Cıdır düzündə daha bir bayram ab-havası yaşandı TƏHLİL

16 İyun 2021 15:56 (UTC+04:00)

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yeni bir dövrünü yaşayır. Azərbaycan Prezidenti İlham Əliyevin "Şuşa şəhərində istilik təchizatı sisteminin layihələndirilməsi, tikintisi və quraşdırılması ilə bağlı tədbirlər haqqında", "Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında", "Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında" sərəncamları artıq Şuşada yeni həyatın başlanmasından xəbər verir. Artıq bütün dünyaya mesaj oldu ki, qədim Şuşa torpağı əzəli sakinlərinə qucaq açıb. Yazın qaynar, çağlayan zamanında Şuşa "Xarıbülbül" musiqi festivalına ev sahibliyi etdi. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada, Cıdır düzündə təşkil olunan "Xarıbülbül" musiqi festivalı bir daha dünyaya bəyan etdi ki, Azərbaycan xalqı tarixi torpaqlarına qayıdıb. 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər ata-baba yurdundan didərgin düşmüş insanların 30 ilə yaxın həsrətinə son qoydu. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində Şuşanın azad olunduğunu bildirdi: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"

Şuşa şəhəri yenidən ənənələrini bərpa edərək yeni dövrünə yol açdı. İndi bura gələn hər kəs Şuşanın mədəniyyəti, tarixi ilə tanış olacaq. Şuşanın rəmzi hesab olunan Xarı bülbül gülünün ecazkarlığı hər kəsi valeh edəcəkdir. Tarix boyu Qarabağa qonaq gələnlər hər zaman Xarıbülbülü seyrə çıxıb. Qarabağda bu gülün şəninə konsertlər verilib, festivalar təşkil edilib. Elə "Xarıbülbül" festivalı kimi. Artıq bu festival hər ilə keçiriləcək.Bu gün işğaldan azad olunan Şuşada Azərbaycan bayrağı ucalır və orada böyük abadlıq, quruculuq işlərinə start verilib. Şuşaya bizə dost olan insanların gəlişi yeni bir ab-hava gətirib. İyunun 15-də Milli Qurtuluş Günündə Azərbaycana dost və qardaş dövlət olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğanın Şuşaya gəlməsi əsl toy-büsata çevrildi. Qardaş dövlətin müharibənin ilk günündən sonuna qədər Azərbaycan yanında olması bir daha bu münasibələri təsdiqləmiş oldu. Bu gün də yanımızdadır. Xoş və çətin anları birgə yaşayırıq. Həmin gün Şuşa yeni bir bayram yaşadı, təkrarsız bir gün. Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə təqdim olunan "Musiqi irsi və Qarabağ atları Cıdır düzündə" adlı musiqili kompozisiya yeni bir rəng əlavə etmiş oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci Xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan musiqili kompozisiyaya tamaşa ediblər. Musiqili kompozisiyada Azərbaycan Atçılıq Federasiyasının təqdim etdiyi Qarabağ atlarının möhtəşəm çıxışının müşayiəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının, Azərbaycan Dövlət Rəqs ansamblının, "Mirvari" rəqs ansamblının və Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin rəqsləri, "Natiq" ritm qrupunun ifaları Azərbaycan xalqının ruhunun, nəfəsinin təqdimi idi. Proqramda Azərbaycanın və Türkiyənin xalq və bəstəkar mahnılarının səslənməsi bütün dünyaya qardaş olan dövlətlərin həmrəyliyini, dostluğunu bir daha çatdırmış oldu.

Tədbir zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ən qədim at cinslərindən olan "Zəfər" adlı Qarabağ atı və "Xarıbülbül" kompozisiyası hədiyyə edilib. "Xarıbülbül" kompozisiyasında Qarabağın rəmzi sayılan iki xarıbülbül gülü birləşərək Azərbaycan ilə Türkiyə arasındakı əbədi dostluq və qardaşlıq münasibətlərini təcəssüm etdirir. Vurğulamaq yerinə düşər ki, Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir. Ən yaxşı atlar Şuşa, Ağdam və bu rayonlara yaxın ərazilərdə yayılmışdır. Bu cinsdən olan atlar Şimali Qafqaza, Dona və Rusiyanın cənubunda yerləşən bir çox at zavodlarına da aparılmışdır. Hazırda "Ərəb", "Don", "Budyonnı" kimi məşhur at cinsləri arasında Qarabağ atları da xüsusi yer tutur. Qarabağ atı yüksək qaçış sürəti ilə seçilir.

Şuşada təşkil olunan tədbirin qonaqlarına, həmçinin Heydər Əliyev Fondunun "Qarabağın mədəni irsi" adlı nəşrlər toplusu hədiyyə olunub. Topluya ədəbiyyat, musiqi, memarlıq sahələrini, xalq sənətkarlığını və xalçaçılıq sənətini əks etdirən ayrı-ayrı nəşrlər daxildir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci Xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin heykəlləri önünə də gəliblər. İşğal zamanı ermənilərin həmin heykəlləri Ermənistana apararaq əritmək istədikləri qonaqların diqqətinə çatdırılıb. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər öz əvvəlki yerlərinə qoyulub. Minlərlə günahsız insanın qanını tökməklə kifayətlənməyən erməni cəlladlarının cansız heykəlləri də gülləbaran etməsi tarixin çox uzaq olmayan bir zamanıdır.

Bildiyimiz kimi, düşmən əsirliyindən azad edilən bu abidələr illər idi ki, vətən həsrəti ilə bir gün doğma yurdlarına qayıdacaqlarını gözləyirdilər. 30 ilə yaxın bir dövrdə hər birimizin qəlbini sızladan daş heykəllərin intizarına çox keçmədi ki, son qoyuldu. Heykəlləri güllələnmiş Xan qızı, Üzeyir bəy, böyük nəğməkar Bülbül öz doğma yurdlarına qayıdıb. Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması istiqamətində layihələr reallaşır və çoxəsrlik zəngin mədəniyyəti, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi onun gələcək uğurlarından xəbər verir.

Nəzakət ƏLƏDDİNQIZI