Bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq - Ərdoğan

16 İyun 2021 15:50 (UTC+04:00)

Qarabağı azad edən Azərbaycanın Milli Məclisində olmaqdan şadam. Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq.

SİA-nın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin xüsusi iclasında çıxışı zamanı deyib.

R.Ərdoğan bildirib ki, Qarabağın işğaldan azad edilməsi Azərbaycanın müstəqilliyinin 30 ilinin ən önəmli hadisəsidir.

Türkiyə Prezidenti qeyd edib ki, azərbaycanlı qardaşlarım 30 il öz doğma yurdlarından məcburi köçkün oldular: “30 il sonra bu torpaqlar öz sahiblərinə qovuşdu. Bu zəfəri və barışı Azərbaycan xalqına qazandıran, Prezident, qardaşım İlham Əliyevə bir daha təşəkkür edirəm. Azərbaycan xalqını bu qələbə münasibətilə təbrik edirəm. Türkiyə həm dövlət, həm də millət olaraq qardaş Azərbaycanın yanında yer alıb. Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdisə, biz də bu gün və gələcəkdə bərabər olacağıq. Azərbaycanın sevinci sevincimiz, azadlığı azadlığımız, kədəri kədərimizdir”.