Azərbaycanlı jurnalistlərin ölümü - Braziliya televiziyasında

14 İyun 2021 20:32 (UTC+04:00)

Məlumat üçün bildiririk ki, cari ilin 12 iyun tarixində Braziliyanın yerli “Rede TV” kanalının “O Mundo in Foco” proqramında on gün öncə azərbaycanlı jurnalistlərin və dövlət məmurunun Kəlbəcər rayonu ərazisində peşə xidmətlərini yerinə yetirərkən mina partlayışı nəticəsində dünyalarını dəyişməsi ilə əlaqədar Səfirliyin təşkil etdiyi mətbuat konfransına həsr edilmiş süjetlər yayımlanıb. SİA-nın verdiyi məlumata görə, proqram çərçivəsində səfir Elxan Poluxov dünya və Braziliya ictimaiyyətinə müraciət edərək, mülki insanların Azərbaycanın azad olunmuş ərazilərində erməni minalarının partlaması nəticəsində həlak olmalarını kədərlə qeyd etmiş və buna qəti etirazın bildirilməsinə dair çağırış edib.

Həmçinin, jurnalist Fabiana Ceyhan səfirlik tərəfindən təşkil olunan press-konfransın mahiyyəti haqqında danışaraq, həyatlarını qurban edən Azərbaycanlı həmkarlarının ailələrinə baş sağlıqlı vermiş və yerindən, millətindən asılı olmayaraq dünyada bütün jurnalistlərə peşə fəaliyyətlərinin yerinə yetirilməsində şəraitin yaradılmasını tələb edib.

Sonra Braziliyanın tanımış jurnalisti Mali Silva və otuz ildən artıq jurnalist fəaliyyəti ilə məşğul olan Belarus Respublikasının Braziliyadakı Fəxri konsulu c-b Milton Atanazio baş vermiş faciə ilə bağlı fikirlərini bildirmiş, həmkarlarının müdafiəsinə qaldırılan səslərə qoşulmuş, jurnalistlərin öldürülməsini faciə kimi qiymətləndirərək, regionda sülhün bərqərar olunması və insanların sülh şəraitində yaşamasının təmin edilməsinə dair çağırışlar ediblər.

Proqram bazar günü, 13 iyun tarixində bir daha təkrarlanıb.