Prezident günəş elektrik stansiyasının tikintisi müqaviləsini təsdiqləyib - SƏRƏNCAM

12 İyun 2021 19:02 (UTC+04:00)

Qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi üçün Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış müqavilənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalayıb. SİA-nın verdiyi məlumata görə, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 aprel tarixli 2561 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Hökuməti adından Azərbaycan Respublikasının energetika naziri tərəfindən 2021-ci il aprelin 6-da imzalanmış “Azərbaycan Respublikasının Hökuməti və “Masdar Azərbaycan Enerji” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Azərbaycan Respublikasında Ərazi 60 Günəş Enerjisi Layihəsi haqqında İnvestisiya müqaviləsi” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsində göstərilən müqavilənin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyun 2021-ci il