“Bu, Prezidentin İƏT üzvü dövlətlərinə açıq mesajıdır” SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ

16 İyun 2021 17:23 (UTC+04:00)

“Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısında videoformatda çıxışı zamanı sözügedən təşkilatın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı nümayiş etdirdiyi mövqeyə diqqət çəkdi, İƏT tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən, ölkəmizin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən 80-dən artıq qətnamə qəbul edildiyini vurğuladı.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, siyasi şərhçi Elçin Mirzəbəyli söyləyib.

Siyasi şərhçinin sözlərinə görə, sübhəsiz ki, bu, İKT üzvü olan ölkələrin əhəmiyyətli hissəsinin ölkəmizə münasibətdə ədalət prinsiplərindən çıxış etdiklərini, Azərbaycana, onun islam dünyasındakı mövqeyinə olan yüksək münasibəti əks etdirir.

“Cənab Prezident eyni zamanda Ermənistanın İslam ölkələri ilə münasibətlərini gücləndirmək cəhdlərini müşahidə edildiyuni vurğuladı və qeyd etdi ki, “Məscidlərdən donuz və inək tövləsi kimi istifadə etmiş və bununla da bütün İslam ümmətinin hisslərini təhqir edən ölkə müsəlman dövlətlərinin və müsəlmanların dostu ola bilməz”. Düşünürəm ki, bu, Azərbaycan Prezidentinin İƏT üzvü olan dövlətlərə ünvanlanmış açıq mesajıdır və üzv dövlətlər ən azı elan etdikləri prinsiplərə görə, Ermənistanla münasibət qurmaqdan çəkinməli, müsəlmanların müqəddəs abidələrinə münasibətdə misli görünməyən vandalizm aktlarına “imza atan” bir ölkə ilə əlaqələrinə son verməlidirlər. Necə ki, belə bir güzəştsiz yanaşmanı qardaş Türkiyə, Pakistan və Əfqanıstan uzun illərdən bəri nümayiş etdirirlər və işğalçılıq siyasəti yürüdən, İslam abidələrini aşağılayan Ermənistanla adı çəkilən ölkələrin diplomatik əlaqələri də yoxdur”, deyə Elçin Mirzəbəyli bildirib.