Viran qalmış yurd yerimiz - Ağdamkənddən görüntülər

12 İyun 2021 15:55 (UTC+04:00)

İşğaldan azad edilmiş şəhər və kəndlərimizi gəzdikcə ermənilərin törətdiyi ölçüyəgəlməz vandalizm aktlarının şahidi olur, acı təəssüf hissləri keçiririk. Ermənilər 27 ildən artıq dövr ərzində işğal altında saxladıqları əraziləri ancaq talayıb, dağıdıb, məhv ediblər. SİA xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbiri Ağdam rayonunun Ağdamkənd kəndinə gedərək erməni vandalizmini lentə alıb.

Ağdamkənd kəndi Ağdam şəhərindən 3 kilometr şimal-şərqdə - Ağdam-Ağcabədi avtomobil yolunun kənarında yerləşir. İşğaldan əvvəl Ağdamkənd kəndində üzümçülük, heyvandarlıq, bağçılıq inkişaf etmişdi. Kənddə orta məktəb, uşaq bağçası, kitabxana, klub, tibb məntəqəsi var idi. Kəndin yaxınlığındakı su anbarından suvarmada istifadə edilirdi. İndi isə burada yalnız bir mənzərənin şahidi olmaq mümkündür - erməni vəhşiliyinin. Talan edilmiş, dağıdılmış, yandırılmış binalar dünyanın heç bir yerində, heç bir müharibəsində görünməmiş vəhşiliyin göstəricisidir. Erməni vandalları 27 il ərzində kəndi talayıb, yer üzündən siliblər. Vaxtilə kənddə mövcud olmuş yaşayış evləri və sosial binalardan əsər-əlamət qalmayıb.

Ağdam rayonunun Ağdamkənd kəndinin görüntülərni təqdim edirik.