Qızqaçırma: “başlıq”dan qaçmaq, yoxsa zorakı evlilik? - ARAŞDIRMA

11 İyun 2021 14:46 (UTC+04:00)

Hüquqşünas: “Qızqaçırma insan oğurluğu olaraq hüquqi baxımdan cinayət sayılır”

Psixoloq: “Zorla qaçırılan qızlarda bütün kişilərə qarşı nifrət hissi formalaşır”

“...Əvvəlcə biri ağzımı əlləri ilə qapadı, sonra o biri qollarımı dartıb arxamda çarpazladı, ikisi ayaqlarımdan tutdu, başqası da maşını sürüb yaxına gətirdi, sonra da birləşib sürüyə-sürüyə məni maşına oturtdular, ərtafımdakı o qədər insandan biri mənə kömək etmədi...”

Herodot qız qaçırmadan nə yazıb?

Son vaxtlar bir az azalan, amma hələ yox olmayan bir adət var, qız qaçırma adəti. Bu adətin hardan gəlməsi, necə yaranması, hansı səbəblə gerçəkləşdirilməsi barədə bir az araşdırma etdik. Gedib qədim Yunanıstana çıxdıq. Herodot yazır ki, finikiyalılardan gələn bu adət bir zamanlar bir kralın qızının qaçırılması ilə başlayıb.

Aralıq dənizindən reallaşdırdıqları dəniz səyahəti zamanı finikiyalılar ticarət məqsədi ilə yunan sahillərini də gəzirlər. Arqos (sonrakı adı Ellada) kralının qızı İo bir neçə qızla dəniz sahilinə gəlir və finikiyalıların qurduğu bazarda gəzişir, gəmilərdəki mallara baxır. Bu vaxt finikiyalılar İo və bir neçə qızı tutub gəmidə gizlədirlər və Misirə aparırlar. Yunanlar eyni qayda ilə cavab verirlər, Tir kralının qızını əvəzində qaçırırlar. Beləcə, öz aralarında ödəşmiş olurlar.

Bununla da iki xalq arasında qız qaçırma yarışı başlayır, biri digərinə inad qız qaçırır, o biri də qisas almaq üçün əvəzində onlardan bir qız aparır. Heredot bu qız qaçırma yarışından bəhs edərkən yazır: “İo əslində öz istəyi ilə qaçırılıb, çünki həmin gəminin kapitanı ilə eşq yaşayıb və hamilə qalınca qoşulub qaçmağa qərar verib. Bir qadını qaçırmaq haqsızlıqdır, amma buna görə intiqam almaq da çılğınlıqdır, həm də qadın istəməsə kişi onu qaçıra bilməz”.

Qaçırılmalarla qurulan izdivaclar boşanma ilə nəticələnir?

Azərbaycanda qızqaçırma hadisələri tez-tez baş verir və bir növ ənənəyə çevrilib. Aparılan araşdırmalara əsaslanaraq deyə bilərik ki, qız qaçırma hallarının bir hissəsi hər iki tərəfin razılığı ilə olur. Belə ki, valideynlərin razılıq vermədiyi izdivacı qurmaq istəyən gənclər çıxış yolunu bunda görür. Bəzən də qızın ailəsi razı olmur, oğlan tərəfi məsələni bu cür “həll edir”.

Qeyri-rəsmi statistikaya görə, qız qaçırılması hallarının 95%-i evlilik məqsədi ilə olur. Çox maraqlıdır ki, zorla qaçırılma ilə qurulan ailələrin 75%-i boşanma ilə nəticələnir. Amma qızın şəxsən öz istəyi ilə qaçması faktı da az deyil. Eləcə də, ailələr arasında düşmənçilik varsa, biri digərinin qızını qaçırıb sonra geri qaytarmaqla da qisas alır. Bu cür hallar Türkiyədə və İranda daha çox baş verir.

Bir çox hallarda qaçırılan qız bu nigaha razı olmasa da geri dönmür. Bizim cəmiyyətdə bu cür qızlara normal baxmırlar, günahı olmasa belə hamı onu günahlandırmağa həvəslidir.

Sosioloq: “Cəmiyyət o qızın həyatını məhv etdi”

Ümumiyyətlə, qız qaçırılmasının həm mənəvi, həm də maddi tərəfdən bir çox səbəbi var. O cümlədən, ölkəmizin hər bölgəsində bu məsələyə başqa cür münasibət var. Sosioloq Səidə Qarayeva deyir ki, əksər rayonlarda qız qaçıran oğlana qəhrəman kimi baxırlar. Amma elə rayonlarımız da var ki, qızı qaçırılan ailə hədsiz dərəcədə mənəvi sarsıntı keçirir, bu isə son nəticədə düşmənçiliyə belə səbəb olur.

Sosioloq deyir ki, bu məsələdə əsas maddi amillər böyük rol oynayır. Bəzən iqtisadi vəziyyəti yaxşı olmayan ailələr bu vasitəyə əl atırlar. Çünki adətlərə görə, qız evinə hədiyyələr, xonçalar aparılmalıdır. Buna imkanı olmayanlar da qaçırmanı planlaşdırırlar:

“Bəzən də gənclər sevir, amma valideynlər razı deyil, o zaman onlar “qoşulub qaçırlar”. Bəzən isə qız razı olmur, oğlan qaçırmaqla məsələni həll edir. Bu, artıq cinayət məsuliyyəti deməkdir. Oğlan tərəfi bunu bilir, amma ümid edir ki, qaçırılan qız adı çıxmasın deyə geri qayıtmayacaq və şikayət etməyəcək”.

