“Şuşa bəyannaməsi ilə hər iki dövlət münasibətlərinin qızıl dövrünə qədəm qoydu” - MƏQALƏ

16 İyun 2021 23:14 (UTC+04:00)

İnsan və cəmiyyət münasibətlərində elə məqamlar vardır ki, onu heç bir başqa məfhumla müqayisə etmək olmaz. Azərbaycan və Türkiyə münasibətləri bütün məfhumların üzərində olan qardaşlıq meyarlarına əsaslanan əlaqələr məcmusudur. Deyərlər ki, qardaş qardaşın ən çətin günündə onun yanında olmalıdır. Türkiyə Azərbaycanın, Azərbaycan isə Türkiyənin yanında olmağı bir əsrdən artıqdır ki, bacarmışlar. 31 mart 1918-ci ildə xalqımıza qarşı soyqırım hadisəsi törədiləndə, Sovetlər birliyi Zəngəzuru, Göyçəni aldığı kimi Naxçıvanı da bizim əlimizdən almaq istəyəndə, daxili və xarici düşmənlər Ulu Öndər Heydər Əliyevlə birgə qədim Naxçıvanı blokadaya salanda Türkiyə bizim yanımızda idi. Türkiyə müstəqilliyimizi tanıyan ilk ölkədir, Türkiyə ordumuzu yoxdan var edən, bizə intizamlı ordu yaratmağı öyrədən ölkədir. Türkiyənin varlığı bizim üçün hər zaman güvən hissi yaratmışdır. İkinci Qarabağ müharibəsində savaşın ilk saatlarından Türkiyənin mərd və qorxmaz mövqeyi, siyasi və mənəvi dəstəyi bizə düşmən olan bütün qüvvələrin niyyətlərini ürəklərində qoydu. Dünyanın ən güclü və müasir ordularından birinə sahib olan Türkiyə ilə qarşı-qarşıya gəlmək istəməyən hətta dünyanın ən güclü dövlətləri ancaq siyasi əhəmiyyəti olmayan bəyanatlar verməklə kifayətləndilər.

NATO liderlərinin zirvəsindən dərhal sonra Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, Qarabağa, Şuşaya səfərə gəlməsi Qarabağda əldə etdiyimiz tarixi zəfərə dünyanın verdiyi qiymətdir. Türkiyə Prezidentinin NATO-nun zirvə toplantısında mina xəritələrinin verilməsi haqqında etdiyi çıxış da Türkiyə-Azərbaycan qardaşlığının Vətən müharibəsindən sonra da davam edəcəyinə bariz sübutdur. Qarabağ müharibəsində əldə etdiyimiz qələbə ölkəmizlə yanaşı Türkiyənin də beynəlxalq nüfuzuna müsbət təsir etmişdir. Türkiyə regionda əsas dövlətlərdən biri kimi ciddi mənada müsbət dividentlər əldə etmişdir. ABŞ prezidentinin Co Baydenin və NATO-nun hökumət və dövlət başçılarının cənab Ərdoğana qarşı dəyişən müsbət münasibətində əlbəttə, Qarabağda əldə olunmuş hərbi zəfərə verilmiş siyasi dəstəyin izləri hiss olunurdu. Azərbaycan bütün tərəfləri öz ədalətli mövqeyinə inandırarkən Türkiyənin bu haqlı savaşda öz qardaşını dəstəkləməsi dünya dövlətlərinin nəzərində Türkiyəni də böyük nüfuz sahibi etmişdir. Türkiyə ordusu Ağdamda təşkil olunan sülhə nəzarət edən monitorinq mərkəzinin üzvü kimi İkinci Dünya Müharibəsindən sonra ilk dəfə Qafqaza daxil olan NATO ölkəsi kimi qərb üçün böyük tarixi əhəmiyyətə malik uğur əldə etmişdir. Eyni zamanda da Rusiya Federasiyası ilə ortaq əməkdaşlıq sahəsində əldə etdiyi irəliləyiş sayəsində Türkiyə ümumən qərbin Qafqaz regionunda itirmək istəmədiyi bir müttəfiqdir. Cənab Ərdoğan Vətən Müharibəsinə verdiyi siyasi və mənəvi dəstəyin sayəsində qazandığı beynəlxalq nüfuzla birgə Şuşaya səfər etmişdir.

Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri tarixi əhəmiyyətə malikdir. Ən birincisi ona görə ki, Şuşanın türk mədəniyyətinin paytaxtı olması fikri öz təsdiqini tapır. Daha sonra Şuşanın tarixi Azərbaycan şəhəri olması tezisi, orada yüksək çinli xarici dövlət başçılarının və nümayəndələrinin qəbulu ilə sübuta yetirilir. Unutmaq lazım deyil ki, bir neçə gün sonra Ermənistanda seçkilər keçiriləcəkdir. Hakimiyyətə kim gəlirsə, gəlsin onlar bilməlidirlər ki, Qarabağ Azərbaycandır! Şuşaya edilmiş səfərlərin, Qarabağda aparılan quruculuq işlərinin Xankəndində də yaşayan təxminən 30 min erməni vətəndaşımız tərəfindən diqqətlə izləndiyinə əminəm. Niyə də izləməsinlər axı?! Onlar da bizim vətəndaşlarımızdır və ümid edirəm ki, ən qısa zamanda işıqsız, susuz, qazsız bərbad Xankəndində Rusiya hərbiçilərinin ümidinə qalmaqdansa, İrəvanın özünü idarə edə bilmədiyi bir zamanda onlara bir əlac ola bilməyəcəyini anlayacaqlar. Cənab Ərdoğanın tarixi Şuşa səfəri qəlbində revanşist hisslər bəsləyən bir-iki Qarabağ ermənisinin də mənasız arzularının üstündən birdəfəlik qara xətt çəkmiş oldu.

