Necə olur, minalara yalnız azərbaycanlılar düşürlər? KÖŞƏ YAZISI

8 İyun 2021 12:08 (UTC+04:00)

Ermənistanın Qarabağı və ətraf rayonlarımızı 30 il boyunca işğalda saxladığı müddətdə paralel olaraq ərazilərimizdə kütləvi minalanma işlərini aparması nəinki müharibədə, eləcə də atəşkəs müddətində sıravi vətəndaşlarımızın, jurnalistlərimizin, hərbçilərimizin ölümləri ilə müşahidə olunmaqdadır. Ancaq bu məsələ haqqında düşünərkən, istər-istəməz digər bir sual yaranır: yüzminlərlə minaların ərazilərə yerləşdirilməsi prosesini Ermənistan təkbaşınamı aparıb? Yaxud, Ermənistan o qədər imkanlara malikdir ki, bu qədər minaları torpaqlarımızda hər addımbaşı basdırıb? Əslində, biz belə qənaətə də gələ bilərik – ermənilər bu mənfur prosesdə iştirakçı olsalar da, həm də faydalananlardandırlar. Yəni ermənilərin heç vaxt – nə birinci Qarabağ müharibəsində, nə də ikinci Qarabağ savaşında elə bir potensialları olmayıb ki, bu nəhəngliyində ərazilərdə kütləvi minalanma işləri aparsın.

Sirr deyil və bəllidir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və təcavüzkar siyasətində bu ölkəyə ya açıq, ya da gizli dəstəklər göstərən siyasi və hərbi dairələr hər zaman mövcud olub. Biz zaman-zaman işğalçılara göstərilən bu dəstəkləri istər ABŞ-dan, istər Fransadan, istərsə də Rusiyadan dəfələrlə görmüşük – həm külli miqdarda maddi vəsaitlər ayırmaqla, həm də silah-sursat və s. dəstəklər daim olub, bu gün də proses davam edir.

Əslində, həm də belə bir iddia ilə çıxış edərsək ki, Qarabağın minalanmış ərazilərinin xəritələri Ermənistanda mövcuddursa, həmin xəritələrinin digər nüsxələrinin bu ölkəyə yardımlar etmiş digər ölkələrdə olması ehtimalları da arta bilər, yəni bütün tərəflərdə minalanmış sahələrin xəritələri ola bilər. Ona görə də adekvat sual yaranır - axı necə olur ki, minalara yalnız Azərbaycan vətəndaşları düşür..?

Yaxud, məsələyə digər kontekstdən yanaşaq. Misal üçün, regionda yüzlərlə Rusiya sülhməramlısı var, onlarda yalnız bir dəfə 23 noyabr 2020-ci ildə özü də yenə də Azərbaycanın nəzarət etdiyi ərazidə (Füzuli ərazisində) minaya düşən olmuşdu. Amma nədənsə, sülhməramlılar ermənilərin nəzarəti olan ərazilərdə minalara düşmürlər (?). Demək, belə bir mümkün ehtimalla da çıxış etmək olar ki, ermənilər özlərinin terrorçuluq xislətlərini icra etmək üçün diversantlarını ərazilərimizə göndərirlər. Habelə, Rusiya sülhməramlıları nəzarət etdikləri ərazilərimizə daxil olarkən, məsələn, Azərbaycan Rusiyanın xahişi əsasında Kəlbəcər və s. rayonlarımızda qanunsuz yaşayan ermənilərin çıxışlarına əlavə 10 gün vaxt verərkən, onlar digər bədniyyətli əməlləri ilə yanaşı, həm də bu ərazilərdə yüzlərlə minalar basdırıblar. Əbəs deyil ki, bunu elə erməni terrorçularından biri olan polkovnik açıq-aydın bəyan etdi. Dedi ki, 17 Kamaz yük maşını ilə doldurulmuş minaları həmin müddətdə Azərbaycan ərazilərinə basdırıblar. Maraqlıdır, onda Rusiya sülhməramlıları hara baxırdılar? Çünki bu iddiadan sonra heç bir rəsmi təkzib belə verilmədi!

Beləliklə, erməni terrorçu diversantları qanunsuz halda ərazilərimizə keçir, üstəlik, qeyri-qanuni olaraq Ermənistanın rəsmiləri, həmçinin xarici dairələr də Laçın dəhlizindən Xankəndiyə gedirlər, fəqət minaya düşmürlər...

Nəticə nədir, mina xəritələri hamıda var, bizdən başqa! Bəs niyə xəritələri vermirlər? Məqsəd bizim əhalini ora qayıtmaqdan çəkindirmək, qorxutmaq və (!) minaların xəritəsindən Azərbaycan yeni təzyiq vasitəsi kimi istifadə etmək.

Özü də bu, birbaşa Azərbaycan dövlətinin və xalqının əleyhinə yönəlmiş bir təxribatçılıq aksiyasıdır. Jurnalistlərimizlə bağlı yaşanan son faciədən sonra ölkə daxilindəki satqınların, xainlərin, Avropada oturan “divan siyasətçilərinin” dərhal ölkə rəhbərliyimizi günahlandırmaları onu göstərir ki, xarici qüvvələr öz hərəkətlərini daxili xəyanətkarlarla razılaşdırırlar!

Bu arada, müəyyən məlumatları da bölüşmək olar. Minaların etibarlıq müddəti təxminən 40 il təşkil edir. On ildən sonra 4%-i sıradan çıxır. 15 ildən sonra bu rəqəm ən azı 7 % təşkil edir. 30 ildən sonra isə əksər minaların fitilləri sıradan çıxır və minalar daha təhlükəli olur, belə ki artıq onlar ümumiyyətlə müdaxiləyə tabe olmurlar və hər an işə salına bilərlər. Qarabağ ərazisində basdırılan minaların əksəriyyəti təxminən elə 30 il bundan əvvəl basdırılıb bu da həmin minaların etibarlılıq müddətinin başa çatması ilə əlaqədar olaraq onları daha da təhlükəli edir, xüsusən də minatəmizləyən heyət üçün.

Lakin eyni zamanda, son müharibə zamanı tələsik qeyri planlı şəkildə minlərlə yeni minalar basdırılıb ki, onlar da vəziyyəti daha da mürəkkəbləşdirib. Onu da vurğulamaq lazımdır ki, Azərbaycanın daimi fəal iştirak etdiyi BMT-nin 1997-ci ildən xüsusi minaların təmizlənməsi xidməti fəaliyyət göstərir - United Nations Mine Action Service (UNMAS). Lakin Azərbaycanın bu xidmətə müraciət edib-etmədiyi haqqında təşkilatın aşağıdakı veb səhifəsində hər hansı bir məlumat yoxdur.

https://www.unmas.org/en/unmas/leadership

Ümumiləşdirərək demək olar ki, döyüş meydanında hərbi qüdrətimizə, gücümüzə davam gətirə bilməyən daxili və xarici düşmənlərimiz təxribat meydanında bizə qarşı birləşiblər. Düzdür, Azərbaycan humanitar addım ataraq, yenə də Rusiyanın xahişi əsasında Ermənistana öz ərazisindən enerji verdi. Amma biz ermənilərə humanitar davrandığımız bir zamanda ermənilər minaları xəritələrini bilərəkdən verməməklə alçaq əməllərini davam edirlər. Bu əməllərin cavabını isə vermək zamanı çatıb.