Aristokratiya nə deməkdir? - KÖŞƏ YAZISI

17 İyun 2021 15:27 (UTC+04:00)

Yunanca aristos - yaxşı, alicənab, kratos isə hakimiyyət deməkdir. Platon və Aristotel kimi filosofların yaratdığı bu idarəçilik üsuluna görə, dövləti cəmiyyətin yuxarı təbəqəsinə aid zümrələr idarə edirdi. Belə bir quruluş feodalizm ilə bərabər tutula bilər. Antik dövrdə, Qədim Romada, Spartada, Afinada bu cür idarəçilik üsuluna rast gəlinirdi. Savadsız və kasıb olduğu üçün təhsildən uzaq qalan şəxslər dövlət idarəçiliyində heç bir rol oynamırdılar. Belə ki, həmin dövrdə təhsil almaq yüksək məbləğlər tələb edirdi.

Bu ideologiyanın müasir konsepsiyası kimi elitist nəzəriyyəni də göstərmək olar. Belə ki, bu düşüncəyə görə də dövlətin imtiyazlarını bir qrup şəxs öz əlində cəmləşdirməlidir.

Elitizm - elitanı yaradan şəxslərin, daxili keyfiyyət, yüksək intellekt, sərvət, xüsusi bacarıq və ya təcrübəyə malik insanların seçilmiş bir qrup olaraq bütövlükdə cəmiyyət üçün daha konstruktiv olma ehtimalına görə başqalarından daha böyük səlahiyyətə layiq olduğuna inamı və tələbidir. Elitizm əleyhdarları anti-elitizm, eqitalitarizm, populizm və plüralizmin siyasi nəzəriyyələrini təşkil edir.

Elitist nəzəriyyə cəmiyyətdə elit təsirin sosioloji və ya siyasi, elmi təhlilidir: elit nəzəriyyəçilər plüralizmi utopik bir ideal hesab edirlər. Elitizm sosial təbəqə və sosioloqların sosial təbəqələşmə adlandırdıqları proseslə sıx bağlıdır.

Elitizm termini bəzən yüksək qabiliyyətlərə sahib olduqlarını iddia edən bir qrup kadrların başqalarının hesabına özlərinə əlavə imtiyazlar aldıqları şəraiti ifadə etmək üçün də istifadə olunur. Elitizmin bu forması ayrı-seçkilik kimi də təsvir edilə bilər.

Elit sözü üçün sinonimlər "yuxarı sinif" və ya "aristokrat" ola bilər ki, bu da sözügedən şəxsin cəmiyyətin istehsal vasitələrinə nisbətən böyük dərəcədə nəzarət etdiyini göstərir. Buraya şəxsi nəaliyyət ilə deyil, sosial-iqtisadi vasitə ilə bu vəzifəni qazananlar da daxildir. Lakin, elitizmi bir siyasi nəzəriyyə kimi müzakirə edərkən bu deyimlər yanlışdır, çünki onlar tez-tez mənfi xarakterli siniflərin birləşmələri ilə əlaqələndirilir və fəlsəfənin daha qərəzsiz bir araşdırmasını təşkil edə bilmirlər.

Aristokratiya sözü aristokratik sözü ilə qarışdırıla bilər.

Aristokratik sözü daha çox mədəniyyət, sivilizasiya sözləri ilə birgə işlədilir. Aristoktokratik mədəniyyətə görə kültür yalnızca elit təbəqənin sayəsində yaranır, yayılır və inkişaf edir. Aristokratik mədəniyyətə inananlar düşünür ki, aşağı zümrələrin bu prosesdə heç bir rolu yoxdur, onlar ancaq mədəniyyəti bayağılaşdırır və s. aristokratik mədəniyyətə inanlara görə, mədəniyyət yanlızca elit sinif üçündür.

Olqarxiya isə demək olar ki, aristokratiyanın təhrif olunmuş formasıdır.

Oliqarxiya dedikdə, kiçik bir qrup varlı adamın siyasi və iqtisadi həyatda hökmranlığı başa düşülür. Aristotelə görə o, aristokratik idarəetmənin təhrif olunmuş formasıdır. Yeni dövrdə "oliqarxiya" anlayışı R.Mixels tərəfindən yenidən dirçəldilmişdir. Müasir oliqarxik rejimə hegemon komprador burjuaziya aiddir (Kamerun). Onun xüsusi forması olan maliyyə oliqarxiyası əsasən kapitalizmdə mövcud olur. O sənaye və bank sahibkarları qrupunun ölkənin iqtisadi və siyasi həyatında hökmranlığını təmin edir.