirik. Son zamanlarda Azərbaycanla Türkiyə arasında yüksək səviyyəli təmasları bu əsasda qiymətləndiririk. Hərbi əlaqələr də daxil olmaqla bölgədəki ikitərəfli münasibətlərin digər dövlətlərə qarşı qurulmamalı olduğuna inanırıq. İrəvan-Ankara dialoqu da daxil olmaqla, Bakı ilə İrəvan arasındakı dialoqun normallaşdırılmasına yönəlmiş bütün addımları dəstəkləyirik. "Cənubi Qafqazdakı əməkdaşlıq mehriban qonşuluq prinsipləri və əlbəttə ki, bölgədəki bütün ölkələrin maraqları nəzərə alınaraq inkişaf etməlidir"- Rusiya XİN nümayəndəsi bildirib.

Göründüyü kimi, Azərbaycanın, Türkiyənin, Rusiyanın regionda gedən proseslərdə və perspektiv əməkdaşlıq planları barədə 3 ölkənin- maraqları üst-üstə düşür. Ermənistan isə təklənir və getdikcə daha ümidsiz vəziyyətə düşür. Bu halda İrəvanın yeganə yolu qalır- sülh planına tabe olmaq, təklif olunan əməkdaşlıq formatlarında iştirak etmək. Əks halda, həm siyasi, həm iqtisadi, həm sosial fəlakət qaçılmazdır.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb