Anlaşma Memorandumunun təsdiq edilməsi barədə - FƏRMAN

12 İyun 2021 18:59 (UTC+04:00)

“Azərbaycan Respublikası Hökuməti İlə Türkiyə Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti Fərman imzalayıb. SİA-nın verdiyi məlumata görə, Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında” 2021-ci il aprelin 2-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyun 2021-ci il