“Milli qurtuluşdan intibaha” - TƏDBİR - FOTOLAR

14 İyun 2021 17:42 (UTC+04:00)

Bu mövzuda YAP Səbail rayon təşkilatında videokonfrans keçirilib

YAP Səbail rayon təşkilatında Azərbaycanın müstəqillik tarixinin ən möhtəşəm hadisələrindən biri – 15 iyun - Milli Qurtuluş Günü münasibətilə “Milli qurtuluşdan intibaha” mövzusunda videokonfrans keçirilib. Səbail rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, partiya veteranları və gənclərin iştirak etdiyi videokonfransda YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, fəlsəfə elmləri doktoru Mübariz Qurbanlı, “Səs” Media Qrupunun rəhbəri, YAP Səbail rayon İdarə Heyətinin üzvü Bəhruz Quliyev, Maliyyə-İqtisad Kollecinin direktoru, YAP Səbail rayon “Maliyyəçilər” ərazi ilk partiya təşkilatının sədri, hüquq üzrə fəlsəfə doktoru Oruc Məmmədov, 162 saylı orta məktəbin tarix müəllimi Gülbəniz Abbasova, YAP Səbail rayon Gənclər Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Milli Kitabxanasının əməkdaşı Aytəkin Hüseynbəyli, YAP Səbail rayon “Gənc tamaşaçılar” (Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı) ərazi ilk partiya təşkilatının sədr müavini Ramilə Camalova və YAP Səbail rayon təşkilatının məsləhətçisi, rayon Gənclər Birliyinin sədr müavini Fuad Heydərli çıxış ediblər.

İlk öncə Azərbaycan xalqı və milli dövlətçiliyimiz üçün misilsiz tarixi xidmətlər göstərən, Azərbaycanın müstəqilliyini möhkəmləndirən, xalqımızın milli maraqlarını hər şeydən üstün tutan, Azərbaycanın dünəni, bu günü və sabahı üçün əzəmətli, möhtəşəm işlər görən Ulu Öndər Heydər Əliyevin əbədiyaşar əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra “Səs” Media Qrupu tərəfindən hazırlanan və 15 iyun - Milli Qurtuluş Günündən öncəki və sonrakı hadisələrə həsr olunan, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Fateh Sərkərdə, möhtərəm Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycana rəhbərlik dövrünün, eləcə də Azərbaycanın 44 günlük Şanlı Vətən müharibəsində qazandığı tarixi Qarabağ Zəfərinin əks olunduğu videofilm nümayiş etdirilib.

YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev möhtəşəm bayram günü – Azərbaycanın müstəqillik tarixinin yeni inkişaf mərhələsinin başlanğıcı olan və müstəqilliyimizin qorunub saxlanılması və əbədiləşməsində mühüm rol oynayan 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Konfrans iştirakçılarını təbrik edib. Müasir müstəqil Azərbaycanın Milli Qurtuluş Günü kimi qeyd olunan və Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi və istəyi ilə ölkədə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı günü kimi əbədiyyətə həkk olunan əlamətdar 15 iyun 1993-cü il hadisələrinin tarixi önəmi və müstəqil dövlətçiliyimizin qorunub saxlanılmasındakı əvəzsiz rolu haqqında geniş məlumat verən Ş.Hacıyev müstəqilliyin ilk illərində Azərbaycanda müşahidə olunan hərc-mərclik, milli maraqların şəxsi mənafelər uğruna heçə sayılması, ölkədəki hakimiyyət boşluğu və ayrı-ayrı antimilli dairələrin kreslo davası nəticəsində yaranmış separatçı meyllər, işğalçı Ermənistanın fürsətdən istifadə edərək Azərbaycana qarşı təcavüzü, cəmiyyətinin istisnasız bütün sahələrini əhatə edən dərin siyasi, iqtisadi, 2 sosial, mədəni böhran, Azərbaycanın üzləşdiyi müstəqilliyini itirmək, məhv olmaq, böyük güclərin vassalına çevrilmək təhlükəsi haqqında danışıb.

