Teatrlar açılır? - DİQQƏT! - QURUM RƏSMİSİ AÇIQLADI

8 İyun 2021 16:12 (UTC+04:00)

"Xüsusi karantin qaydalarının ən çox təsir etdiyi sahələrdən biri də teatrlardır. Teatrların nə vaxt açılacağı ilə bağlı heç bir məlumat yoxdur. Bununla belə, teatrlarımız var ki, onlar öz fəaliyyətlərini virtual olaraq davam etdirir". Bu haqda SİA-ya açıqlamasında Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı deyib.

Onun sözlərinə görə, ötən ilin mart ayından etibarən, ölkədə karantin rejimi tətbiq olundu və bütün teatr müəssisələri kimi Akademik Milli Dram Teatrı da öz fəaliyyətini dayandırdı: "Ona görə də, teatr rəhbərliyi qərara aldı ki, teatrın öz fəaliyyətini virtual, onlayn olaraq davam etdirsin. Bizim teatrın repertuarında olan tamaşalar çəkilmiş və arxivdə saxlanılmışdır. Həmin tamaşalar ayda təxminən, 20-25 tamaşa olmaqla onlayn şəkildə nümayiş olundu. Bu müddət ərzində yəni, artıq 1 ildən artıqdır ki, hər ay orta hesabla 20-22 tamaşa nümayiş olunub, bu da deməkdir ki, 200 tamaşa onlayn nümayiş olunub. Statistikalar göstərir ki, bu tamaşalar təkcə Azərbaycan daxilində deyil, eyni zamanda qonşu ölkələrdə, digər Avropa ölkələrində də baxış sayı alıb. Teatr rəhbərliyi qərara aldı ki, rus və ingilis dillərində subtitrlarla nümayiş olunsun. Bu tamaşalar təkcə cari repertuarda olan tamaşalar deyildi, eyni zamanda, illər əvvəl premyerası keçirilən, insanlar tərəfindən çox maraqla qarşılanan, yaddaşlarda qalan tamaşalar olub, hansı ki 20 il əvvəl premyerası olub cari repertuarda oynanılmır, onlarla bağlı da nümayişlər olundu.

Nümunə olaraq göstərə bilərik ki, “Hamlet”, “Özümüzü kəsən qılınc”, “Messenat”, “Kaş araba aşmayaydı”, “Natəvan” və s. kimi çoxlu tamaşalar var ki, onları nümayiş etdirdik. Müşahidələr göstərdi ki, onlar tamaşaçılar tərəfindən maraqla qarşılanır. Hazırda biz hər ay virtual repertuarımızı “Facebook”, “Youtube”, teatrın saytı üzərindən açıqlayırıq. Əgər proses bu şəkildə davam edəcəksə, Operativ Qərargah teatr müəssisələri ilə bağlı qərarı hələ də qüvvədə saxlayacaqsa, biz öz fəaliyyətimizi də bu şəkildə davam etdirəcəyik. Ancaq arzu edir və inanırıq ki, tezliklə koronavirusla bağlı problemlər başa çatacaq və Akademik Milli Dram Teatrı da öz qapılarını tamaşaçılarının üzünə aça biləcək. Çünki bizim çoxlu planlarımız var - festivallarımız, səyahət qastrollarımız, iri premyeralarımız olmalıdı, ona görə də, arzu edirik ki, biz yeni mövsümdən tamaşaçılarımızı qəbul edə bilək”.

Nərmin Hüseynova