Braziliyalı jurnalistlər tərəfindən azərbaycanlı həmkarlarına dəstək - FOTOLAR

10 İyun 2021 15:08 (UTC+04:00)

2021-ci ilin 8 iyun tarixində azərbaycanlı jurnalistlərin və dövlət məmurunun Kəlbəcər rayonu ərazisində peşə xidmətlərini yerinə yetirərkən mina partlayışı nəticəsində dünyalarını dəyişməsi ilə əlaqədar Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı Səfirliyində mətbuat konfransı keçirilib.

Mətbuat konfransında ölkəmizin Braziliyadakı səfiri Elxan Poluxov, XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva və Beynəlxalq Münasibətləri Təhlili Mərkəzinin sədr müavini Esmira Cəfərova çıxış etmiş, baş vermiş hadisə ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat təqdim edərək, mövcud regional vəziyyət, xüsusilə də azad edilmiş ərazilərdə mina təhlükəsi, onun doğurduğu ağır nəticələr, Ermənistanın məsuliyyətsiz davranışı, habelə beynəlxalq ictimaiyyətin rolu barədə fikirləri ilə bölüşmüşlər. Mətbuat konfransında əyani və video-konfrans şəklində Braziliyanın CNN-Brazil, Jurnal O Globo, Rebe TV və digər aparıcı mətbuat orqanlarını təmsil edən 40-a yaxın jurnalist, bloqer və beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında mina partlayışı nəticəsində həlak olan azərbaycanlı jurnalistlərin xatirəsi bir dəqiqəlik sükut ilə yad edildi. Tədbirdə səslənən çıxışlarda baş verən qanlı hadisənin təfərrüatları, habelə bölgədə mövcud olan cari vəziyyət, 30 ilə yaxın işğal altında saxlanılan ərazilərdə Ermənistan tərəfindən geniş miqyasda minalanmanın həyata keçirilməsi, hətta əraziləri tərk edərkən belə Ermənistan tərəfindən bu ərazilərdə minaların basdırılması, çoxsaylı mülki və hərbi şəxsin mina qurbanına çevrilməsi, ərazilərin minalardan təmizlənməsinin ölkə gündəmində dayanan əsas təhlükəsizlik çağırışı olması və bu xüsusda həyata keçirilən tədbirlər barədə konfrans iştirakçılarına ətraflı məlumat verilib. Həmçinin azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, yaranmış əməkdaşlıq perspektivlərindən bəhs edilib.

Mətbuat konfransında Azərbaycanın azad olunmuş ərazilərinin dünyanın ən çox minalanmış ərazilərindən biri olduğu vurğulanıb və Ermənistanın səbəbkarı olduğu qanlı təxribatın yalnız azərbaycanlı jurnalistlərə qarşı deyil, həmçinin dünya jurnalistikasına və mülki əhaliyə qarşı olan təhdid və hücum kimi qiymətləndirildiyi bildirilib və buna qarşı etirazın edilməsinə çağırış edilib.

Braziliyalı jurnalistlər çıxışçılara ünvanlanmış sual və şərhlərində bu hadisədən məyus olduqlarını ifadə edib və dərin hüznlə başsağlığı bildirərək Azərbaycan xalqının kədərini bölüşdüklərini vurğulayıblar. Jurnalistlərə peşə fəaliyyətində maneələrin törədilməsi və onların hədələnməsinin qəbulolunmaz olduğunu vurğulayan tədbir iştirakçıları bu halın beynəlxalq səviyyədə pislənilməsinin vacibliyini qeyd ediblər.

Mətbuat konfransı zamanı iştirakçılara hadisəyə dair müvafiq təbliğat materiallarından ibarət məlumat qovluqları təqdim edilib.