“Düşmən reaksiyasının bizim üçün heç bir əhəmiyyəti yoxdur” AÇIQLAMA

15 İyun 2021 12:32 (UTC+04:00)

"Türkiyə dövləti ilə Azərbaycanın birgə fəaliyyəti, əməkdaşlığı, tərəfdaşlığı, dostluğu, qardaşlığı hər iki dövlətin inkişafı və beynəlxalq aləmdə nüfuzunun güclənməsi üçün çox mühüm amillərdən biridir. Təbii ki, burada hər iki dövlət başçısının şəxsi dostluq və qardaşlığı çox vacib rol oynayır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Məmmədov deyib.

Onun sözlərinə görə, həmişə olduğu kimi bu gün də, cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, xüsusilə də Şuşa şəhərinə səfəri çox əlamətdar bir hadisədir: “Bu çox əlamətdar müqavilələr, bəyanatlar və sənədlərlə tarixə düşərək yadda qalacaq. Bu bizim üçün böyük qürur və fəxrdir. Həmçinin, Azərbaycanın ədalət və haqq savaşında Türkiyənin onun yanında olması bizim və dostlarımız üçün mühüm amildir”.

Deputat sözlərinə belə davam edib: “Təbii ki, düşmənlərimiz də bunları qəbul etmir. Lakin, onların reaksiyalarının bizim üçün heç bir əhəmiyyəti yoxdur. Məqsədimiz bütün sahələrdə və istiqamətlərdə hər iki dövlət arasında güclü bağların olmasıdır. Bu dövlətlər müttəfiq səviyyəsində birlikdə fəaliyyət göstərməli, inkişaf etməli və güclənməlidir. Hər bir sahədə istər təhlükəsizlik, istər müdafiədə işimizi birlikdə qurmaqla dünyaya səsimizi çatdırırıq. İnanıram ki, indidən sonra da çatdıra biləcəyik. Bu məsələlərə görə, mən bir Azərbaycan vətəndaşı kimi cənab Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına çox dərin minnətdarlığımı bildirirəm”.

Ayşən Vəli