Şəhər mədəniyyəti və mədəniyyətsizlik - ARAŞDIRMA

10 İyun 2021 16:06 (UTC+04:00)

Təmizliyə riayət edilməsinə, ələlxüsus paytaxtın küçələrində, parklarında və digər yerlərdə ətrafın zibillənməməsinə diqqətlə yanaşmaq lazımdır və bu məsələ hər zaman öz aktuallığını qoruyur. Nəzərə almaq lazımdır ki, bu, yəni təmizliyə riayət edilməsi bizim özümüz üçün vacibdir və bilavasitə bizim özümüzdən asılıdır. Bir sözlə, xüsusi inzibati tədbirlər, cəza tədbirləri, cərimələr olmadan belə özümüz təmizliyi qorumalı, hətta buna çox həssas yanaşmalıyıq.

Doğrudur, Bakı dünyanın ən təmiz şəhərləri siyahısındadır və günü-gündən gözəlləşdiyi, abadlaşdığı da göz önündədir. Ümumiyyətlə, paytaxtda abadlıq işlərinin aparılması, təmizliyə nəzarət dövlətin diqqət mərkəzindədir və ən prioritet məsələlərdəndir. Əlbəttə ki, şəhərin təmizliyinin qorunması inzibati qaydalarla mühafizə olunur və ətraf mühitin çirkləndirilməsinə görə inzibati cəza tədbirləri, cərimələr də mövcuddur. Bununla yanaşı, inzibati qaydalar tətbiq olunmadan belə vətəndaşların, paytaxt sakinlərinin ətrafı zibilləməməsi, təmizliyi qoruması təqdirəlayiq hal hesab olunmalıdır. Əfsus ki, bəzən bunun əksini müşahidə edirik və zibil tullantılarına ara-sıra rast gəlinir.

Görünür, bəzi vətəndaşların, paytaxt sakinlərinin bu barədə, şəhərin təmizliyinin qorunmasının vacibliyi barədə maariflənməsinə ehtiyac var və onlar bilməlidirlər ki, ətraf aləmi zibilləmək, çirkləndirmək olmaz. Məhz sakinlərin təmizliyə riayət etmələri, ətrafı çirkləndirməmələri, zibilləməmələri istiqamətində inzibati tədbirlərdən əlavə, hansısa işlərin, məsələn, maarifləndirmə tədbirlərinin əhəmiyyəti, rolu, bu istiqamətdə fəaliyyətlə əlaqədar Səs İnformasiya Agentliyi olaraq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentindən bildirildi ki, şəhərin təmizliyi hər zaman diqqət mərkəzindədir.

“Bununla əlaqədar səhər saatlarından etibarən komunal xidmətləri əməkdaşları gün ərzində mütəmadi olaraq qrafikə əsasən şəhərin bütün ərazisində təmizlik işləri görürlər. Lakin, onların işində müəyyən çətinliklər, problemlər də yaranır. Bu da bizim vətəndaşlarımız tərəfindən yaradılır. Çümki, zibil qutuları olmasına baxmayaraq, tullantıları, zibilləri hara gəldi atırlar ki, bu da şəhərin çirklənməsinə səbəb olur. Məsələn, atılan selofan torbaları külək qaldırır və tullantılar bütün ətrafa dağılır.

Zibillərin yığılması və utilizasiya edilməsi sahəsində işləri daha da genişləndirmək məqsədi ilə Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamenti ilə Böyük Britaniyanın “Mott MacDonald” şirkəti arasında 2019-cu ildə müqavilə imzalanıb və pilot layihə kimi Nərimanov rayonu götürülüb. Həmin bu şirkətin hazırladığı layihə əsasında Nərimanov rayonunda məişət tullantılarının yığılması, çeşidlənməsi və utilizasiya üçün göndərilməsi prosesi həyata keçirilir. Bunun üçün yeni məişət kontenerləri alınıb. Həmin məişət kontenerləri plastik materialdan olsa da çox davamlı, dözümlü bir materialdandır. Məişət tullantıları üçün nəzərdə tutulan kontenerlərin ağzı germetik qaydada bağlanılır. Bu ağzı bağlı kontenerlər həm ayaqla, həm də əllə açılan kontenerlərdir və bunlar da güclü külək vaxtı məişət tullantılarının, onların pis qoxularının əraziyə yayılmasının qarşısını alır. Gündəlik olaraq vətəndaşlar tərəfindən atılmış, çeşidlənmiş məişət tullantıları ayrıca, narıncı rəngdə kontenerlərə yığılır və narıncı rəngdə xüsusi nişanlanmış avtomobillər, cənab Prezidentin ayırdığı vəsait hesabına alınan 57 ədəd Bakı şəhəri üzrə məişət texnikası vasitəsi ilə daşınır.

Vətəndaşlarımızdan da xaişimiz odur ki, şəhərimizin gözəlləşməsi, təmizlənməsində öz əməklərini əsirgəməsinlər, bu işlərdə iştirak eləsinlər, şəhəri çirklənməyə qoymasınlar, harda gəldi tullantıları atmasınlar. Ümumilikdə, bunlar hamısı bizim şəhərimizin gözəlləşməsində və xaricdən gələn qonaqlarda, digər insanlarda şəhərimiz barəsində yaxşı təəssürat yaranmasında böyük rol ounayır. Onlar da bizim şəhərin təmizliyini görüb, qoy gedib bunu təbliğ eləsinlər”, deyə qurumdan məlumat verildi.

Təmizliyə riayət olunmasının, şəhərin çirkləndirilməməsinin vacibliyinə münasibətilərini öyrənmək üçün sakinlərə də müraciət etdik. Paytaxt sakini, şair-publisist Fəxri Müslim ilə söhbət etdik və həmsöhbətimiz vurğuladı ki, hər necə olur-olsun təmizlik qorunmalı, ətraf zibillənməməlidir.

“Əvvəllər zibil qabları bir qədər çox idi, amma indi bir qədər azalıb və kimsə oturduğu yerdən durub zibil qabına yaxınlaşmalı, zibili də ora atmalıdır ki, ola bilsin, bəziləri buna görə tənbəllik edirlər. Amma, əlbəttə ki, hər necə olur-olsun təmizlik qorunmalı, ətraf zibillənməməlidir.

Biz gənclərimizdən çox razıyıq və əgər belə gənclik olmasaydı biz müharibədə qələbə çalmazdıq. O soyuqda, çətin şəraitdə sinəsini qabağa verib torpaqlarımızın azad edilməsində gənclərimizin əvəzsiz rolu oldu. Gəncliyimiz çox layiqlidir və heç şübhəsiz ki, onlar normalara, qaydalara riayət edərək ətrafı zibilləməkdən çəkinməlidirlər.

Ətraf aləmi zibilləməmə məsələsində ailə tərbiyəsi çox önəmlidir. Əlbəttə ki, ictimai mühitin də rolu var və insanların düşdükləri mühitin də təsiri danılmazdır. Əgər kiminsə ailə tərbiyəsində, eləcə də düşdüyü mühitdə qüsurlar varsa, bu zaman ətrafını zibilləmək kimi xoşagəlməz hallara yol verəcək. Ailə tərbiyəsi, məktəb tərbiyəsi, cəmiyyətdə görülən tərbiyə böyük şeydir və insanın düşdüyü mühitdən çox şey asılıdır. Tövsiyyəm isə ondan ibarətdir ki, insanlar aldıqları tərbiyədən, tədrisdən, təhsildən, gördükləri cəmiyyətdən bəhrələnsinlər”, deyə Şair-Publisist Fəxri Müslim öz tövsiyyələrini əsirgəməyib.

Digər bir şəhər sakini, Rauf Ələkbərov isə giley-güzar etdi və insanlar tərəfindən təmizliyə riayət edilməməsinə, bəzilərinin ətrafı zibilləməsinə görə şikayətləndi.

“Şəhərdə, küçələrdə, parklarda insanların gəzdikləri, oturduqları, istirahət etdikləri yerləri zibilləməsinə, yerə zibil atmasına mən çox pis baxıram. İnsanlarda etika, tərbiyə olmalıdır. Bəzən görürsən ki, kimsə istifadə etdiyi hər nə isə onun boş qalan qabını yerə atıb. Hətta siqaret kötüklərini belə kimlərinsə yerə atdığının da şahidi oluruq. İstər yaşlı olsun, istərsə də cavan, fərqi yoxdur, belə etmək, zibilləmək olmaz.
Məsləhətim isə ondan ibarətdir ki, insanlar zibilləri zibil qutularına atsınlar. Zibillərini zibil qutularına atan insanlara baxıb digərləri də bundan öyüd götürsünlər, onlar da belə etsinlər. Onlardan qeyri-adi heç nə tələb olunmur və adi normativ qaydalara, etik qaydalara riayət etsinlər, şəhəri zibilləməsinlər”, deyə Rauf Ələkbərov məsələyə öz münasibətini bildirib.

Paytaxtımızın qadın sakini Solmaz Səfərova əvvəlki dövrlə hazırki vəziyyəti müqaisə etdi və nizam-intizam qaydalarına, etik normalara riayət etməyin vacibliyini dilə gətirdi.

“Biz Sovetlər vaxtında yaşamışıq və heç zaman küçəyə, parka zibil atmamışıq. Nizam-intizam hər şey deməkdir. Hər adamın daxilindən gəlməlidir ki, bunu etmək, zibil atmaq olmaz. Amma, indi zamanə bir qədər fərqlidir. Mən görürəm ki, bəzən heç də nizam-intizama riayət olunmur, zibil atılır, insanlar tərəfindən öz oturduqları, gəzdikləri yerlər çirkləndirilir.

Qaydalara riayət etmək, zibilləməmək, təmizliyi qorumaq kimi davranışlar ailə tərbiyəsindən də asılıdır. Ailələrdə böyüklər öz övladlarına bunu başa salmalıdır, əgər onlar bunu başa düşmürlərsə. Təmizliyin qorunmasına riayət edilməsində həm ailə tərbiyəsinin böyük rolu var, həm də insanlar təmizliyə riayət edənlərdən nümunə götürməlidirlər”, deyə Solmaz Səfərova şəhərin küçələrini, parklarını, digər yerlərini zibilləyən bəzi insanları şərt şəkildə tənqid etdi.

Digər bir gənc müsahibimiz, Elxan Şahalıyev, şəhəri öz evimiz bilib, onu təmiz saxlamalı olduğumuzu dedi.


“İnzibati tədbirlərdən əlavə, yəni, zibili bura atsaq cərimə olunacağıq, deyə yox, bu şəhəri öz evimiz bilərək, təmizliyə riayət etməliyik. Söhbət təkcə gənclərdən getmir. Hansı yaşda olmasından asılı olmayaraq, bəzi insanlar oturduqları yeri zibilləyirlər ki, belə olmasa, təbii ki, daha yaxşı olar. Eyni zamanda, nəinki siqaret kötüklərini hara oldu atmaq, ümumiyyətlə, harda gəldi siqaret çəkmək də olmaz. Heç şübhəsiz ki, siqaret çəkilməsi üçün də xüsusi yerlər var və zibil qabları olan yerlərdə çəkilməsi daha məqsədəuyğundur.
Ümumiyyətlə, hər birimiz şəhərin zibillənməməsi üçün əlimizdən gələni etməliyik. Ətraf mühiti, təbiəti korlamamaq lazımdır. Xüsusən də məlum virusun, koronavirusun mövcud olduğu bir dövrdə təmizliyə, sanitariya qaydalarına riayət edilməli, çirklənmənin qarşısının alınması üçün hər birimiz səy göstərməliyik”, deyə paytaxtın gənc sakini Elxan Şahalıyev fikirlərini bildirib.

Təmizliyin qorunması, şəhərin küçələrinin çirklənməsinin qarşısının alınmasının məhz inzibati yollarla, inzibati cəza tədbirləri, cərimələrlə deyil, daha fərqli bir şəkildə mümkünlüyü barədə media eksperti Azər Həsrət maraqlı bir yanaşma ortaya qoydu və vurğuladı ki, nəzakətli dildən istifadə daha təsirli üsuldur. Onun sözlərinə görə, bəzi ölkələrdə, məsələn, Türkiyədə bu şəkildə nəzakətli dildən istifadə edilir və yasaq deyil, məhz xatırlatmalar edilərək, insanlar təmizliyi qorumağa, ətrafı zibilləməməyə sövq edilir.

“Tək Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində, hətta bəzən çox inkişaf etmiş Avropa ölkələrində belə ətraf mühitin zibillənməsi ciddi olan bir problemdir. Həqiqətən də ətraf mühitin zibillənməsi, çirkləndirilməsi, özəlliklə də şəhər yerlərində küçələrin çirkləndirilməsi müşahidə edilir və bu çox ağrılı prosesdir. Düzdür, insanların hamısının tərbiyə, ədəb, əxlaq, davranış səviyyəsi yüksək deyil. Əlbəttə ki, kimlərsə, hardasa, nə isə edə bilər və buna, hətta mən deyərdim ki, bəzən anlayışla yanaşmaq mümkündür. Lakin, ümumilikdə götürəndə, insanların böyük əksəriyyəti əgər öz yeridiyi küçəyə zibil atırsa, özünün istirahət etdiyi parka zibil atırsa, özünün çimdiyi dənizə çirkab suları axıdırsa, oranı zibilləyirsə, bu artıq həmin insanların ümumiyyətlə, mahiyyəti ilə bağlı suallar doğurur.

Bəzən mən özüm də müşahidə edirəm ki, bir də görürsən, Bakının tən ortasında, çox bahalı maşından qalstuklu, geyim-keçimli birisi düşür, köşkdən bir siqaret alır, siqaret qutusunun üzərindəki təbəqəni açır, əli ilə küçəyə atır və yoluna davam edir. Yaxud, eyni cür adam görürsən ki, maşınla gedir, siqaret çəkir, çəkdiyi siqareti maşının şüşəsini açaraq küçəyə tullayır. Bax, bu sualın cavabını tapmaqda mən çətinlik çəkirəm, lakin, illər öncə də bununla bağlı yazmışdım. Bu, sadəcə olaraq, mədəni səviyyəsi şəhərə uyğun olmayan, ümumyaşayış məkanına uyğun olmayan, lakin həddən artıq varlanmış adamlardır. Onlar pis örnəkdirlər. Həmin pis örnəyi də özəlliklə yetişməkdə olan nəsil mənimsəyir, uşaqlar düşünürlər ki, o cür geyim-keçimli, bahalı maşında gəzən birisi bunu edirsə, biz niyə etməməliyik. Onlar da eyni pis örnəyi mənimsəyirlər. Bunun qarşısını necə almaq olar?

Bəli, inzibati cəzalar, cərimələr, tənzimləmələr öz yerində, birincisi, nəzakətli dil məsələsini həll etmək lazımdır. Soruşa bilərsiz ki, dilin zibilə nə dəxli var? Çox dəxli var. Baxın, biz yazırıq ki, burada siqaret çəkmək qadağandır. Məsələn, Türkiyə kimi qardaş ölkədə, “burada siqara içilməz” yazırlar. Qadağandır yox, sadəcə xatırladılır ki, burada siqaret çəkilmir. Bu, artıq nisbətən nəzakətli bir şəkildə deyildiyinə görə, istər-istəməz insana təsirini müsbət yöndə tamam başqa cür göstərə bilir. Yaxud da ki, biz məsələn, nə olsa da yazırıq ki, qadağandır, olmaz və hələ altından bir nida işarəsi də qoyuruq. Təbii ki, bu kobud, qeyri-nəzakətli ifadə tərzi istər-istəməz qarşıdakında qıcıq doğurur, üsyankarlığa çağırır və adam da bunun qarşılığında siqaret də çəkir, küçəyə də tullayır. Ona görə də bu dildən başlamaq lazımdır. Nəyi isə yasaqlayırıqsa, bunun yasaq olduğunu xatırlatmalı deyilik, sadəcə, xatırlatmalıyıq ki, burada bu iş edilmir.

