Allergik xəstəliyi olanlara tövsiyə - HƏKİMDƏN AÇIQLAMA

11 İyun 2021 15:56 (UTC+04:00)

Alimlərin tədqiqatlarına əsasən planetimizin hər yeddi adamından biri allergiyaya düçardır, başqa sözlə, gündəlik həyatda rast gəlinən hər hansı bir təsirə qarşı yüksək hissiyata malikdir. Ən çox yayılmış təsiredici amillər – qida məhsulları, bitki mənşəli tozcuqlar və ev tozudur. Bununla yanaşı yüzlərcə digər allergen adlandırılan amillər mövcuddur ki, bunlara dəri məmulatları, heyvan yunu, kəpək, quş lələyi, kosmetika, məişət kimyası, dərmanlar, bəzi bitki yağları, günəş şüası aiddir. Allergenlərin orqanizmə daxil olma yolları müxtəlifdir. Məsələn, onlar orqanizmə dəridən, tənəffüs və qida yolları vasitəsilə keçirlər.

Məsələ ilə bağlı həkim infeksionist Xatirə Əliyeva SİA-ya açıqlamasında bunları deyib: "Bildiyimiz kimi, yaz və yay aylarında allergik xəstəliklərə daha çox rast gəlinir. Bu aylarda ağaclarda tozcuqların uçuşması ilə əlaqədar bəzi insanlar daha da həssas olur. Həssas insanlarda da allergiyanın əmələ gəlməsinə səbəb olur”.

Həkim sözlərinə belə davam edib: "Ümumiyyətlə, allergiyanın səbəbləri müxtəlifdir. Bəzi insanlarda dərmana, bəzilərində qidaya, bəzilərində isə toza qarşı allergiyalar müşahidə olunur. Məsləhət görərdim ki, əgər allergiyanız varsa, mütləq allerqoloqa müraciət edin. İlk öncə allergiyanın dəqiq səbəbləri araşdırılsın. Daha sonra isə müalicə prosesinə başlanılsın. Müalicəni isə mütləq allerqolok həkim təyin etməlidir".

Ayşən Vəli