“Azərbaycan Heydər Əliyev ideyaları işığında yüksək zirvələr fəth edəcək” - MÜSAHİBƏ

10 İyun 2021 15:03 (UTC+04:00)

Müsahibimiz Milli Məclisin deputatı Eldəniz Səlimovdur:

- Eldəniz müəllim, 15 İyun Müstəqil Azərbaycanın Qurtuluş Günüdür. Bu tarixi günlə bağlı nə deyə bilərsiniz?

- Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün Onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əlirza oğlu Əliyevdir. 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi. Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi.

- Ulu Öndərin Naxçıvana gəlməsi və Ali Məclisin sədri seçilməsi barədə nə deyə bilərsiniz?

- Vətənin ağır dövründə Moskvada istefa verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdı. Belə bir məqamda isə yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatçılıq keçirən ziyalılar Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Azərbaycan ziyalıları, o cümlədən, sadə insanlar Ümummilli Liderə müraciətlər edirdilər, ölkədə yaranan siyasi gərginliyin aradan qaldırılması üçün Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin vacibliyini qeyd edirdilər. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Ümummilli Lider Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi. Bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Ulu Öndər Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Müstəqil, hüquqi-demokratik dövlət quruculuğuna başlanıldı. Milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, cəmiyyətin demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində səmərəli tədbirlər həyata keçirildi. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi.

- Ölkəmiz tezliklə vahid Avropa ailəsinə qəbul edilməsi və dünyanın tanınmış neft şirkətləri ilə “Əsrin müqaviləsi” və digər kontraktlar imzalanması barədə nə deyə bilərsiniz?

- Dahi Öndərin hakimiyyətə qayışı ilə bütün sahələrdə islahatlar başlandı. Azərbaycana investisiya axınının əsası qoyuldu. Müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edildi. Ölkənin ali qanunvericilik orqanına, yerli idarəetmə orqanlarına beynəlxalq müşahidəçilərin iştirakı ilə azad və demokratik seçkilər keçirildi. Görkəmli dövlət xadimi, bütün türk dünyasının ən nadir tarixi simalarından sayılan Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Ulu Öndər Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycan xalqının müstəqilliyini məhv olmaqdan qurtardı və bu müstəqilliyi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyunun tarixi nailiyyətləridir. Bəli, 1993-cü ilin 15 iyun günü xalqımızın mübarizələrlə dolu yeni tarixinə yeni eranın başlanğıcı kimi daxil oldu. Məhz bu yeni dövr Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi daxil olmasına əsaslı təminat yaratdı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur.

- Bugünkü Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycan olduğunu demək olarmı?

- Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək. Ümummilli Lider Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Ümummilli Lider Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Ulu Öndər Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.