Azərbaycanın Rumıniyadakı səfirliyi Respublika Günü ilə bağlı Buxarestdə qəbul təşkil edib. Səfirlikdən SİA-ya verilən məlumata görə, qəbulda ictimai təşkilat və fondların üzvləri, tanınmış din, ədəbiyyat və incəsənət xadimləri, Buxarest şəhərində akkreditə olunan xarici ölkələrin diplomatları, buradakı türk və tatar toplumunun təmsilçiləri, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Ticarət Palatası, Heydər Əliyev Fondunun və ARDNŞ-ın Rumıniyadakı nümayəndəliklərinin əməkdaşları, Rumıniyada təhsil alan tələbələrimiz iştirak ediblər.
Tədbirdə "Azərbaycanın dünəni və bu günü" adlı fotosərgi və "Azərbaycan və Rumıniya – əbədi dostluq" adlı sənədli film iştirakçılara nümayiş etdirilib.
Qonaqlara rumın dilinə tərcümə olunub çap edilmiş "Heydər Əliyev zəmanəmizin Atatürkü", "Azərbaycanın qısa tarixi", "Kitabi Dədə Qorqud" səlnaməsi, Məhəmməd Füzulinin "Leyli və Məcnun" poeması və "Qəzəlləri", Bəxtiyar Vahabzadənin, Anarın, Elçinin, Çingiz Abdullayevin, Elçin İskəndarzadənin, Əli İldırımoğlunun əsərləri və s. ilə tanışlıq imkanı yaradılıb.