Ş.Hacıyev “itirilmiş imkanlar dövrü” olan 1991-1992-ci illəri və “biabırçı, rüsvayçı hakimiyyət dövrü” olan 1992-1993-cü ilin iyununa kimi baş verən hadisələri xronoloji ardıcıllıqla diqqətə çatdırıb və Azərbaycanda yaranmış ağır vəziyyətin səbəblərini təhlil edib. Vurğulayıb ki, müdrik Azərbaycan xalqı o dövrdə yeganə düzgün yolu seçdi və milli qurtuluşunun görkəmli dövlət xadimi, dünyaşöhrətli siyasətçi, böyük Azərbaycanlı Heydər Əliyev şəxsiyyətində olduğuna qərar verdi. 1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi çalışan və Naxçıvanı erməni işğaından qorumağa nail olan, SSRİ-nin hələ tüğyan etdiyi dövrdə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi 1990-cı ilin noyabr ayında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək “Sovet Sosialist” sözlərini oradan çıxaran, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvanın dövlət bayrağı kimi elan edən və bunu o vaxtki Azərbaycan rəhbərlərindən də tələb edən, bir sözlə Azərbaycanın müstəqilliyi üçün ən çətin şəraitdə cəsarətli qərarlar qəbul edən Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyun tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi Azərbaycan xalqının sözün əsl mənasında qurtuluşunun başlanğıcı oldu və müstəqillik tariximizə “Milli Qurtuluş Günü” kimi həkk olundu. 1997-ci ildə Milli Məclis tərəfindən 15 iyun tarixinin təqvimdə bayram və Milli Qurtuluş Günü kimi qeyd olunması haqqında xüsusi qərar qəbul edildi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir. Ulu Öndər Heydər Əliyev cəmi 10 il kimi qısa müddət ərzində Azərbaycanı düşdüyü dərin böhran vəziyyətindən dinamik inkişaf və yüksəliş yoluna çıxartdı, müasir Azərbaycanın dövlət quruculuğu təməllərini, bütün idarəçilik strukturlarını formalaşdırdı, Respublikamızın yeni Konstitusiyasını qəbul etdi, milli iqtisadiyyatımızın inkişafının əsasını təşkil edən “Əsrin Müqaviləsi”ni imzaladı, keçid iqtisadiyyatlı ölkələr arasında ilk dəfə Azərbaycanda torpaq islahatını həyata keçirdi, ordu quruculuğu istiqamətində ciddi addımlar atıldı, cəmiyyət həyatının istisnasız bütün sahələrində siyasi, iqtisadi, hərbi islahatlar reallaşdırıldı, ölkəmizə irihəcmli xarici investisiya cəlbinə başlanıldı, bir sözlə Azərbaycanı bütün dünyaya və dünyanı Azərbaycana tanıtdı.

Ş.Hacıyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və müstəqil dövlətçiliyi qarşısındakı tarixi xilaskarlıq missiyalarını bir daha vurğulayaraq bildirib ki, Heydər Əliyev qısa müddətdə müasir Azərbaycan üçün mümkün olan, hətta mümkünsüz görünən bütün işləri gördü, Azərbaycanın müstəqilliyini qorudu, möhkəmləndirdi, əbədiləşdirdi, gələcək inkişafı üçün həm siyasi, həm iqtisadi cəhətdən möhkəm platforma yaratdı və qurub-yaratdığı yeni müstəqil Azərbaycanı özünün layiqli siyasi davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevə əmanət etdi. 2003-cü ildən başlayaraq Azərbaycan tamamilə fərqli inkişaf dövrünə qədəm qoydu, misilsiz uğurlara, fövqəl nailiyyətlərə imza atdı. Müstəqil Azərbaycanın ən 3 möhtəşəm, şərəfli nailiyyəti 44 günlük Vətən müharibəsindəki Şanlı Qarabağ Zəfəri oldu. Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə, xalqımızın və partiyamızın Lideri İlham Əliyevin rəhbərlliyi ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, dünyada iqtisadi və hərbi gücü ilə seçilən, müstəqil siyasət yürüdən ölkələrdən biri kimi mövqelərini möhkəmləndirdi, Türkiyə ilə birlikdə sözün əsl mənasında qlobal güc mərkəzinə çevrildi və etibarlı strateji beynəlxalq tərəfdaş kimi dünya dövlətləri tərəfindən qəbul olundu. Artıq 24 ildir ki, 15 iyun Azərbaycan xalqı, millətimiz üçün ən əziz milli bayram günlərindən biri kimi qeyd olunur.

