Millət vəkilinin səyyar görüşləri davam edir - FOTOLAR

4 İyun 2021 17:36 (UTC+04:00)

Millət vəkili, Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri Komitəsinin sədr müavini Jalə Əliyeva bu gün Zərdabın Bıçaqçı kəndində səyyar qəbul keçirib. SİA-nın verdiyi məlumata görə, qəbul çox səmimi, məmnunluq şəraitində keçib. Qəbula yazılan kənd camaatı rayonda və kənddə gedən quruculuq və abadlıq işlərindən razılıq ifadə edərək, seçicilərinin problemlərini mütəmadi olaraq ali tribunadan dilə gətirdiyinə və bir çoxunun həllinə nail olduğuna görə deputata minnətdarlıqlarını bildiriblər. Vətəndaşlar Şanlı Qələbəmizə imza atan ölkə rəhbəri, Ali Baş komandan cənab İlham Əliyevə sonsuz təşəkkürlərini çatdırmasını, eyni zamanda onları narahat edən məhəlli və fərdi xarakterli problemlərinin həllində yardımçı olmasını millət vəkili Jalə Əliyevadan xahiş ediblər. Qəbulda Bıçaqçı kənd İcra nümayəndəsi Yədulla Yusifov və Bələdiyyə sədri Zahim Zayidli iştirak ediblər. Vətəndaşların qaldırdıqları məsələlərin bir çoxuna qəbul sırasında kənd rəsmiləri tərəfindən açıqlıq gətirilib. Jalə Əliyeva digər məsələlərin həlli üçün rayon və respublika səviyyəli əlaqədar qurumlara müraciət edəcəyini seçicilərinə bildirib.

Deputat Jalə Əliyeva Zərdaba növbəti səfərində rayonun Əlvənd və Otmanoba kəndlərinin sakinləri ilə səyyar qəbul keçirib. Qəbulda ağsaqqallar, ziyalılar, fərdi təsərrüfatçılar, müəllimlər və s. iştirak edib. Qəbul sırasında kənd ağsaqqalları Jalə Əliyevaya kənd sakinləri ilə görüşə gələrək, onların problemləri ilə yaxından maraqlandığına görə təşəkkürlərini bildiriblər. Qəbulda 32 illik ağrımız olan Dağlıq Qarabağ münaqişəsi, 44 günlük əzmli müharibəmiz, beynəlxalq münasibətlər kontekstində Azərbaycan həqiqətləri geniş müzakirə edilib. Görüş iştirakçıları qələbəmizin ən böyük təminatçısı olan ölkə Prezidenti cənab İlham Əliyevə sonsuz minnətdarlıqlarını, böyük sevgi və ehtiramlarını ifadə ediblər. Kənd sakinləri inşa edilməkdə olan Əlvənd-Otmanoba yolunun onlara böyük sevinc bəxş etdiyini bildiriblər. Sakinlər eyni zamanda həmin yolun Bakı magistralına birləşdirilməsinin vacibliyini deputatın nəzərinə çatdırıblar və bu məsələnin həllində köməklik göstərməsini xahiş ediblər. Qəbula gələn fərdi təsərrüfatçılar əkib becərdikləri pambığın alqı-satqı balansında tarazlığın olmamasından şikayət ediblər. Belə ki, pambığı əkib becərmək üçün lazımlı olan toxum, gübrə, texniki avadanlıq və s. kimi təchizat məhsullarını ötən illərə nəzərən daha yüksək qiymətlə aldıqlarını, istehsal etdikləri pambığı isə əvvəlki qiymətlə təhvil verdiklərini bildiriblər və bu məsələni əlaqədar qurumların diqqətinə çatdırmasını Jalə Əliyevadan xahiş ediblər. Qəbulda Əlvənd kənd İcra nümayəndəsi Adəm Rəhimli, Bələdiyyə sədri Qnyaz Mirəliyev, Otmanoba kənd İcra nümayəndəsi Rəşad Zülfüqarov,

Bələdiyyə sədri Sahib Səmədzadə iştirak ediblər. Deputat, kənd sakinlərinə sağlam dövlətçilik mövqeləri, vətənpərvərlikləri üçün təşəkkür edib.

