“Ermənistanda parlament seçkiləri həlledici mərhələyə qədəm qoyub”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.
Onun sözlərinə görə, “Gallup International Аssociation”un Ermənistanda keçirdiyi son rəy sorğusunun nəticələri göstərdi ki, N.Paşinyanın reytinqi düşməkdə, R.Koçaryanın nüfuzu artmaqda davam edir: “Fevral ayı ilə müqayisədə N.Paşinyan blokunun reytinqi 33,1%-dən 22,4 %-ə düşdüyü halda, Koçaryanın “Ermənistan” blokunun reytinqi 7,8%-dən 20,6%-ə yüksəlmişdir. Mütəxəssislərin fikrincə, ilk turda heç bir siyasi blokun hökuməti təşkil etmək üçün tələb olunan səs çoxluğu qazanmaq şansı yoxdur. Çox böyük ehtimal var ki, N.Paşinyanın və R.Koçaryanın rəhbərlik etdikləri bloklar ikinci tura qalacaqlar. Bu şəraitdə R.Koçaryanın “Ermənistan” blokunun qələbə şansı daha yüksək qiymətləndirilir. Bu nəticə isə nə bizim, nə ABŞ-ın, nə də Rusiyanın maraqlarına uyğun deyil. Rusiyanın vasitəçiliyi ilə imzalanmış 10 noyabr və 11 yanvar bəyanatlarında nəzərdə tutulan müddəaların icrasının təmin olunması üçün N.Paşinyanın seçkini udması lazımdır. 15 erməni diversantının Ermənistana göndərilməsi qarşılığında Ağdamda basdırılmış 91000 minanın xəritəsinin verilməsi təbii ki, Paşinyanın nüfuzunun artmasına təsir göstərəcək. Bundan sonra seçkilərə qalan bir neçə gün ərzində N.Paşinyanın nüfuzunu artıracaq digər addımların da atılacağı istisna olunmur”.
Erməni diversantların verilməsində Rusiyanın adının çəkilməməsi onun bu prosesdə iştirak etməməsi kimi qiymətləndirilə bilərmi sualına gəlincə, Abutalıb Səmədov bildirib ki, əslində, bu, belə deyil: “Zənnimcə, yox. Məlumdur ki, tutulan ermənilərin təhvil verilməsi prosesinə bir qədər əvvəl Rusiyanın vasitəçiliyi ilə başlanmış və üç nəfər R.Muradovun iştirakı ilə Ermənistana təhvil verilmişdi. N.Paşinyanın iddiasına görə Ermənistan tərəf həmin günlərdə bir sıra yerlərin mina xəritəsini Azərbaycana təqdim etmişdir. Ancaq budəfəki “dəyişmə” aksiyası miqyasına görə əvvəlkindən xeyli fərqlənir”.
Ermənilərin ABŞ-ın vasitəçiliyi ilə verilməsi Paşinyanın elektoratının, ümumilikdə, Ermənistan cəmiyyətinin əhvalına- əhalinin xeyli hissəsinin Rusiyaya münasibətinin mənfi olduğuna-hesablanmış addım kimi qiymətləndirilə bilərmi sualını isə partiya sədri belə cavablandırıb: “Təəssüf ki, yox. 44 günlük müharibədə Rusiyanın Ermənistanı satmasını iddia edənlərin, ruslara nifrətlə yanaşanların sayı durmadan artsa da, bütövlükdə, hələ də ermənilərin böyük hissəsinin Rusiyaya və ruslara münasibəti yaxşı olaraq qalır. Müharibədən dərhal sonra, noyabrın ortalarında keçirilən sorğuda rəyi soruşulanların 84%-nin Rusiyaya münasibətinin yaxşı olduğu müəyyən olunmuşdusa, bu günlərdə keçirilən sorğuda ermənilərin 63%-nin eyni münasibəti göstərməkdə davam etdiyi aydınlaşmışdır. Şübhə yoxdur ki, ruslara yaxşı münasibət göstərənlərin sayı bundan sonra da azalmaqda davam edəcək, ancaq bu amil ən azı indiki seçkilərdə həlledici rol oynamayacaqdır”.