Bu gün yerdə yaşayan insanlar təxminən 5 min dildə danışır və bu dillərin hər birinin öz qaydaları var. SİA xarici mətbuata istinadən xəbər verir ki, lakin onlardan bəziləri o qədər çətindir ki, yad adam üçün öyrənilməsi hətta qeyri-mümkün görünür.
"Factinteres" jurnalı dünyada ən çətin 10 dilin siyahısını hazırlayıb.
1. İsland dili
Tələffüz baxımından ən çətin dillərdən biri island dilidir. Bu dili tam öyrənmək qeyri-mümkündür, çünki fonetikanı yalnız dilin daşıyıcıları düzgün ötürə bilirlər.
2. Fin dili
Fin dilində 15 hal və bir neçə yüz şəxsi fel forması və birləşməsi mövcuddur. Fin dili məhz buna görə dünyanın ən çətin dillərinə aid olunur. Təəccüblü deyil ki, fin dilində gələcək zaman formaları yoxdur, əvəzində keçmiş zamanın bir neçə forması var.
3. Navaho
Bu dilin əsasında şəxsdən və qoşmalardan asılı olaraq dəyişən feil formaları dayanır. Navaho dilində adət etdiyimiz sait və samit səslərdən başqa, əlavə 4 çalar var: yüksələn, azalan, yüksək və alçaq. Yeri gəlmişkən, İkinci Dünya Müharibəsi dövründə amerikalı hərbçilər navaho dilindən şifrləmə üçün istifadə edirdilər.
Hazırda navaho dili ölmək təhlükəsi altındadır, çünki onun əsas daşıyıcıları olan bəzi hindu qrupları ingilis dilinə keçirlər.
4. Macar dili
Macar dilində ismin 35 halı var. Bu dildə həmçinin bir-birinin ardınca gələn sait səslər də çoxdur və bu, tələffüzü mürəkkəbləşdirir. Dili həmçinin çoxlu sayda suffikslər və xüsusi qaydaların olması da çətinləşdirir.
5. Tabasaran dili
Bu dildə ismin 46 halı var. Dil Dağıstanda əsas rəsmi dillərdən biridir. Başqa xalqların dillərindən mənimsəmələr kifayət qədər olduğu üçün tabasaran dili öyrənmək üçün çox çətindir. Maraqlı məqam odur ki, tabasaran dilində ön sözlər yoxdur.
6. Bask dili
O, Avropanın ən qədim dili hesab olunur. Bu dildə Cənubi Fransa və Şimali İspaniya sakinləri danışırlar. Bask dilində heç bir dil qrupuna aidiyyatı olmayan 24 hal forması var. Bu dildə müxtəlif suffiks və prefikslərlə dəyişən yarım milyona yaxın söz var. Bask dilində çox az adamın danışdığını nəzərə alaraq, İkinci Dünya Müharibəsi zamanı bu dildən şifrələmək üçün istifadə edilirdi.
7. Eskimos dili
Çoxlu sayda müxtəlif zaman formaları eskimos dilini dünyada ən mürəkkəb dillərdən birinə çevirir. Hazırda 63 zaman forması var, əvvəllər isə daha çox olub. İsmin halları elə qurulub ki, 200-dək fleksə (sözün sonluq, suffiks və qoşmalarla dəyişməsi) malik ola bilər. Eskimos dili ən mürəkkəb işarə sistemi kimi "Ginnes"in rekordlar kitabına düşüb.
8. Rus dili
Bu dilin əsas çətinliyi vurğunun sərbəst olmasındadır. Məsələn, Azərbaycan dilində vurğu həmişə sözün sonuna düşür. Rus dilində isə vurğu sözün əvvəlində, ortasında yaxud sonunda ola bilər. Bir çox sözlərdə vurğudan asılı olaraq, məna da dəyişir.
Rus dilində bəzi sözlər eyni səslənə, lakin müxtəlif mənalara sahib ola bilər. Dili həmçinin məna yükünə birbaşa təsir göstərən punktuasiya qaydalarının həddən artıq çox olması da çətinləşdirir.
9. Ərəb dili
Dünyada ən mürəkkəb dil sistemlərindən biri ərəblərə məxsusdur. Burada kiçik hərflər yoxdur, sözlərin sətirdən sətirə keçməsi üçün parçalanması qadağandır. Ərəb dilində bir hərfin sözdə yerindən asılı olaraq, 4-dək müxtəlif yazı forması ola bilər. Bu dilin xüsusiyyətlərindən biri də odur ki, sözlərin yazılması sağdan soladır.
Ərəb dilində eyni cür səsləndirilən heç bir söz yoxdur, çünki saitlərin səslənmə çaları onların yerindən asılıdır. Bu dildə həmçinin üçlü say var: tək, cəm və ikili.
10. Çin dili
Dünyada ən çətin dil hesab olunur. Müasir Çin lüğətində 87 minə yaxın heroqlif var. Bir çox heroqliflər bir-birindən cüzi fərqlənməklə yanaşı, tamamilə fərqli məna daşıya bilərlər. Bir heroqlif həm bütöv sözü, həm də bir hərfi bildirə bilər.
Dilin əsas çətinliyi ondadır ki, Çin dilini zəif bilən insan mətndə yazılanın mənasını dəqiq başa düşə bilməyəcək.
Ayşən Vəli