Prezident İlham Əliyev Şuşada mətbuat konfransı zamanı bir çox mətləblərə aydınlıq gətirmişdir. Bunlardan biri də Türkiyə mətbuatının Vətən Müharibəsi ərəfəsində əvəzsiz fəaliyyəti idi. Canları və öz sağlamlıqları bahasına həqiqətləri dünya mediasına çatdıran Türkiyə mətbuat orqanları ədaləti və haqqı müdafiə etdikləri üçün Azərbaycan xalqının qəlbində böyük sevgiyə sahibdirlər. Bu da bir daha sübut edir ki, bizim sıx münasibətlərimiz yalnız siyasi və dövlət səviyyəsində deyil, eyni zamanda ictimai həyatın bütün sferalarında var və hər zaman da olacaqdır.

Şuşada 11 səhifədən ibarət “Müttəfiqlik haqqında Şuşa bəyannaməsinin” imzalanması “Bir millət iki dövlət” mənəvi birliyinin tarixdə ilk dəfə hüquqi zəmində möhkəmləndirilməsi oldu. Tarixi əsaslarla dəstəklənən iki dövlətin münasibətləri bütün sahələrdə özünün qızıl dövrünə qədəm qoymuş oldu. Təhsildən səhiyyəyə, elmdən kənd təsərrüfatına, tikintidən müdafiə sənayesinə qədər hər bir mətləbə toxunulan, onun inkişafını təmin edən “Müttəfiqlik haqqında Şuşa bəyannaməsi” tarixdə analoqu olmayan iki dövlət arasında imzalanmış sənəd hesab oluna bilər. Azərbaycan və Türkiyənin münasibətlərinə dərindən nəzər yetirdikdə bu iki dövlətin münasibətlərinin tarixdə və siyasət səhnəsində ikinci bir analoqu olmadığını asanlıqla görə bilərik. “Müttəfiqlik haqqında Şuşa bəyannaməsi” bir daha iki dövlətin nəinki milli maraqlarının, hətta dövlət maraqlarının da üst-üstə düşdüyünü göstərmiş oldu. Azərbaycan və Türkiyə hər zaman olduğu kimi bu dəfə də bəyannamənin ilk bəndlərindən etibarən beynəlxalq hüququn normalarına sadiq qaldıqlarını nümayiş etdirdilər.

İki dövlət arasında imzalanan və münasibətlərinin yeni müstəvisini təşkil edəcək sənəd eyni zamanda da Qars müqaviləsinin tarixi davamı hesab oluna bilər. Düz yüz il bundan əvvəl Naxçıvanın SSRİ tərəfindən Ermənistana ilhaq edilməsinin qarşısını alan Türkiyənin imza atdığı Qars müqaviləsinin davamı hesab olunan Şuşa bəyannaməsi özlüyündə həm Qarabağın təhlükəsizliyini, həm də regionda sülh və əmin-amanlığı təmin edəcəkdir. Şuşa bəyannaməsi ilə Cənubi Qafqazda yeni münaqişə ocaqlarının birdəfəlik aradan qaldırılması hesablanmaqdadır. Türkiyə Respublikasının Baş Konsulluğunun ən qısa zamanda Şuşada açılması həm Türkiyənin regionda fiziki varlığını gücləndirəcək, həm də diplomatik və hüquqi təsir vasitələrini artıracaqdır.

Qarabağda əldə olunan qələbə dünya hərb tarixinin səhifələrinə qızıl hərflərlə yazılacaqdır. Lakin bizim bu zəfərlə bağlı məkirli siyasətimiz yoxdur. Cənab Ərdoğanın da dediyi kimi bu, qanın yox, qəlbin zəfəridir. Prezident İlham Əliyev yaranmış yeni reallıqlar fövqündə Ermənistanın özünü həbs etdiyi dalandan çıxardaraq inkişafa meyil etməli olduğunu dəfələrlə vurğulamışdır. Cənab Ərdoğan Şuşa səfəri və Milli Məclisdə çıxışı zamanı bir daha altılı formatda əməkdaşlıq modelindən bəhs etmişdir. Heç kimə sirr deyil ki, bu əməkdaşlıq modeli həm Rusiya Federasiyası Prezidenti Vladimir Putin, həm də İran İslam Respublikasının rəhbərliyi tərəfindən də dəstəklənir. Bizim regionumuzda sülhün və əməkdaşlığın inkişafı naminə bütün liderlər üzərlərinə düşən fədakarlıqları etməyə hazırdırlar. Yetər ki, Ermənistan öz xam xəyallarından əl çəksin, yetər ki, otuz ilə yaxın apardıqları mənasız, məntiqsiz və heç bir siyasi dayağı olmayan talançılıqdan uzaq dursunlar. Tam məsuliyyətimlə deyə bilərəm ki, Zəngəzur dəhlizinin açılması sayəsində Türkiyə və Azərbaycanla yaranacaq münasibətlər regionda yerləşən digər dövlətlərdən daha çox Ermənistana lazımdır.

Şuşa dünya mədəniyyət tarixində iz qoymuş bir şəhərdir. Cənab Ərdoğanın da Milli Məclisdə ifadə etdiyi kimi Şuşa yalnız ölkəmizin deyil, bütün Türk dünyasının mədəniyyət paytaxtı olmağa layiqdir və olacaqdır da. İndi Cıdır düzündə Qarabağ atları var-gəl edir, Şuşanın hər məscidindən Azan səsi gəlir, Şuşada hər məclisdə muğam oxunur. Budur dövlətimizin və dövlət başçımızın öz xalqına verdiyi əvəzsiz töhfə!

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri