"Ərdoğanın səfərində mühüm mesajlar olacaq" - EKSPERT ŞƏRH ETDİ

10 İyun 2021 16:03 (UTC+04:00)

“Azərbaycan-Türkiyə münasibətlərinin Cənubi Qafqazın geosiyasi dinamikasına böyük təsiri vardır. Bölgədə real balans bu dövlətlərin əməkdaşlığından birbaşa asılıdır. NATO-nun növbəti zirvə görüşü və Qarabağda yaşanan təxribatlar müstəvisində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərinə yanaşanda maraq doğuran bir sıra məqamları görmək mümkündür”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Politoloqun sözlərinə görə, bu səfər çərçivəsində vacib bəyanatlar səslənəcək, bunlar arasında geosiyasi, münaqişədən sonrakı Qarabağın sonrakı taleyini təyin edəcək mesajlar olacaq: “Sonuncu dəfə Ərdoğan Azərbaycana 2020-ci ilin dekabrında gəlmişdi. Türkiyə lideri Bakıda Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi şərəfinə təşkil olan paradda iştirak etmişdi. O zaman Ərdoğan Prezident İlham Əliyevin altı ölkədən – Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran – ibarət platformanın yaradılması təşəbbüsünü dəstəklədiyini bəyan etmişdi. Bu dəfəki səfərin mahiyyəti digərindən fərqlənir. Çünki son dövrlər sərhəddə baş verən insidentlərin, erməni separatçılarının təxribat əməlləri və müvəqqəti baş nazir Paşinyanın üçtərəfli bəyanatın maddələrini icra etməkdən imtina etməsi, bununla bağlı yaradılan üçtərəfli komissiyadan çıxması bu görüş barədə gözləntiləri dəyişir”.

Z.Qarayeva vurğulayıb ki, Ərdoğanın belə bir vaxtda Şuşaya səfər etməsi düşmən tərəfə birlik göstərişi olmaqla yanaşı, problemlərin həllinə töhvə verəcək razılaşmalardan da xəbər verir: “Danışıqlar sırasında Şuşada hərbi qarnizonun yaradılması və rus sülhməramlılarının postları yaxınlığında türk sülhməramlılarının da post qurması məsələsi gündəmə gətirilə bilər. Digər tərəfdən, zirvə toplantısında Putin və Bayden görüşünün ardınca belə bir görüşün planlaşdırılması belə bir mesaj verir ki, iki supergüc ölkə rəhbərlərinin öz aralarında hansı razılığa gəlməsindən aslı olmayaraq Türkiyə Azərbaycanın yanındadır”.