Ekspertin fikrincə, bəzən qaçırılan qızlar sevmədiyi biri ilə ailə qurmaq istəmir və geri qayıtmağa özündə güc tapır: “Cəmiyyət bu cür qızlara birmənalı baxmır. Şəxsən tanıdığım bir ailənin başına bu cür əhvalat gəlmişdi, qızın əl-qolunu burub zorla qaçırmışdılar, heç mənzil başına çatmamış yolda qovalayıb maşını saxlamışdılar və qızı geri qaytarmışdılar. Amma cəmiyyətin qınağı o qızın həyatını məhv etdi. İnsanlar “əl dəyib, qaçırılıb, artıq alan olmaz” deyə qeybət edir bu cür hallar olanda”.

Başlıq pulu: Ay alan, qız satıram!

Bəzi bölgələrimizdə “başlıq pulu” deyilən bir məfhum da var. Bu, ərə verilən qıza görə valideynlərinin tələb etdiyi müəyyən məbləğdə puldur. Daha dəqiqi desək, bu, qızını bir neçə min manata satan valideynin “qəniməti”dir. Get-gedə azalan bu adətin də kökündə hansı səbəblərin durduğunu öyrənməyə çalışdıq.

Qıza görə başlıq tələb edilməsi məsələsi ilə bağlı sualımıza cavab verən sosioloq bildirdi ki, başlıq daha çox inkişaf etməmiş ölkələrin problemidir. Orta Asiyada, xüsusilə də Özbəkistanda bu məsələ daha qabarıqdır: “İranda isə bu məsələ arzuolunmaz həddə çatıb. Orada gənclərin başlıq puluna gücləri çatmadıqları üçün çoxusu Azərbaycana gəlib burda evlənir. Bizdə bu qədər çox yayılmayıb. Valideynlər cox vaxt tamahkarlıq məqsədi ilə alır başlıq pulunu.

Bəzisi də dəb xatirinə alır. Bu cür insanlarda belə bir fikir formalaşıb ki, başlıq almadan qız ərə verirsə ətarfdakılar deyəcək ki, filankəs qızının qiymətini bilmədi. Başlıq pulu almayan və ya az alan atalara cəmiyyət lağ edir ki, qızına heç nə vermədilər ya da ki, az verdilər. Bu fikirləri atmaq lazımdır, düşüncədə, təfəkkürdə dəyişiklik lazımdır. Qız uşağı mal, məhsul deyil ki, pulla satasan. Ailə də pulla adam alınıb qurulmur”.

Qızqaçırma insan oğurluğu olaraq hüquqda cinayət sayılır

Hüquq məsləhətçisi Kamran Məmmədov deyir ki, bu, konkret olaraq insan oğurluğudur: “Bir insanı zorla, əl-qolunu bağlayaraq istəmədiyi bir şeyə məcbur etmək- qaçırmaq cinayətdir. Əgər qız şikayətçi olmasa, qanunla bu cinayət sayılmır. Yox, qız şikayət edərsə, bunu edənlər Cinayət Məcəlləsinin 144.1 maddəsi ilə mühakimə edilir. Bu maddəyə görə, adam oğurluğu 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 144.2.3. maddəsinə görə hadisə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə cəzası daha da artır. Bu halda həmin şəxslər 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yeri gəlmişkən qeyd edək ki, qanunvericiliyimizdə qaçırılan qızın ona dəymiş fiziki, mənəvi zərərə görə kompensasiya ödənilməsi tələbi barədə heç bir maddə yoxdur.

Hüquqşünas Elçin Namazovun sözlərinə görə qaçırılma, qanunların dili ilə desək adam oğurluğu yetkinlik yaşına çatmamış şəxsə qarşı törədilibsə, o zaman həbs müddəti artırılır: “Cinayət Məcəlləsinin 144.3. maddəsinə görə hadisə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda- 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs isə cinayət məsuliyyətindən azad olunur”.

Psixoloq: “ Qaçırılan qızlarda güvənmə hissi əbədi olaraq yox olur”

Qaçırılma zamanı qızların keçirdiyi stress, qoxu və digər psixoloji problemlər barədə suallarımızı cavablandıran psixoloq Aydın Əsədov bildirdi ki, başına bu cür hadisələr gəlmiş qızlar bir də heç vaxt kimsəyə güvənmirlər: “Onlar ətraflarına sədd çəkirlər və mümkün olduğu qədər kimsəni bu səddi keçməyə qoymurlar. Sonradan ailə qura bilirlər, amma həyat yoldaşlarına belə güvənə bilmirlər. Qaçırılan qızlarda bütün kişilərə qarşı qəribə bir nifrət hissi yaranır”.

Aydın Əsədov bildirdi ki, pasiyentləri arasında indiyədək cəmi bircə nəfər bu məsələ ilə bağlı müraciət edən olub: “Qızlar bu hadisəni heç vaxt unutmurlar, yol gedərkən, evdə olarkən, əylənərkən, iş görərkən onların ağlında cəmi bir şey var- “mənə kimsə zərər verəcək!”. Köməyimizdən yararlanmaq istəyən həmin qız ətrafının münasibətindən şikayət edirdi, hamının ona tənə, kinayə və dirnaqarası baxmasından danışırdı və onu üzən ən mühüm şeyin məhz bu davranışlar olduğunu deyirdi”.

Psixoloq deyir ki, qaçırılan qız onu qaçıran oğlanla ailə qurursa, bu, bəzi hallarda daha böyük problem yaradır. Çünki ailə güvən hissi üzərində qurulmalıdır, ailənin təməlində bu hiss olmasa heç vaxt möhkəm olmaz. Çox vaxt da belə olur. Qaçırılma ilə qurulan ailələr tez dağılır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb.