ABŞ-ın “Troya atı” olan USAİD-i Azərbaycanda kim və niyə “bəsləyir”? SİYASİ RAKURS

4 İyun 2021 11:08 (UTC+04:00)

Məsələ agah olsa da, “atın” yəhərində oturan hələ də onu istədiyi səmtə “çapır”

Troya müharibəsi əfsanələrindən birinə əsasən, 10 illik nəticəsiz müharibədən sonra yunanlar böyük taxta at düzəldirlər və içərisində bir dəstə əsgər gizlədirlər. Atın bir tərəfində yazırlar kı, bu at döyüşkən Afinaya hədiyyədir. Troyalılar atı dartıb şəhərə aparırlar. Həmin gecə yunan qüvvələri atdan çıxıb ordunun daxil olması üçün qapıları açdılar. Yunanlar şəhərə daxil olurlar və Troya süquta uğrayır...

USAİD Cənubi Amerika polislərinə işgəncə taktikaları öyrədib...

USAİD 1961-ci ildə kasıb ölkələrin əhalisinin “ürək” və “beyinlərini” qazanmaq üçün yaradılmış qurumdur. Bu məqsədlər üçün USAİD öz əsas məramlarını “ictimai fəallıq, iqtisadi və ya humanitar yardım” adı altında gizlədirdi.

“Soyuq müharibənin” siyasi rıçağı olaraq USAİD Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) “ön kəşfiyyat dəstəsi” olaraq hədəf ölkələrdə məxfi əməliyyatlarının ilkin təşkilatçısı kimi istifadə edilirdi. USAİD-in ən biabırçı fəaliyyətlərindən biri, məsələn, “cənub konus” (Cənubi Amerikanın Şərq sahili boyu) ölkələrində icra etdiyi polis əməkdaşları üçün təlimlər idi ki, həmin təlimlərdə polis əməkdaşlarına hətta işgəncə taktikası öyrədilirdi.

Məhz Riçard Kozlariçin dövründə USAİD-in Azərbaycandakı fəaliyyətləri çiçəklənməyə başladı

USAİD-i Azərbaycana gətirən isə ABŞ-ın Azərbaycandakı ilk səfəri olmuş və bütün postsovet məkanında “rəngli inqilablar atası” kimi tanınan Riçard Mayls olmuşdu və bu, məhz xalq cəbhəsi dövründə baş vermişdi.

Lakin Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Dövlət Departamenti Maylsın fəaliyyətinə narazılıq etmiş və o, qatı Azərbaycan düşməni olan Riçard Kozlariçlə əvəz olunmuşdu. Məhz Kozlariçin dövründə USAİD-in Azərbaycandakı fəaliyyətləri çiçəklənməyə başladı. Kozlariç haqqında isə biz ətraflı olaraq hələ 6 il əvvəl - 2015-ci ildə məlumat vermişdik.

LINK: https://sesqazeti.az/news/opposition/521335.html

USAİD bir çox postsovet ölkələrindən qovulub

Son illər ərzində informasiya texnologiyalarının inkişafı USAİD-in əsl mahiyyəti və məramı haqqında məlumatların yayılmasına, ifşasına kifayət qədər kömək edir və bu, MKİ-nın gizli bölməsi olan qurum bir çox ölkələrdən, o cümlədən əksər MDB ölkələrindən qovulmuşdu. USAİD indi ən çox fəallıq göstərdiyi ölkələr Ukrayna, Moldova, Gürcüstan, Ermənistan, və çox təəssüf ki, hələ də (!) Azərbaycandır. Çünki bizlər bizim ölkədən başqa bütün digər ölkələrdə USAİD-in “demokratiyaya” göstərdiyi “dəstəyin bəhrələrini” görürük. Postsovet ölkələrindən başqa isə USAİD əsasən Afrika ölkələrində fəaliyyət göstərir.

“Troya atı” hesab olunan USAİD-in yəhərində qatı islamofob və türkofob, irqçi Samanta Pouer oturub!

Yaxşı bu faktları bilə-bilə, çox maraqlıdır ki, bəs “Troya atının” Azərbaycanda kim(lər) “bəsləyir”? Kim gecə gündüz gözləyir ki, “taxta atın” içindən çıxanlar bizim ölkəmizi də USAİD-in qarışdırdığı digər ölkələrin gününə qoysun? Xüsusən, nəzərə alsaq ki, hazırda bu atın yəhərində sırf (!) ermənipərəst, islamofob və irqçi, bizi, ümumilikdə isə bütün türkləri “vəhşi” adlandıran Samanta Pouer əyləşib?!

USAİD-in Azərbaycanda fəaliyyətini təmizləyən heç bir hüquqi sənəddə adı yoxdur. Sadəcə, gəlib oturublar burda – Azərbaycanda və “sağa sola” pul paylayıb “tərəfdaş” əldə edirlər. İnsanlar həmişə haqlı olaraq soruşurlar ki, axı bu USAİD-in marağı nədir ki, ölkəmizdə müxtəlif dırnaqrarası layihələr adı altında boş yerə bu qədər pullar xərcləyir. Ancaq bəllidir ki, xərclənən pullar heç də boş deyil hörmətli həmvətənlər. Bilsəydiniz ki, bu müftə pullar hesabına onlar ictimaiyyət (daha doğrusu ölkəmiz əleyhinə işləyən siyasi təşkilatlar və QHT-lər arasında nə qədər “dayaq” qazanıblar, belə sual vermərdiniz!

USAİD-in taktikası Hitlerin Bakı tortundan heç də fərqlənmir

Məqsəd isə, əlbəttə ki, ABŞ-ın bəlli dairələrinin heç də gizli olmayan məqsədidir: sırf ABŞ-ın maraqların xidmət edən qüvvələri hakimiyyətə gətirmək və bütün dünyada hökmdarlıq etmək. Bəs niyə Hitler Bakı xəritəsindən hazırlatdırdığı tortun üstünə şokolad töküb yeyirdi? ABŞ-ın strategiyası eyni olsa belə, taktikası fərqlidir. ABŞ artıq müxtəlif rəngli inqilab və çevrilişlərə üstünlük verir...

İndi isə yenidən qayıdaq yazının əvvəlindəki hekayəyə. Troya şəhərində tanrı Apollonun kahini olan Laokoont “atı” görəndə qışqırır : “Quidquid id est, timeo Danaos et dona ferentes!”(Bu nə olur-olsun, lakin mən danaylara (yunanlara) inanmıram, hətta hədiyyə belə gətirənlərə” və bu hədiyyəni yandırmağı təklif edir. Lakin troyarılar onun sözünə baxmır və “atı” sürüyüb gətirirlər düz şəhərin mərkəzinə. Sonu isə tarixdə Troyanın süqutu kimi qalır...

Rövşən RƏSULOV

P.S. Yəqin biz də nəticə hasil edərək, bu “Troya atı”nı ölkədən qovsaydıq pis olmazdı. Qoy Samanta Pauer öz “atını” aparıb sevdiyi Ermənistanda çapsın və bu ölkənin axurlarında bəsləsin. Bəlkə Paşinyan bu “ata” minib bir dəfəlik Ermənistandan ABŞ-a qaçmaqla regionu özünün sərsəm siyasətindən qurtarar. Amma onu da bilmək olmaz ki, Paşinyandan sonra bu “ata” daha kim minəcək. Əsası isə budur ki, kim, harada minirsə-minsin, təki Azərbaycandan uzaq olsun...