Son dövrlər demək olar ki, tez-tez “3 yaşlı uşaq quyuda boğuldu“, “4 yaşlı uşaq hündür yerdən yıxılaraq öldü”, “2 yaşlı uşağı elektrik cərəyanı vurdu“, “6 yaşlı uşaq dənizdə boğuldu“, “5 yaşlı uşağı maşın vurdu“ kimi xəbərləri eşidirik. Əlbəttə, bu cür hadisələrin baş verməsinin əsas səbəblərindən biri də valideynlərin övladlarına düzgün nəzarət etməməsi, yetərincə diqqətli davranmamaları və ən əsası da övladlarına deyil, telefonlarına vaxt ayırmalarıdır. Bu yaxınlarda iki uşaq və valideyn “selfie” çəkdirərkən hündürlükdən yıxılaraq ölüblər. Belə valideynlərin diqqətsizliyi nəticəsində də elə bu cür bədbəxt hadisələr baş verir. Tək Azərbaycanda yox, digər ölkələrdə də bu kimi hallar tez-tez baş verir. Türkiyədə ehtiyatsızlıq səbəbindən 8 yaşlı uşağın 10 metrlik hündürlükdən beton yerə yıxılmasını, Almaniyada 5 yaşlı uşağın diqqətsizlik səbəbindən aeroportda unudulması kimi halları misal olaraq göstərmək olar. Əslində valideynlərin telefona ayırdıqları vaxtı övladlarına ayırsalar, biraz daha məsuliyyətli olub uşaqlarını diqqətdə saxlasalar ölkədə bu cür bədbəxt hadisələrin də sayı azalar. İlk növbədə balaca uşaq olan evdə hər şey onlara uyğun yerləşdirilməlidir. Məsələn, elektriklə işləyən cihazlar, şüşə qablar, uşaqlar üçün təhlükəli olan əşyalar uşaqların əli çata bilməyən yerlərə qoyulmalıdır. Bundan başqa, valideynlər uşaqlarını oynamaq üçün küçəyə yollayanda da onları nəzarətsiz saxlayırlar. Elə bu səbəbdən də avtomobil vurması nəticəsində dünyasını dəyişən uşaqların sayı günü-gündən artır. Lakin bədbəxt hadisələr bununla da yekunlaşmır.
Əlilliyə və ölümə gətirən səbəblər
Uşaqların məişətdə aldığı travmalar arasında geniş yayılanlardan biri də yanıq zədələridir. Bu kimi halların baş vermə səbəbləri də məhz valideynlərin məsuliyyətsizliyi, laqeydliyi və diqqətsizliyi ilə əlaqədardır. Uşaqlara şəxsi təhlükəsizlik qayda-qanunlarını, intizamını öyrətməyən valideynlər sonradan bunun ağır nəticələri ilə qarşılaşırlar. Ehtiyatsızlıq təkcə ölümlə nəticələnmir. Uşaqların yanıq travması alma təhlükəsi daha çox məktəbəqədərki yaş dövründə görülür. Bu kimi hallar valideynin diqqətsizliyi, məsuliyyətsizliyi səbəbi ilə uşaqların üzərinə qaynar su qabların aşırması və ya mətbəxdə, vanna otağında qaynar suya düşməsi nəticəsində baş verir. İsti predmetlərə toxunma yanıq zədələrinin sayını da artırır. Kiçik yaşlı məktəbli uşaqlarda isə alovla oynamaq və ya metal predmetləri enerji yuvalarına salmaq kimi maraqları olur ki, bu cür zədələr əlillik və yaxud ölümə belə səbəb olur. Belə yaralanmalar elektrikə xüsusi marağı olan oğlan uşaqları arasında daha çoxdur. Bütün bu sadalanan faktlardan görünür ki, uşaqların belə travmalar almasında birbaşa və ya dolayısı ilə valideynlərin telefondan başını qaldırıb, uşağa baxmamasından qaynaqlanır. Əgər kiçik yaşlı uşaqlarda ehtiyatsızlıq və ya diqqətsizlik üzündən bu hadisələr baş verirsə, nisbətən böyük yaşlı uşaqlarda bu, məlumatsızlıq səbəbindən olur.