Azərbaycan xalqının ötən illərdən fərqli olaraq bu il, müstəqilliyimizin 30-cu ildönümündə Milli Qurtuluş Gününü ilk dəfə olaraq tamamilə fərqli əhval-ruhiyyədə, böyük qürur, sevinc, fərəhlə məğrur və qalib xalq kimi qeyd etdiyini xüsusi vurğulayan Ş.Hacıyev bildirib ki, 44 günlük Vətən müharibəsində möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu müstəqilliyimizin yeni şərəfli Zəfər tarixini yazdı, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu və xalqımız artıq bütün əlamətdar günləri sözün əsl mənasında bayram və qələbə ruhunda qeyd edir. Azərbaycanın bu möhtəşəm nailiyyətləri Azərbaycan xalqına, dünya azərbaycanlılarına, bütün Türk dünyasına böyük qürur hissi yaşadır. Ulu Öndər Heydər Əliyevin müdrik kəlamında qeyd etdiyi kimi, “Azərbaycan bütün dünyaya günəş kimi parlayır” və çox keçməyəcək ki, Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevriləcək. Bütün bu nailiyyətlərin əsası məhz 15 iyun 1993-cü ildə qoyuldu. Ona görə də Azərbaycan xalqı Milli Qurtuluş Gününü böyük bayram günü kimi əbədiyyətə qədər qeyd edəcəkdir.

1992-ci il noyabrın 21-də təsis olunan Yeni Azərbaycan Partiyasının Milli Qurtuluş Gününü şərtləndirən hadisələrdəki rolu və Azərbaycanın müstəqilliyinin qorunması istiqamətindəki əvəzsiz töhfələri haqqında geniş danışan Ş.Hacıyev qeyd edib ki, Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası milli siyasi sistemimizə demokratik seçki mədəniyyəti gətirdi. O dövrdəki dağıdıcı hakimiyyətə müxalifət partiyası kimi yaranan YAP cəmi 7 ay sonra demokratik yollarla, xalqın mütləq əksəriyyətinin dəstəyi ilə iqtidar partiyasına çevrildi və Azərbaycanın müstəqil inkişafında bütün dövrlərində YAP üzvlərinin mühüm rolu və töhfələri olmuşdur. Bu gün 760 mindən çox üzvü olan Yeni Azərbaycan Partiyası bu coğrafiyanın, Cənubi Qafqazın ən mütəşəkkil, siyasi intellektual gücüdür. YAP üzvləri ictimai-siyasi həyatımızın bütün sahələrində çalışır və ümummilli inkişafa dəstək olurlar. Partiyamızın Sədri, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyev, partiya Sədrinin Birinci müavini, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanın işğaldan azad olunmuş bütün ərazilərində möhtəşəm quruculuq, yenidən qurma, bərpa işləri aparılır, azad Qarabağımızda Azərbaycan xalqının tarixi, mədəni, dini irsi bərpa olunur. Azərbaycan yaratdığı milli iqtisadi inkişaf, multikulturalizm modeli ilə dünyada yeni standartlar formalaşdırır. Azərbaycan Ulu Öndər Heydər Əliyevin yartadığı təməllər üzərində İlham Əliyev siyasi kursu ilə ildən-ilə inkişaf edir, iqtisadi, hərbi qüdrətini və beynəlxalq nüfuzunu artırır.

Ş.Hacıyev vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin ruhu bu gün şaddır, çünki Onun Azərbaycanla bağlı istəkləri, arzuları həyata keçib və keçməkdədir. Heydər Əliyevin ən böyük arzusu Azərbaycanın müstəqilliyini əbədiləşdirmək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və onu güclü iqtisadiyyata, orduya malik müasir dövlətə çevirmək idi. Ulu Öndərin layiqli siyası davamçısı İlham Heydər oğlu Əliyev bütün bu arzuları həyata keçirdi və bu gün dünyada müstəqil siyasət yürüdən güclü Azərbaycan var. Nə qədər Azərbaycan, Azərbaycan xalqı var, Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyaları və Azərbaycanın müstəqil dövlətçiliyi üçün misilsiz xidmətləri yaşayacaq və yaşadılacaqdır.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, fəlsəfə elmləri doktoru Mübariz Qurbanlı Ulu Öndər Heydər Əliyevin 15 iyun 1993-cü ildə Azərbaycanda hakimiyyəti qayıdışı və müstəqil Azərbaycanda dövlət quruculuğu istiqamətindəki tarixi xidmətləri haqqında Konfrans iştirakçılarına geniş məlumat verib. Vurğulayıb ki, qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı XX əsrdə 1918-ci ildə müsəlman Şərqində, Qafqazda respublika idarəçilik formasını həyata keçirən ilk xalq olmuşdur. 1920-1991-ci illərdə Sovet Respublikası şəraitində yaşamağa məcbur olan Azərbaycan xalqı 1991-ci ildə müstəqilliyini ikinci dəfə bərpa etmiş və Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasını yaratmışdır. Bu üç respublika bir-birini tamamlamış və Azərbaycan xalqı daima müstəqillik ideyası ilə yaşamış və mübarizəsi öz bəhrəsini vermişdir. 1991-ci ildə müstəqilliyin bərpasında öncül rollardan birini oynayan Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın istəyi və dəstəyi ilə hakimiyyətə qayıdışı və müstəqilliyimizi qoruyub saxlaması Azərbaycanın dövlətçilik tarixində mühüm hadisə oldu. 1992-ci ilin noyabrında xalqın iradəsini ifadə edən Yeni Azərbaycan Partiyası təsis olundu. Ölkə üçün son dərəcə mürəkkəb o dövrdə xalqı vahid ideya ətrafında birləşdirən Liderə ehtiyac var idi. Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıdaraq ölkədəki xaosun, vətəndaş qarşıdurmasının, Gəncə hadisələrinin qarşısını alaraq tarixi missiyalar yerinə yetirdi. Dövlət quruculuğu üçün bir çox mühüm konseptual məsələləri həll edən, demokratik, hüquqi, unitar və dünyəvi dövlət yaratmağa nail olan Heydər Əliyev eyni zamanda Azərbaycan xalqını azərbaycançılıq ideyası ətrafında birləşdirdi.