Bununla yanaşı, həm məktəbə qədər ailədə, həm məktəbdə tərbiyə yüksək səviyyədə təşkil edilməlidir. Yəni, insan düşünməlidir ki, bu zibil atdığım küçədə özüm yeriyirəm, öz ayağımın altına atıram axı zibili. Bunu düşünəcək beyni olan adam heç zaman küçəyə zibil atmaz, ətraf mühiti korlamaz.

Bununla bərabər, ümumiyyətlə düşünürəm ki, şəhər mədəniyyəti deyilən şey elə bir şeydir ki, onu insanlar birnəfəsə mənimsəyə bilmirlər. Xüsusən də gəlmələr. Yəni, o gəlmələrin bunu mənimsəyə bilməsi üçün bəlli mərhələlərin keçilməsi lazımdır. O baxımdan, əlbəttə ki, vəziyyəti düzəldə bilərik. Yeri gəlmişkən deyim ki, Bakı dünyanın ən təmiz şəhərləri sırasındadır, baxmayaraq ki, biz ara-sıra bu söhbətləri də edirik. Amma, istənilən halda biz düşünürük ki, böyük bir küçə tər-təmizdir, orada hardasa, səkidə bir siqaret kötüyü varsa, bu artıq zibillənmiş küçədir. Yəni, bu da baş verməməlidir. Adamlara bu cür maarifləndirici, tərbiyəvi müsbət təsir edəcək yöndən yanaşmaq lazımdır. O zaman düşünürəm ki, bir var, “siqaret çəkmək qadağandır”, yazasan, bir də var, yazasan ki, “biz burada siqaret çəkmirik”. Yəni, bu fərqli şeylərdir və anlayanlar üçün çox, hətta o “qadağandır” ifadəsindən daha sərt bir xəbərdarlıqdır. Çünki, adama bir növ hardasa, məsuliyyət yüklənir ki, yəni biz çəkmirik, sən də qanmaz olma və sən də çəkmə. Amma, sərt şəkildə qadağandır deyəndə adam həmin qadağaları sərt şəkildə ayaqlar altına almağı düşünə bilər”, deyə Azər Həsrət maraqlı, yeni bir yanaşma və hətta təklif ortaya qoyub.

Həqiqətən də insanların, ölkə vətəndaşlarının, şəhər sakinlərinin özləri öz məkanlarını qorumaları, mühafizə etmələri, təmiz saxlamaları inzibati tədbirlər, cəza tədbirləri olmadan belə mümkündür. Yəni, hər bir vətəndaş, hər bir sakin ayrı-ayrılıqda normativ qaydalara riayət edərsə, əlavə tədbirlərə ehtiyac belə qalmaz. Əvvəla, bunun etik davranış normalarına, ədəb qaydalarına və digər tərbiyəvi davranışlara aid olduğunu hər kəs dərk etdiyi, qəbul etdiyi təqdirdə, təmizliyin məhz elə hər kəs tərəfindən qorunacağı zərrə qədər şübhə doğurmur. Məhz bu baxımdan, hesab edirik ki, sakinlərin təmizliyə riayət etməsinin etik normalara, ədəb qaydalarına və digər əxlaq normalarına aid olduğunun onlara xatırladılması, media ekspertinin yanaşması ilə desək, nəzakətli dillə çatdırılması istər-istəməz insanlara təsirini müsbət yöndə göstərə bilər.

Digər tərəfdən, nəzərə alsaq ki, özləri tərəfindən zibillənmiş parklarda insanların, sakinlərin elə özləri istirahət edirlər, deməli, təmizliyi qorumaqda insanlar özləri də maraqlı olmalı olduqlarını, bunun onların özlərinə lazım olduğunu dərk etməlidirlər. Zibil atdığı küçədə məhz həm də özünün yeridiyini, bu zibilin onun öz ayağının altında qalacağını dərk edən insan heç zaman bunu etməz, ətrafı zibilləməz, əksinə təmiz saxlayar. Bəli, məhz dərk edən insan. Görünür, dərk etməyənlər üçün bunun xatırladılması lazım gəlir.