Bundan əlavə laqeydliyin və sui-istifadənin uşağa ömürlük təsiri olduğu danılmaz bir həqiqətdir. Valideynlərin uşaqların problemlərinə qulaq asmaması, onun problemlərini həll etməməsi, əksinə “başını qatmaq” üçün əlinə bahalı telefonun verilməsi nəticəsində uşaqlar özlərinə qapanır və bir növ sanki ailədən, cəmiyyətdən istismar olunur. O qədər ki, bəzən bu vəziyyət istismar dərəcəsinə və davamlılığına görə ölümlə nəticələnə bilər. İnsan öz problemlərinə və ailəsi ilə yaşadığı problemlərə görə tənha olur. Tənha olduğu üçün uşaqda yalnızlıq, internet asılılığı, sosial media bağımlılığı, telefon və planşet bağımlılığı ilə başlayır və özünü tamamilə bağlayır. Bu asılılıq onu intihara bir addım daha yaxınlaşdırır. Çünki bu tənhalıq dövründə sosial media, internet, telefon və planşet onu daha da tənha edir. Uşaq otağında internet qarşısında saatlarla vaxt keçirərkən ailələr daim yoxlamalı, hansı saytlara daxil olduqlarını, internetdə nə kimi araşdırmalar apardıqlarını diqqətlə izləməlidirlər. Bir çox valideynlər övladlarının niyə mobil telefonunu tərk etmədiklərini düşünürlər, amma bu vərdişin özlərindən başladığını anlamırlar. Uşaq evdə valideynin bütün gün əlində telefon məşğul olduğunu görür və bundan da bir örnək götürür. Valideynlərdə ağıllı telefonlara olan asılılıq yalnız uşaqlara mənfi təsir göstərmir həmçinin valideynlərə də mənfi təsir göstərir. Ancaq valideynlərin ağıllı telefonlara aludə olması səbəbindən uşaqların risk altında olması ilə bağlı bir neçə ay əvvəl "Sosial təcrübə" ilə video hazırlandı. Uşağını parka gətirən ata skmayada oturaraq telefonla oynayır. Bu zaman uşağa biri yaxınlaşır və ona konfet təklif edir. Daha sonra onu daha çox konfet tapmağa dəvət edir və uşaq təklifi qəbul edir. Hər şey saniyələr içində olur, uşağın atası isə mobil telefonla məşğuldur. Valideyn övladının parkda olmadığını anladıqda onu axtarmağa başlayır və bu zaman videonu hazırlayan insanlar ortaya çıxır və valideynlər diqqətli olmadıqda bir uşağı oğurlamağın nə qədər asan olduğunu izah edirlər.

"Altay" Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, sosioloq Elçin Bayramlı bu məsələyə münasibət bildirib: "Son vaxtlar azyaşlı uşaqların ölüm hallarına tez-tez rast gəlinir. Bu da valideynlərin diqqətsizliyi ilə bağlıdır. Bir çox şərtlər var ki, evdə təmin olunmalıdır. Məsələn xüsusilə bina evlərində pəncərələrin qarşısına komot, stol və yaxud digər mebel əşyaları qoymaq olmaz. Pəncərələrə xüsusi qurğu düzəldilməlidir ki, uşaq aça bilməsin. Müəyyən balkonlarda “reşotka” olmalıdır. Bunlar məsələnin bir tərəfidir. İkinci tərəfi isə valideyn diqqətsizliyidir. Axır vaxtlar əksər, xüsusilə də evdar qadınlar daha çox televiziya qarşısında, əllərində smartfon internetdə vaxt keçirirlər və uşağı nəzarətsiz qoyurlar. Belə olduqda da uşaq gözdən yayınır və hər hansı bir faciə baş verir. Valideyn olmaq elə də asan bir şey deyil. Müəyyən bir yaşa qədər, ən azı 5-6 yaşa qədər saniyə-saniyə uşaq nəzarətdə olmalıdır. Evdə birinin işi varsa digəri uşağa nəzarət etməlidir. Azyaşlı uşaqları diqqətdən yayındırmaq olmaz. Bu xüsusilə bina evlərinə birmənalı şəkildə aiddir. Son vaxtlar görürük ki, valideyn yolda uşağa nəzarət etmir, başı telefona qarışıb, uşaq da qaçıb yolun ortasına çıxır və yaxud səkidən yıxılır. Eyni şeylər evdə də olur.