M.Qurbanlı diqqətə çatdırdı ki, Ulu Öndər Heydər Əliyev layiqli siyasi varisi, ölkə başçısı İlham Əliyev Azərbaycanın müstəqilliyini möhkəmləndirdi, ölkəmiz üçün mühüm tarixi nailiyyətlərə imza atdı, dövrün yeni çağırışlarına uyğun siyasət həyata keçirdi və 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək adını Azərbaycan tarixinə qızıl hərflərlə həkk etdi. Qeyd olunub ki, 15 iyun - Milli Qurtuluş Günü Azərbaycan üçün xaosdan qurtuluşa və qurtuluşdan Zəfərə gedən yolun başlanğıcı oldu.

M.Qurbanlı hər kəsi 15 iyun – Milli Qurtuluş Günü münasibətilə təbrik etdi və gənclərə bu günün tarixi rolu və əhəmiyyətini daha da dərindən araşdırmağı tövsiyə edib.

Azərbaycanın müstəqillik tarixini Qurtuluş Günü öncəsi və sonrası kimi iki dövrdə müqayisəli təhlil edən “Səs” Media Qrupunun rəhbəri, YAP Səbail rayon İdarə Heyətinin üzvü Bəhruz Quliyev 1980-ci illərin sonlarından etibarən baş verən hadisələr, müstəqillik əldə olunduqdan sonra Azərbaycanda yaranmış dərin böhran şəraiti, 91 Azərbaycan ziyalısının Ulu Öndər Heydər Əliyevə “Səs” qəzetində dərc olunmuş tarixi müraciəti və Heydər Əliyev bu müraciətə cavab olaraq Azərbaycan üçün qurtuluş yollarını özündə ehtiva edən proqram xarakterli cavabı haqqında Konfrans iştirakçılarına ətraflı məlumat verib. Ulu Öndər Heydər Əliyevi xilaskar Lider kimi xarakterizə edən B.Quliyev 15 iyun - Milli Qurtuluş Günündən sonra Azərbaycanın inkişafını “Heydər Əliyev intibah dövrü” və “Fateh Sərkərdə, Ali Baş Komandan İlham Əliyev dövrü” kimi iki mərhələdə geniş təhlil edib. Vurğulayıb ki, Azərbaycanda İlham Əliyevin hakimiyyəti ilə yeni era başladı və əzəmətli Qarabağ Zəfəri Azərbaycanın müstəqillik tarixinə əbədi həkk olundu.

B.Quliyev bu il ilk dəfədir ki, qələbə, zəfər ruhu ilə qeyd etdiyimiz 15 iyun - Milli Qurtuluş Günü müansibətilə konfrans iştirakçılarını təbrik edib və “Səs” Media Qrupunun hazırladığı “15 iyun - Milli qurtuluşdan intibaha” filminin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirib.

