“Belə davam etsə, normal həyata qayıda biləcəyik” - BAŞ İNFEKSİONİST

12 İyun 2021 15:33 (UTC+04:00)

"Azərbaycanda yoluxma sayının 100 civarında olması, bəzən ikirəqəmliyə düşməsi ondan xəbər verir ki, proses nəzarət altındadır". SİA xəbər verir ki bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, proses belə davam etsə, digər məhdudiyyətlərin də yumşaldılması tətbiq olunacaq və yaxın vaxtlarda normal həyata qayıda biləcəyik: "Hazırda ölkəmizdə əhalinin bir deyil, bir neçə vaksini əldə etməsinə imkan yaradılıb. Belə bir seçim imkanının yaradılması da uğurlardan biridir. Mayın ortalarında başlayaraq vaksinasiyanın sürəti bir qədər də artıb. Bir gün ərzində ən çox vaksin olunanların sayı 62 minin üzərində olub. Hazırda gündəlik vaksinasiyadan keçənlərin sayı 30-40 min arasında dəyişir".

Heç bir vaksin 100 faizlik səmərə vermədiyini deyən baş infeksionist bildirib ki, anticisimlərin yoxlanılması da immunitetin səviyyəsini bir o qədər dəqiq xarakterizə etmir: “Elə insanlar var ki, onlarda iki dozadan sonra ümumiyyətlə anticisimlər əmələ gəlmir. Onlara üçüncü dozanın vurulması məsələsi indi müzakirə edilir və araşdırılır. Peyvənd olunmaqla ilk növbədə ağırlaşma və ölüm hallarının qarşısı alınır. Digər tərəfdən bu, hər kəsin immun sistemindən asılıdır. Xroniki xəstəliklərdən əziyyət çəkənlərdə immunitetin əmələ gəlməsi bir qədər ləngiyir. Onlar mütləq şəkildə peyvənd vurdurmalıdırlar. Lakin peyvənd ediləndən sonra onlarda alınan nəticələr sağlam insanlardan fərqli ola bilər". T.Əliyev onu da bildirib ki, ölkəmizdə əhali arasında kütləvi immunitetin yaranmasından danışmaq hələ tezdir.

"Vaksinasiya Strategiyasında qeyd olunur ki, kütləvi immunitetin formalaşması üçün əhalinin təxminən üçdə ikisi peyvənd olunmalıdır. Daha doğrusu, kütləvi immunitet qazananların ümumi sayına təkcə peyvənd olunanların deyil, xəstəliyi keçirib təbii immunitet əldə edənlərin də sayı əlavə olunmalıdır. İndiyədək Azərbaycanda əhalinin 10 faizi peyvəndin hər iki dozasını alıb. 1,7 milyon vətəndaş isə yalnız birinci dozanı vurdurub. Ümumilikdə 100 min əhaliyə düşən peyvənd sayı 26 təşkil edir. Bu göstəriciyə görə MDB ölkələri arasında liderlər sırasında olsaq da, Avropa ölkələri və ABŞ-la müqayisədə aşağı yerləri tuturuq. Nəzərə almaq lazımdır ki, Azərbaycanda peyvənd istehsal olunmur. Lakin elə ölkələr var ki, orada peyvənd istehsal olunsa da, onu tətbiq edənlərin sayı o qədər də yüksək deyil. Məsələn, COVID-19-a qarşı peyvənd istehsal olunan Rusiya ilə müqayisədə ölkəmizdə peyvənd olunanların nisbi sayı çoxdur və bu sahədə olan göstərici də prosesin uğurla aparıldığını sübut edir”.