Valideynlərin məsuliyyət məsələsi bizdə qanunla tənzimlənmir. Amma bir çox ölkələrdə bu kimi hallar baş verdikdə valideyn sərt cəzalandırılır. Bizdə istər həyətdə, istər evdə, istər şəhərdə, küçədə gəzərkən “əşi heçnə olmaz” prinsipi ilə uşağı tamamilə buraxır. Bu yaxınlarda azyaşlı uşaq binanın 16-cı mərtəbəsindən yıxılaraq öldü. Heç bir valideyn istəməz ki, belə bir hal yaşansın. Amma ev sakinlərindən ən azı biri uşağı diqqətdə saxlasaydı, nəzarət etsəydi bu ola bilməzdi. Bu məsələ ilə bağlı sosial roliklər hazırlanmalıdır ki, körpə uşaq olan evlərdə avadanlıqlar və əşyalar necə qurulmalıdır. Ağıla gəlməyən o qədər şərtlər var ki, valideyn bunu bilməyə borcludur. Bilmirsə zəhmət olmasa dünyaya uşaq gətirməsin. Əvvəlcə bunları bilib, hazır olmalıdır, sonra dünyaya uşaq gətirməlidir".

Mövzuya psixoloq Vüsalə Əmiraslanova münasibət bildirib: "Ümumiyyətlə son vaxtlar bəzi valideynlərin işləri onlayn olduğuna görə, telefonla çox vaxt keçirirlər və ya evdar xanımlardısa çox vaxt telefon vasitəsilə söhbət etməyə meyilli olurlar. Görüntülü danışıqlar apardıqları zaman çox vaxt uşaqlar tək başına qalır. Əlbəttə ki, uşaqlara diqqət olunmalıdır. Xüsusən də biz bilirik ki, balkonu olan evlərdə uşaqları balkona buraxmamalıyıq, “setka”dan baxmağa qoymamamlıyıq, istər-istəməz yanında oluruq. Bəzən valideynlər həqiqətən də o qədər söhbətə, ev işlərinə aludə olurlar ki, uşaqlarını unudurlar. Ona görə də uşaqların ölümü kimi xoşagəlməz hadisələr baş verir. Sadəcə bir şeyi bilməlidirlər ki, valideynlər təkcə uşaqlarını yedizdirən şəxs deyil, həmçinin onun sağlamlığı və psixologiyasını qoruyan şəxsdir. Ona görə də diqqətli olmaq lazımdır.
Əgər balacadırsa uşaq yatarkən biz işlərimizi görə bilərik, əgər böyükdürsə ona müəyyən tapşırıqlar verib nəzarətdə saxlamaq lazımdır. Evdə balaca uşaq varsa yatmaq belə olmaz. Çünki hər an hər şey baş verə bilər. Ona görə də daim azyaşlı uşaqları nəzarət altında saxlamaq lazımdır".
Texnologiya hər kəs üçün əlçatan bir həqiqətdir, amma hər şey kimi onun istifadəsi ilə bağlı məhdudiyyətlərə, əsas qaydalara ehtiyac var. Kompüter və mobil telefonlar valideynlərdən, uşaqlardan vaxt oğurlayır. ABŞ-ın İllinoys əyalətindən olan tədqiqatçılar, valideynlərin uşaqlarına cihazlara giriş üçün neçə dəfə qayğı göstərməyi dayandırdıqlarını təhlil etdilər. Buna paralel olaraq uşaqların davranışlarını müşahidə etdilər. ABŞ-da aparılan tədqiqatlara görə, valideynlərin demək olar ki yarısı telefonla məşğul olmaq üçün gündə 3 dəfə və ya daha çox uşaqları ilə fəaliyyətləri dayandırdıqlarını söylədi; valideynlərin 1/4-dən bir qədər çoxu 2 dəfə ara verdiklərini və yalnız 17% -i yalnız bir dəfə dediklərini söylədi. Valideynlərin yalnız 11% -i yalnız övladları ilə məşğul olduğunu bildiriblər.
SİA mövzu ilə əlaqədar paytaxt sakinlərinin fikrini öyrənib:

Paytaxt sakini Abutel İsmayıllı: "Uşaq yetişdirmək olduqca məsuliyyətli işdir. Ama son zamanlarda bu məsələlər adi bir hal alıb. Məsuliyyətsiz valideyinlərin cəzasını məsum körpələr çəkir. Çox insan bu məsuliyyəti dərk etmədən övlad sahibi olurlar. Bunların səbəbi erkən nikahdır. Günümüzün ən böyük problemlərindən biri telefonlardır. Valideynlər övladlarını nəzarətsiz buraxırlar. Əllərində telefon uşaqları ilə maraqlanmırlar. İndi hər kəsin əlində bir telefon övlad qalıb qıraqda və buna görə, ölkədə yüzlərlə uşaq valideyn diqqətsizliyinin qurbanı olurlar".

