Türkiyə Qüdsdəki möqeyini dəyişir? - ARAŞDIRMA

14 İyun 2021 16:03 (UTC+04:00)

İsrail ilə Türkiyə arasındakı münasibətlər yeni bir mərhələnin astanasında ola bilər. Bəzi mənbələr ikitərəfli və diplomatik münasibətlərin mart ayından etibarən bərpa oluna biləcəyini təsdiqləyirlər. İki ölkə arasındakı münasibətlər 2017-ci ildə, Türkiyə artan gərginlik səbəbi ilə səfirini geri çəkdikdə dayanmışdı.

Türkiyə Prezidentinin Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Mesut Hakkı Çaşın, İsrailin bir addım atacağı təqdirdə Türkiyənin iki addım ata biləcəyini söyləyir. Çaşın deyir ki, müsbət bir münasibət olarsa, mart ayından etibarən Türkiyənin İsrailə səfir təyin etməsi mümkün ola bilər. Çaşın, Mavi Marmara hadisəsindən sonra Türkiyə ilə İsrail arasında başqa bir qəzanın istənilmədiyini və iki ölkə arasındakı əlaqələrin və təhlükəsizliyin son dərəcə əhəmiyyətli olduğunu bildirdi.

Mavi Marmara, 2010-cu ildə Qəzzaya yardım gətirən konvoydakı ən böyük gəmi idi. Qəzzaya qarşı embarqonu pozmağı hədəfləyən gəmi yola çıxarkən İsrail qüvvələri gəmiyə basqın edib və hadisədə 9 Türkiyə vətəndaşı həyatını itirib. Bu hadisədən sonra Türkiyə ilə İsrail arasındakı münasibətlər heç vaxt tam yaxşılaşmayıb. ABŞ və qonşu ölkələrin bu yöndə cəhdləri isə heç bir nəticə verməyib.

Keçmiş ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması və İsrail təhlükəsizlik qüvvələrinin fələstinli etirazçılara qarşı müdaxiləsindən sonra Türkiyə və İsrail səfirlərini qarşılıqlı olaraq geri çağırmışdılar.

Mesut Hakkı Caşın, Co Baydenin ABŞ-a təyinatı ilə yeni bir perspektivin olacağını və bir çox şeyin dəyişəcəyini söyləyir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Donald Tramp ilə yaxşı bir əlaqə qursa da, Bayden vəzifəyə gəldikdən sonra Ankaranın işinin daha çətin olacağı da təxmin edilir.

Türkiyə-İsrail münasibətləri üzrə mütəxəssislərdən Selin Nasi, Bayden rəhbərliyinin demokratiya və insan haqlarına həssaslığı səbəbindən Türkiyə-ABŞ münasibətlərinin ən azından qısa müddətdə daha çətin bir dövrə girəcəyini söyləyir. Nasi, ABŞ Konqresindəki anti-Türkiyə seqmentinə qarşı Türkiyənin İsrail ilə münasibətləri normallaşdırmanın Vaşinqtonla münasibətləri düzəltməyə kömək edəcəyinə də ümid bəsləyir.

Türkiyə ilə İsrail Dağlıq Qarabağdakı Azərbaycanla Ermənistan arasındakı münaqişələrdə ortaq bir mövqedə yer almışdı. İsrail və Türkiyənin istehsal etdiyi pilotsuz uçuş aparatlarının Azərbaycanın Ermənistana qarşı qələbəsində mühüm payı olmuşdur. Türkiyə və İsrail Azərbaycana əhəmiyyətli kəşfiyyat məlumatları verdi. Həm də bu mövqedən Azərbaycanın bu iki ölkə arasında vasitəçi olacağı gözlənilir. Nasi, müsəlman ölkələri ilə diplomatik əlaqələr qurmağa başlayan İsrailin Türkiyəni bu siyahıya əlavə etməsinin İsrailin beynəlxalq aləmdəki imici baxımından da əhəmiyyətli olduğunu bildirir.

Prezidentin Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Mesut Hakkı Çaşın da İsrailin mümkün bir münasibət normallaşmasından çox şey qazanacağını söylədi. Türkiyənin İsraildən çox sayda silah aldığını xatırladan Caşın bunun yenidən başlaya biləcəyini və iki ölkənin birlikdə müdafiə texnologiyaları mövzusunda irəliləyə biləcəyini söyləyib.

İsrail ilə Türkiyə arasındakı digər bir vacib məsələnin neft və təbii qaz olduğunu dilə gətirən Caşın, 8 milyon əhalisi olan İsrailin yeni tapdığı qaz ehtiyyalarının hamısına ehtiyac duymayacağını, bu səbəbdən qazın boru kəməri ilə Türkiyə və Avropa Birliyinə nəql edilə biləcəyini nəzərə çatdırıb.

İsrail ilə Türkiyə arasındakı gərginliyin mühüm göstəricisi İsrailin Türkiyənin bölgədə gərgin olduğu Yunanıstan və Misir ilə ittifaqı idi. Üç ölkə enerji və müdafiə sahələrində əməkdaşlığı inkişaf etdirərkən müşahidəçilər bu birliyin Türkiyənin bölgədəki artan nüfuzuna qarşı bir cəhd olduğunu bildirirlər.

Digər tərəfdən İsrail və Türkiyənin yaxınlaşması üçün digər bir əngəl də Ankaranın Müsəlman Qardaşlar və HƏMAS-a dəstəyidir. “Global Source Partners”dən Atilla Yeşilada, Türkiyənin Qüds statusunu təşviq etməyi dayandırmalı və İsrailin terrorçu kimi qələmə verdiyi qruplara dəstəyini kəsməli olduğunu söylədi. Yeşilada, Türkiyənin Həmas və Müsəlman Qardaşlarla əlaqələrinə son qoyması lazım olduğuna diqqət çəkir.

"Türkiyə güzəşt etməyə hazırdır"

“Orta Doğu Texniki Universiteti”nin Beynəlxalq münasibətlər professoru Hüseyin Bağcı, Ankaranın güzəşt etməyə hazır olduğunu söyləyib. Bağcı, Türkiyənin bu qruplara dəstəyini azaldacağını söylədi və Prezidentin sözçüsü İbrahim Kalının Brüsseldə Türkiyənin açıq şəkildə Müsəlman Qardaşlarını dəstəkləməyəcəyinə söz verdiyini bildirib. Bu səbəbdən Türkiyənin islahatlar etməsi gözləntilərinin yüksək olduğuna işarə edib.

Ancaq son mərhələdə Bağcı, İsrail Baş naziri Binyamin Netanyahu ilə Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı mənfi münasibətlərə toxunaraq bunun aradan qaldırılması lazım olan bir problem olduğunu bildirib. Mütəxəssislər hər iki liderin istifadə etdiyi dilin işgüzar-siyasi yönümlü olduğunu şərh edirlər. Bu səbəbdən İsraildəki seçkilər bitmədən əvvəl Türkiyə ilə münasibətlərdə bir dəyişiklik olacağı gözlənilmir.