Paşinyan əlində çəkiclə çıxış etdi - Sarqsyan isə onu provokasiyada günahlandırdı

15 İyun 2021 14:28 (UTC+04:00)

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanı ölkəni vətəndaş müharibəsinə sürükləməkdə ittiham edib. SİA xəbər verir ki, öz tərəfdarları qarşısında çıxışında Sarkisyan Paşinyanı provokasiyada günahlandırıb.

“Nikol Paşinyan açıq şəkildə deyir ki, əgər 60 faiz səs toplamasam, problem yaranacaq. O, nə istəyir, onu da edir. Siz görürsünüz onun əlində nə var”, - Sarkisyan Paşinyanın əlində çəkiclə çıxış etməsinə işarə edərək deyib.

Sarkisyanın sözlərinə görə, bu çəkicin kim üçün olduğunu müəyyən etmək lazımdır: “Hər şeyi gördük; müharibədə məğlubiyyəti, minlərlə gəncin ölümünü. Nə qaldı? Yalnız vətəndaş müharibəsi. Qoy bunu da göstərsin”.

Qeyd edək ki, Ermənistanda 20 iyuna təyin edilən seçkilərlə bağlı təbliğat qarşıdurmalar, təhqirlər və ağır ittihamlarla müşayiət olunur.