Daha sonra millət vəkili bu gün Zərdab rayonunun Şəftəxal, Mehdililər, Aşağı Seyidlər kəndlərinin bir qrup sakininin səyyar qəbulunu keçirib. Şəftəxalda baş tutan görüşdə isə həmin kəndlərin qəbul üçün daha əvvəl müraciət edən sakinləri iştirak ediblər. Kənd sakinləri COVİD-19 pandemiyası ilə əlaqədar olaraq distant təhsil alan övladlarının kənddə internet xəttinin olmaması üzündən böyük problem yaşadıqları haqqında deputata yazılı müraciət etdikdən sonra deputatın Rabitə Nazirliyinə müraciəti əsasında kəndə ən yüksək standartlı rabitə xəttinin çəkilməsində göstərdiyi dəstəyə görə minnətdarlıqlarını bildiriblər. Məlumat üçün deyək ki, deputat Jalə Əliyevanın Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyevə müraciəti qısa müddətdə öz müsbət həllini tapıb. Bu çərçivədə rayonun Şəftəxal, Mehdililər, Aşağı Seyidlər kəndlərində GPON tipli 416 nömrə tutumlu EATS xətt şəbəkəsinin tikintisi başlanılmış və hazırda işlər sürətlə davam etdirilməkdədir. Gələcəkdə ətraf kəndlər olan Şahhüseynli, Əlvənd, Otmanoba, Gəndəbil, Ağabağı, Şıxbağı, Nəzəralılı kəndlərinin də Şəftəxal EATS-a qoşulması nəzərdə tutulur. Kənd camaatı qəbulda kənddə ifrastrukturla bağlı bütün problemlərin öz həllini tapdığını bildirib və bunun üçün ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Bir neçə seçici pay torpaqlarının kadastr bölgüsünün düzgün aparılmaması nəticəsində həmin torpaqlarda əkin işlərini həyata keçirə bilmədiklərini deputatın diqqətinə çatdırıblar. Məsələnin həlli ilə bağlı qəbulun gedişatı əsnasında deputat tərəfindən əlaqədar quruma telefon edilib. Deputata bölgə üzrə elektron xəritələrin hazırlanmaqda olduğu və yaxın bir ay ərzində həmin məsələnin öz həllini tapacağı bildirilib. Görüşdə fərdi xarakterli bir sıra məsələlər - işlə təmin, cəza müddətinin azaldılması, cəzaçəkmə müəssisəsində məhkumun göz əməliyyatının həyata keçirilməsinə yardım və s. - ilə bağlı deputata müraciətlər edilib.

Millət vəkili Jalə Əliyeva sözügüdən rayonun kəndlərində keçirtdiyi səyyar qəbulları bu gün günün ikinci yarısında Pərvanlıda davam etdirib. Görüş çox səmimi, mehriban bir ortamda keçib. Görüşdə Pərvanlı kəndinin ziyalıları, kənd camaatı iştirak edib. Pərvanlılı seçicilər yaxın zamanlarda tikintisi başa çatmış yeni yolun salınmasından böyük məmnunluq ifadə edərək, müharibəyə rəğmən Zərdab rayonunda 3 böyük yol tikintisinin başlandığını və böyük uğurla davam etdiyini vurğulayıb, görülən bütün işlər üçün ölkə prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər. Kənd sakinləri kəndin qaz, su, işıq, yol probleminin tamamilə həll olunduğunu sevinclə dilə gətiriblər. Eyni zamanda kəndin su-kanal sistemində mövcud olan bir problemi deputatın diqqətinə çatdırıblar. Belə ki, qrunt sularının axıdıldığı kanalın uzun illərdən bəri təmizlənməməsi səbəbiylə çirkabla dolduğunu və bu vəziyyətin narahatlıqlara səbəb olduğunu bildiriblər. Deputat məsələylə bağlı qəbul əsnasında əlaqədar qurum yetkilisi ilə telefon danışığı aparıb. Qaldırılan məsələnin yaxın zamanlarda öz həllini tapması üçün tədbir görüləcəyi deputat Jalə Əliyevaya bildirilib. Qəbulda vətəndaşlar regional təşkilatların rayon filiallarından bir çoxunun problemləri həll etmək səlahiyyətinə sahib olmaması səbəbiylə onların müraciətlərini zamanında və effektiv həll etmək imkanlarının olmadığını, buna görə də müxtəlif sahələri əhatə edən məsələlərin həllinin uzandığını vurğulayıb və mövcud vəziyyətin respublika səviyyəsində həllini xahiş ediblər. Qəbulda fərdi xarakterli müraciətlər də səsləndirilib. Seçicilər işlə təmin, özünəməşğulluq proqramının tətbiqi, sosial müavinətlərin verilməsi, əlillik dərəcəsinin müəyyənləşdirilməsi və s. kimi məsələlərin həllində köməklik göstərməsini deputatdan xahiş ediblər. Qəbulda Pərvanlı kənd İcra nümayəndəsi Məmmədağa Abdulxalıqov və Bələdiyyə sədri Aygün Eyvazova iştirak ediblər.