Paytaxt sakini Banuçiçək Hüseynli: "Uşaqların əsasən də azyaşlı uşaqların ölümünə təbii ki, qarşıyam. Bu halların əsas səbəbi də valideyn diqqətsizliyi, məsuliyyətsizliyi ucbatından baş verir. Valideynlər daha diqqətli davransalar, uşaqları nəzarət altında saxlasalar bu kimi halların artmasının qarşısını ala bilərik".

Paytaxt sakini Emin Qasımov: "Ani bir diqqətsizliyin nələrə səbəb olacağını 2-3 gün bundan qabaq azyaşlı uşağın hündürlükdən yıxılaraq ölməsi ilə aydın şəkildə görmək mümkündür. Övladlara diqqət və qayğı ilə yanaşmaq lazımdır. Unutmaq olmaz ki, dünyada milyonlarla insan övlad həsrəti ilə yanıb tutuşur. Çox təəssüf ki, diqqət və ehtiyatsızlıq ailədə bir ömürlük övlad acısına səbəb oldu. Tövsiyyəm budur ki, ailələr daha ehtiyatlı olmalı, övladını səssiz qalması üçün telefonla, televizorla özlərindən uzaqlaşdırmamalıdır.Uşaq yetişdirmək olduqca məsuliyyətli işdir. Amma son zamanlarda bu məsələlər adi bir hal alıb. Məsuliyyətsiz valideyinlərin cəzasını məsum körpələr çəkir. Çox insan bu məsuliyyəti dərk etmədən övlad sahibi olurlar. Bunların səbəbi erkən nikahdır. Günümüzün ən böyük problerindən biri telefonlardır. Valideynlər övladlarını nəzarətsiz buraxırlar. Əllərində telefon uşaqları ilə maraqlanmırlar. İndi hər kəsin əlində bir telefon övlad qalıb qıraqda və buna görə, ölkədə yüzlərlə uşaq valideyn diqqətsizliyinin qurbanı olurlar".

Paytaxt sakini Səbinə Hüseynli: "Uşaqlar evdə, ailədə anasından, atasından bir sözlə ailədəki böyüklərdən nə görürsə onu da götürür. Uşaq görür ana-ata bütün günü əllərində telefonla məşğuldur. Belə olan halda da uşaq da telefon istəyir. Uşaqların özünə qapanıb, cəmiyyətdən uzaqlaşması, ölüm hallarının yaranması məhz telefondan, diqqətsizlikdən yaranır".
İngiltərədə 8-14 yaş arası 1000 uşaq üzərində aparılan bir araşdırma, bu gün yeniyetmələr və böyüklər üçün həyatın vazgeçilməz bir hissəsinə çevrilən smartfonlarla bağlı təəccüblü həqiqətləri ortaya çıxarıb:
- Uşaq-valideyn davalarının əsas səbəbi indi ağıllı telefonlardır. Mütəxəssislərin fikrincə, uşaqlar smartfondan istifadə vərdişlərini ailələrindən almış ola bilərlər. Araşdırmaya qatılan valideynlərin əksəriyyəti gün ərzində telefonlarına 124 dəqiqə daha çox vaxt sərf etdiklərini etiraf ediblər.
- Uşaqlar 14 yaşına çatdıqda 30.000 “WhatsApp” mesaj göndərmiş və həyatlarının 3 həftəsini video söhbətə sərf edirlər. Telefona sərf etdikləri ümumi vaxt isə 6 aydır.
- 14 yaşınadək uşaqlar Facebook, Snapchat və Instagram kimi sosial media platformalarında gündə 1 saatdan çox vaxt sərf edirlər.
- 10 uşaqdan 6-sı səhər durandan sonra gördükləri ilk şey və gecə yatmazdan əvvəl gördükləri son şey mobil telefondur..
- Uşaqların 40%-i telefonları olmadan "itkin" olduqlarını söylədikləri halda, yalnız yüzdə 7%-i "telefonum olmasa özümü daha azad hiss edərdim" deyib.
Arzu Elsevərqızı