Maliyyə-İqtisad Kollecinin direktoru, YAP Səbail rayon “Maliyyəçilər” ərazi ilk partiya təşkilatının sədri, hüquq üzrə fəlsəfə doktoru Oruc Məmmədov müasir Azərbaycanın qurucusu və Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edərək, Heydər Əliyevin xüsusilə təhsil sahəsindəki özünəməxsus inkişaf modeli, ölkədə həyata keçirilən kompleks tədbirlər, islahatlar haqqında danışıb. Ulu Öndər Heydər Əliyevin layqili siyasi varisi müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı möhtəşəm tarixi Qarabağ Zəfəri münasibətilə bir daha hər kəsə təbrik edən O.Məmmədov bu Şanlı qələbənin qazanılmasında Ulu Öndər Heydər Əliyev və ölkə başçısı İlham Əliyevin dövründə formalaşmış, təhsil almış, yüksək vətənpərvərlik ruhunda böyümüş Azərbaycan gənclərinin rolunu xüsusi qeyd edib.

O.Məmmədov gənc nəslin Vətənə, torpağa, dövlətə, milli-mənəvi dəyərlərimizə bağlı şəkildə tərbiyə olunmasında təhsil sisteminin, orta və ali təhsil müəssisələrinin, müəllimlərin töhfələrinə diqqət çəkərək bildirib ki, müasir Azərbaycanı qorumaq və ümummilli inkişafa ildən-ilə töhfələr verməks hər birimizin müqəddəs milli-mənəvi borcudur. 162 saylı orta məktəbin tarix müəllimi Gülbəniz Abbasova 15 iyun - Milli Qurtuluş Gününün Azərbaycan xalqı üçün milli əqidə bayramı olduğunu qeyd edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqil dövlətçiliyi üçün xilaskarlıq xidmətərindən danışıb və bildirib ki, Ulu Öndərin layqili davamçısı İlham Əliyev Qələbə bayrağını Qələbə şəhərimiz olan Şuşaya sancaraq bütün Azərbaycan xalqının və Türk dünyasının başını ucaldıb.

YAP Səbail rayon Gənclər Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Milli Kitabxanasının əməkdaşı Aytəkin Hüseynbəyli Azərbaycan tarixinə “milli xilas” günü kimi daxil olan 15 iyun - Milli Qurtuluş Gününün Azərbaycan xalqı üçün əhəmiyyəti haqqında danışaraq hər bir azərbaycanlının bugünkü qalib, məğrur Azərbaycanla fəxr etdiyini bildirib.

YAP Səbail rayon “Gənc tamaşaçılar” (Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı) ərazi ilk partiya təşkilatının sədr müavini Ramilə Camalova 15 iyun - Milli Qurtuluş Günü dedikdə Azərbaycan xalqı üçün Ulu Öndər Heydər Əliyevin nurlu simasının canlandığını vurğulayaraq Ümummilli Liderin tarixi xidmətlərindən danışıb. 6 Ulu Öndər Heydər Əliyev və ölkə başçısı İlham Əliyevin milli incəsənətimizə, incəsənət xadimlərinə, ziyalılara göstərdiyi yüksək diqqət və qayğı, sənət adamları üçün ölkəmizdə təsis olunan mükafatlar xüsusi qeyd olunub. 44 günlük Şanlı Vətən müharibəsində qazanılan qələbə haqqında qürurla bəhs edən R.Camalova milli ruhda böyüyüən Azərbayan gəncliyinin gələcəkdə də möhtəşəm uğurlar qazanacağına dair əminliyini bildirib.

YAP Səbail rayon təşkilatının məsləhətçisi, rayon Gənclər Birliyinin sədr müavini Fuad Heydərli əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun Azərbaycan xalqına qazandırdığı misilsiz nailiyyətlər haqqında danışaraq ölkəmizdə həyata kçeirilən gənclər siyasətinin bu nailiyyətlərin əldə olunmasındakı roluna diqqət çəkib.

Azərbaycan gənclərinin Vətən müharibəsi günlərində döyüş meydanındakı şücaətini xüsusi qeyd edən F.Heydərli bildirib ki, bu il Azərbaycan xalqı 15 iyun - Milli Qurtuluş Gününü ilk dəfədir ki, qalib xalq kimi qeyd edir. Azərbaycan gəncliyi müasir Azərbaycan və Prezident İlham Əliyevlə qürur duyur və Prezidentimiz ətrafında sıx birləşərək bu siyasətin uğurlarına öz təhfələrini verirlər.

Konfrans partiya veteranları, orta nəslin nümayəndələri və gənclərin fikir mübadiləsi ilə davam edib.

Rəfiqə