Bəşər övladı həmişə ölməzlik, yəni el arasında zarafatla da olsa deyilən “dünyanı tutub durmaq” arzusunda olub. Etiraf edilməlidir ki, mən bunu bəzilərinə şamil etmək istəməsəm də, amma xatırlayıram ki, bir dəfə yerli nəşrlərimizin birində “əgər suyun tərkibindəki hidrogen maddələrinin çıxarılacağı təqdirdə”, insanın 300 il yaşaya biləcəyi barədə maraqlı bir xəbərlə rastlaşmışdım. Təbii ki, bunun həqiqətə nə qədər uyğunluğu barədə məlumatsız olsam da, amma bəzi elm adamlarının ehtimalına görə, hər bir insanın uzunömürlüyü ilə bağlı onun “tavanı” var. Sual olunur, bəs, onda niyə insan övladı (təbii ki, imkanı olan) nə qədər “can bəsləməsinə” baxmayaraq, o 100 və ya 120 ildən çox yaşaya bilmir? Etiraf edək ki, bu da çox nadir hallarda baş verir.
Maraqlı da olsa, bu gün bəziləri qocalığın yaşla əlaqədar olmadığını iddia edirlər. Amma sən demə, bu heç də belə deyilmiş. Məsələn, bu gün elm adamları yaşla birlikdə bədənin zədələnmə reaksiyasının artdığını, sabit bir normadan daha da uzaqlaşdığını və hər bir insanın yaxşılaşması üçün daha çox zamana ehtiyac olduğunu iddia edirlər.
Bu da qəbulediləndir. Deməli, belə başa düşməliyik ki, insanda hər şey yaxşı olarsa, yəni o stressiz bir mühitdə yaşayarsa, o çox yaşaya bilər?
Yeri gəlmişkən, həyatda insan canı alan təsadüfi hadisələrdən də heç kəs sığorta olunmadığı da etiraf olunmalıdır. Təbii ki, bura sağalmaz xəstəliklər də şamil edilməlidir.
...Daha bir maraqlı nüans. Bəlkə də çoxları James Bedford adlı ABŞ vətəndaşı barədə məlumatlıdır. Deyim ki, o dünya tarixində kriogen balonuna girərək özünü donduran ilk insandır. Belə ki, böyrək xərçəngindən əziyyət çəkən 73 yaşlı amerikalı 1967-ci ilin yanvarından bəri düçar olduğu xəstəliyə çarə tapılacağı təqdirdə onun yenidən həyata qaytarılacağı məqamı “gözləyir”.
...Gərək ki, yazının bir yerində qocalığın yaşla əlaqədar olmadığı barədə kiminsə dediklərinə də istinad etmişdim. Əslində, bu gün bəzi ehtimallara görə, dünyada 250-dən artıq dondurulub, gələcəkdə “oyanacaqlarını” gözləyən insan var. Maraqlıdır ki, dünənə qədər bəziləri üçün onların oyana biləcəkləri ehtimal olsa da, amma amerikalı alim Robert Mçitnyer, gərək ki, 2015-ci ildə ilk dəfə olaraq dondurulmuş dovşan beynini yenidən həyata qaytara bilib.
...Qayıdaq insan həyatındakı yaş məsələsinə, alimlər 25 və ya 30 yaşında özünü dondutduran hər hansı bir gəncin, deyək ki, 50 ildən sonra “həyata qaytararkən” onun əvvəlki görkəmində olacağını, amma qısa vaxtdan sonra həmin gəncin sürətlə qocalıb yaşlı birinə çevriləcəyini də ehtimal edirlər.
Ağasəf Babayev