"MDB ölkələri arasında Azərbaycan birinci yerə çıxıb" - DEPUTAT AÇIQLADI

14 İyun 2021 17:52 (UTC+04:00)

“Çox sevindirici haldır ki, son zamanlar gündəlik koronavirusa yoluxanların sayı demək olar ki, xeyli azalaraq, ikirəqəmliyə enib və ölənlərin sayı artıq yoxdur. Sağalanların sayı isə gün ərzində dəfələrlə artmış oldu”. Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, bu müsbət nəticələrə görə də Nazirlər Kabineti yanında Operativ Qərargah yumşalmalara getdi: “Bu yumşalmalar da get-gedə davam edir. Güman edirəm ki, bundan sonra da belə yumşalmalara gedəcəyik. Əlbəttə bütün bunların əsas səbəbi gün ərzində yoluxma sayının azalması, sağalanların sayının çoxalması, ölənlərin olmaması, insanlarımızın vaksinasiya prosesinin çox sürətlə getməsidir. Bütün bu nailiyyətlərin əldə olunmasında cənab Prezidentimizin ilk gündən qabaqlayıcı tədbirlərin görülməsi, xəstəxanaların tikilməsi nəticəsində baş verdi”.

Deputat həmçinin qeyd edib ki, yanvar ayının 18-də Cənubi Qafqazda regionda ilk vaksinasiya olunan bir dövlət kimi Azərbaycanda vaksinasiya başladı. Eləcə də bu yaxınlarda MDB ölkələri arasında Azərbaycan vaksinasiya olunmasına görə birinci yerə çıxıb. Bütün bunlar ölkədə cənab Prezidentin apardığı uğurlu siyasətin nəticəsidir”.