Ötən ay qeyri-yaşayış sahələri və icarə bazarlarında qiymətlərin nisbi azalması müşahidə olunub

27 May 2011 18:17 (UTC+04:00)
Bu ilin aprel ayında bazara çıxarılan qeyri-yaşayış sahələri ötən ayda olduğu kimi, fərdi tikililərdən, yeni inşa edilən binaların 1-2-ci mərtəbələrindən və təkrar bazarda olan binaların 1-ci mərtəbələrindəki təyinatı dəyişilmiş mənzillərdən ibarət olub. Bu seqment üzrə bazarda bağlanan əqdlərin dinamikası ötən aya nisbətən azalıb (-2,4%). "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən SİA-ya verilən məlumata görə, apreldə Bakı şəhəri üzrə kommersiya məqsədilə istifadə edilən əmlakın orta satış qiymətində və icarə qiymətlərində nisbi qiymət dəyişikliyi müşahidə edilib. Aprel ayı ərzində bazara təklif olunan qeyri-yaşayış sahələrinin sayı 2,0 faiz artıb. Bazarda təklif qiymətlərinindüşməsi və bazarın bu seqmenti üzrə dinamikanın nisbi azalması, tələbin aşağı olması, ekspozisiya müddətinin artmasına təsir göstərib. (2.4 faiz). Daşınmaz əmlak bazarında baş verən proseslərə baxmayaraq, qeyri-yaşayış sahələri üzrə risk dərəcəsinin stabilləşməsi müşahidə olunmaqdadır. Buna səbəb bazarın bu seqmenti üzrə gəlirlik əmsalının icarə qiymətlərinə müvafiq olaraq möhkəmlənməsi göstərilir.


Aprel ayında Bakı şəhəri üzrə qiymət indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz azalıb, ötən rübün müvafiq dövrünə nisbətdə isə 0,2 faiz artım müşahidə olunub. Ötən aya nisbətdə isə qiymət indeksi qiymətə müvafiq olaraq 0.5 faiz azalıb, qiymət indeksi 1.5 bənd düşərək 286.2 bəndində qərarlaşıb. Aprel ayı ərzində təklif 2.0 faiz artıb. Təklifin artmasına səbəb bazarın bu seqmenti üzrə gəlirlik əmsalının artımı və risklərin azalması hesabına tədricən yeni qeyri-yaşayış sahələrinin bazara daxil olmasıdır.


Aprel ayı ərzində qeyri-yaşayış sahələri və icarə bazarlarında qiymətlərin nisbi azalması müşahidə olunub. Qeyri-yaşayış sahələrinin satış və icarə qiymətləri ötən ay qeydə alınmış göstəricidən müvafiq olaraq 0.5 faiz və 0.3 faiz azalıb. Bakı şəhəri üzrə 1 kv.m qeyri-yaşayış sahəsinin orta satış qiyməti (təklif üzrə) 2904 dollar təşkil edir. Aparılan araşdırmalara əsasən ötən rüblə müqayisədə orta qiymətdə 0.1 faiz artım müşahidə olunub. Qeyri-yaşayış sahələrinin qiymətlərinin ötən ilin müvafiq dövründə qeydə alınmış nəticə ilə qiymət fərqi 1.8 faiz aşağı olub.


Ay ərzində qeyri-yaşayış sahələri bazarında qiymət artımı yalnız Xəzər rayonunda (0.2 faiz), ən çox qiymət azalması isə Nərimanov rayonunda (1.1 faiz) qeydə alınıb. Aprel ayı üçün bazarda qeyri-yaşayış sahələrinin 1 kv.m-nin orta qiymətindən (2904 ABŞ dolları) aşağı olan obyektlər ümumi portfeldə 53,7 faiz paya malik olub.