Daha iki karateçimiz mübarizəyə başlayır

12 İyun 2021 10:46 (UTC+04:00)

Azərbaycan karateçiləri Tokio Yay Olimpiya Oyunlarına növbəti vəsiqələr qazanmaq üçün Parisdə lisenziya turnirində mübarizə aparırlar. SİA xəbər verir ki, turnirin ikinci günündə karateçilərimizdən Roman Heydərov (kata) və Fəridə Abiyeva (kumite, 61 kq) güclərini sınayacaqlar.
“Pyer de Kubertyen” arenasında keçirilən yarışın birinci günündə karateçilərimizdən Firdovsi Fərzəliyev (67 kq) uğurla çıxış edərək üçüncü yeri tutmaqla Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

İyunun 13-dək davam edəcək turnirdə Azərbaycan 6 idmançı ilə təmsil olunur. Yarışda 98 ölkədən 500 karateçi Olimpiadaya vəsiqə uğrunda mübarizə aparır.