DİM magistraturaya qəbul üçün qabiliyyət imtahanı keçirib

14 İyun 2021 15:10 (UTC+04:00)

2021-ci il iyunun 9-dan 12-dək DİM tərəfindən 2021-2022-ci tədris ili üçün jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar üçün qabiliyyət imtahanı keçirilib. SİA xəbər verir ki, imtahan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri nəzərə alınmaqla, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq xüsusi sosial izolyasiya qaydalarına riayət olunmaqla təşkil edilib.

Qabiliyyət İmtahanı Komissiyasının (QİK) üzvləri – Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, Azərbaycanın Əməkdar Jurnalisti Tahir Rüstəmov (“Xalq qəzeti”), filologiya üzrə elmlər doktoru, Əməkdar Jurnalist Vüqar Əliyev, filologiya üzrə fəlsəfə doktoru Vəfa İsgəndərova, filologiya elmləri namizədləri Natəvan Atamoğlanova və Sevinc Məmmədova (Bakı Dövlət Universiteti) imtahan iştirakçılarının yaradıcılıq qabiliyyətlərini və jurnalistika üzrə nəzəri və praktiki biliklərini qiymətləndirmişlər.

QİK üzvləri ilk növbədə bakalavrların dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika janrları üzrə yazılarını nəzərdən keçirmiş və qiymətləndirmişlər.

Daha sonra, imtahan verən hər bir bakalavrın ümumi dünyagörüş səviyyəsini, dünyada və ölkəmizdə cərəyan edən hadisələrdən və ictimai-siyasi proseslərdən xəbərdar olub-olmamasını, jurnalistikaya marağını, motivasiyasını, jurnalistika üzrə nəzəri biliklərini, KİV-lərlə tanışlığını, jurnalistikanın cəmiyyətdə rolunu başa düşməsini, jurnalistin peşə etikası qaydalarına bələdliyini və s. müəyyənləşdirmək məqsədi ilə təqdim edilmiş ədəbiyyat (mənbələr) çərçivəsində onlara müvafiq suallar verilmiş, müsahibənin gedişində komissiya üzvləri hər bir bakalavrın maraq dairəsini, erudisiyasını və ümumi mədəniyyət səviyyəsini, KİV-lərdən xəbərdar olmasını, publisistlərin yaradıcılığı ilə tanışlığını, seçdiyi peşənin xüsusiyyətlərini başa düşməsini, yaradıcı tapşırıqları həll etmək bacarığını, həmçinin müstəqil yaradıcı təfəkkür qabiliyyətini aşkara çıxaran suallar vermişlər. Sualları cavablandırarkən və ya yazılı tapşırıqları yerinə yetirərkən bakalavrlar intellektual səviyyələrini, dünyagörüşlərini, jurnalistika sahəsində nəzəri və təcrübi biliklərini, ədəbi dili, dil və nitq normalarını bilmələrini nümayiş etdirmişlər. Bakalavrların qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçərkən doldurduqları anket sorğusuna cavabları, o cümlədən “Koronavirus (COVID-19) pandemiyası dövründə əhalinin bu sahədə maarifləndirilməsində Azərbaycanın kütləvi informasiya vasitələrinin fəaliyyətini necə qiymətləndirirsiniz?” sualına 200-250 sözdən ibarət yazılı cavabları da komissiya üzvləri tərəfindən qiymətləndirilmişdir. Qabiliyyət imtahanında hər bir bakalavra 45 dəqiqə vaxt ayrılmışdır.

Qabiliyyət imtahanında iştirak edən 27 nəfər bakalavrdan 23-ü “məqbul” qiymət almış və jurnalistika üzrə 44 saylı proqrama aid magistratura ixtisaslaşmalarını seçmək hüququ qazanmışdır. Həmin bakalavrların nəzərinə çatdırırıq ki, onlar iyun ayı ərzində keçiriləcək ixtisaslşma seçimi müddətində jurnalistika üzrə 44 saylı proqrama aid ixtisaslaşmaları seçib elektron ixtisaslaşma seçimi ərizəsinə daxil etməli və seçimlərini təsdiqləməlidirlər. Məlumat üçün bildiririk ki, qabiliyyət imtahanında uğur qazanan bakalavrlardan 20 nəfəri jurnalistika ixtisasını, 3 nəfəri isə kitabşünaslıq, xarici dil və ədəbiyyat müəllimliyi və regionşünaslıq ixtisaslarını bitirənlərdir.