"Avro-2020"yə YAP gənclərinin baxışı - SORĞU

16 İyun 2021 18:21 (UTC+04:00)

Bildiyimiz kimi koronavirus pandemiyası ilə əlaqədar ötən il təxirə salınan "Avro-2020" oyunları 11 iyuladək davam edəcək. "Avro-2020" oyunları ilə bağlı SİA Yeni Azərbaycan Partiyası gənclərinin fikirlərini öyrənib.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov: "Ölkəmizin beynəlxalq səviyyəli yarışlara ev sahibliyi etməsi artıq böyük bir ənənə halını alıb. Son illər ölkəmizdə keçirilən idman yarışlarına diqqət etsək bunun şahidi ola bilərik. Azərbaycanın hərtərəfli və inkişaf etmiş idman strukturuna malik olması, onun idman yarışlarının keçirilməsi üçün ən əlverişli məkana çevirir. Əslində bu yarışların keçirilməsində əsas məqsəd ölkəmizin beynəlxalq səviyyədə tanınması və turistlərin ölkəmizə cəlb olunmasıdır. “Avro 2020” futbol yarışlarına ev sahibliyi etməyimiz bizi çox sevindirir. Dünyanın müxtəlif yerlərindən böyük azarkeş kütləsinin diqqəti ölkəmizin paytaxtı Bakı şəhərində olacaq. Beləliklə, bu idman bayramı Azərbaycanın tanıdılmasında mühüm rol oynayacaq. Baxmayaraq ki, ötən dövr ərzində dünyada COVİD-19 pandemiyası yayıldı və ölkəmizdə bu virusdan yan keçmədi, eyni zamanda Azərbayca torpaqlarının 30 illik işğalına son qoyan 44 günlük Vətən müharibəsi oldu, ölkəmiz bütün sınaqlardan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında, həyata keçirdiyi müdrik siyasət nəticəsində qalib çıxdı. Vətən müharibəsindən qısa müddət keçməsinə baxmayaraq Azərbaycanda artıq sayca 2-ci beynəlxalq səviyyəli idman yarışı keçirilir. Bu da Azərbaycanın gücünün və idman yarışlarını izləmək üçün ölkəmizə gələn çoxsaylı tursitlərin ölkəmizə olan inamının təzahürüdür. Azərbaycanda idman sahəsi bundan sonra da dövlətin dəstəyi ilə əhatələnəcək və ölkəmiz növbəti idman yarışlarına da yüksək səviyyədə ev sahibliyi edəcəkdir".

YAP Gənclər Birliyinin sədr müavini Sevinc Qasımova: "Avro 2020-nin yenicə müharibədən qalib ayrılmış Azərbaycan üçün çoxsaylı faydaları və əhəmiyyəti var. Belə ki, bir neçə il öncə başlamış və bu gün də davam edən tendensiya – beynəlxalq yarışlara Azərbaycanın ev sahibliyi etməsi ilk növbədə ölkədə idmana olan qayğının göstəricisidir. Azərbaycan gəncliyinin sağlam böyüdülməsi və onlar arasında idman təbliğatının aparılmasının nəticəsidir ki, bu gün idmançılarımız bir çox növ üzrə dünya səviyyəsində tanınır. Bundan əlavə hər il Azərbaycana çox sayda jurnalist, turist, idmançı, azarkeşlər gəlir ki, bu da öz növbəsində günü gündən müasirləşən və gözəlləşən şəhərimizi dünyaya tanıdır. Heç şübhəsiz ki, bu il keçirilən yarışlarda artıq Qarabağın işğaldan azad olunması, yaxın bir neçə ildə orada da beynəlxalq yarış və festivalların keçirilməsi ilə bağlı mesajlar verilir. Beynəlxalq yarışlara ev sahibliyi etmək ölkənin hər bir fərdini həmin ölkənin ‘’səfir’’inə çevirir. Taksi sürücüsündən tutmuş hotel sahibinə qədər, təmizlik işçisindən tutmuş yüksək rütbəli məmuruna qədər hər kəs eyni miqdarda məsuliyyət daşıyır ki, ölkəni ən yüksək səviyyədə təmsil edək. Bugün bizim ən adi davranışımız belə ölkə haqqında fikirlərin formalaşmasında müstəsna rol oynayır. Biz gənclik olaraq öz üzərimizə düşən məsuliyyəti layiqincə və vicdanla yerinə yetiririk".

YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev: " "Avro-2020" futbol yarışlarının Azərbaycanda keçirilməsi, uzun illər ölkəmizdə aparılan idman siyasətinin növbəti uğurlu təzahürüdür. Prezident İlham Əliyevin rəhbərliy altında son 17 ildə Azərbaycanda idmana xüsusi diqqət və qayğı göstərilmişdir. Beləki ölkədə idman sahəsinin inkişafı üçün bütün maddi-texniki baza və infrastruktur formalaşdırılmışdır. Bu baxımdan Azərbaycanda müxtəlif idman kompleksləri tikilmişdir ki, onlarda beynəlxalq idman yarışları zamanı istənilən idman növü üzrə yarışların keçirilməsinə böyük imkan yaradır. Son illər Azərbaycan bır sıra mötəbər idman yarışlarının - 2015 Avropa Oyunları, 2017 İslam Həmrəyliyi Oyunları, Formula 1 - keçirildiyi bir məkana çevirilmişdir. Post-pandemiya dövründə ölkəmizin turizm sektorunun canlanması və 44 günlük Vətən Müharibəsində işğaldan azad olunmuş torpaqlarımızın “turizm cənnəti”nə çevirilməsi istiqamətində “Avro-2020”in Bakıda keçirilən oyunları xüsusi rol oyanayacaqdır. Geniş azarkeş kütləsinə malik bu böyük idman tədbiri ölkəmizi xaricdə tanıtmaqla bərabər, gələn turistlərin sayına da ciddi şəkildə təsir edib. Azərbaycanın müharibədən qısa müddət sonra dünya əhəmiyyətli yarışa ev sahibliyi edə bilməsi ölkəmizin gücünü, qüdrətini, çevik toparlanma qabiliyyətini göstərir".