Müsavatçılar arasında qarşıdurma: AXCP-nin izi görünür QARŞIDURMA+FOTOFAKT

14 İyun 2021 15:05 (UTC+04:00)

Səxavət Soltanlı Tofiq Yaqubluya niyə “məntiqsiz” və “populist” dedi?

Uzun müddət Müsavat partiyası daxilindəki fikir ayrılıqlarına daha biri də əlavə olunub. Daha dəqiq desək, məhz başqan Arif Hacılının bu posta saxta yollarla seçilməsinin ardınca siyasi təşkilatda yaranan gərginlik bu dəfə başqa yöndə inkişaf edib. Buna səbəb isə hələ də radikal düşərgədə öz yerini müəyyən edə bilməyən Tofiq Yaqublunun partiyanın digər səlahiyyətlisi, başqa müavini Səxavət Soltanlı ilə söz savaşına çıxması və ittihamlar irəli sürməsidir. Belə ki, “fəaliyyətini” “Milli Şura” və AXCP sədri Əli Kərimlinin yanında “qurmaqla” həm də özünə “müsavatçı” dedirtdirən Tofiq Yaqublu bu dəfə Rus Pravoslav Kilsəsi Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu, mərhum Aleksandr İşeinin Fəxri Xiyabanda dəfn olunmasına görə etiraz statusu yazıb və bununla bir daha sübut edib ki, onun dar düçüncəsi həm də tolerantlıq, ölkəmizdə yaşayan və hətta müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarından keçən digər millətlərə qarşı hörmət göstərməkdən, bu kimi digər prinsiplərindən qıtdır.

Tofiq Yaqublu kimi küçə siyasətçisi isə yaxşı olardı ki, gedib öz əməllərini araşdırsın və özü bilmədən, ya da bilərəkdən düşmən dəyirmanına su tökməsi faktlarına aydınlıq gətirsin

Çünki Fəxri Xiyabanda Azərbaycanın bir sıra sahələrində adlarını tariximizə yazan çoxsaylı millətlərin nümayəndələri uyuduqları kimi, Şəhidlər Xiyabanında da xalqımızın müxtəlif millətlərindən olan qəhrəmanlarımız uyuyur. Yəni fakt budur ki, kimliyindən asılı olmayaraq, ölkəsinə, dövlətinə sədaqətlə xidmət edən hər bir Azərbaycan vətəndaşı ən yüksək ehtiramlara layiqdirlər. Eləcə də Rus Pravoslav Kilsəsi Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu, mərhum Aleksandr İşeinin ölkəmiz üçün göstərdiyi zəhmətləri danılmazdır. Tofiq Yaqublu kimi küçə siyasətçisi isə yaxşı olardı ki, gedib öz əməllərini araşdırsın və özü bilmədən, ya da bilərəkdən düşmən dəyirmanına su tökməsi faktlarına aydınlıq gətirsin. Yəni bu adamın Azərbaycan xalqı və dövləti üçün hər hansı bir səmərəsi belə yoxdur!

Bu səbəbdən də Müsavat partiyası başqanın müavini Səxavət Soltanlının onu haqlı olaraq ittiham etməsi yerinə düşən bir məsələdir. Səxavət Soltanlı Tofiq Yaqublunun fikirlərini məntiqsiz adlandırıb, hətta ona “milli ayrı-seçkilik salan populist” də deyib. Səxavət Soltanlının bu statusundan sonra Tofiq Yaqublunun tərəfdarları ilə onun (qeyd edək ki, o, Müsavatın Arif Hacılı qrupunu təmsil edir) tərəfdarları arasında təhqirlərə start verilib.

Əli Kərimlinin Tofiq Yaqublu kartı iflasa uğrayıb

Sözügedən olay isə öz növbəsində bir sıra məqamlara aydınlıq gətirmiş olub. Misal üçün bir daha bəlli olub ki, Tofiq Yaqublunun məntiqsiz fikirləri nəinki cəmiyyət, heç müxalifət daxilində də ciddi qəbul edilmir. Tofiq Yaqublu yalnız milli ayrı-seçkilik yaratmaqla, populizmlə məşğul deyil, o, eyni zamanda ölkədaxili sabitliyin pozulması üçün bir sıra Qərb təşkilatlarının tapşırıqlarını həyata keçirir və bu işdə ona dəstək göstərən şəxs isə müsavatçıların deyil, cəbhəçilərin sədridir, yəni Əli Kərimlidir.

Digər tərəfdən, Tofiq Yaqublu Arif Hacılı qruplaşmasına qarşı savaşı elə-belə açmayıb və burada da onu idarə edən AXCP sədri Əli Kərimlinin yeri və rolu mövcuddur. O istəyir ki, Müsavatı ələ keçirsin və Yaqublunu oraya başqan təyin etdirərək, Müsavat partiyasını AXCP-nin yedək qurumuna çevirsin. Ancaq belə görünür ki, bütün bu planlar açığa çıxandan sonra Əli Kərimlinin Tofiq Yaqublu kartı iflasa uğrayıb.

Rövşən RƏSULOV