Lənkərandan olan şəhidin cənnətdəki ilk ad günü qeyd olunub

1 İyun 2021 12:16 (UTC+04:00)

Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Lənkəran rayonu Xanbulan kənd sakini, AMEA Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı Bağırzadə Mahsun Zahir oğlunun doğum günü uyuduğu kənd qəbiristanlığındakı məzarı başında anılıb.

Anım mərasimində rayon icra hakimiyyətinin məsul əməkdaşları, AMEA Lənkəran REM-nin rəhbərliyi, şəhidin yaxınları, gənclər və idman idarəsi, I-II Qarabağ müharibəsi iştirakçıları və kənd sakinləri mövcud pandemiya qaydaları gözlənilməklə şəhidin məzarını ziyarət ediblər.

Yaşasaydı, Mahsunun 25 yaşı olacaqdı. Sentyabrın 27-də başlanan Vətən Müharibəsinin ilk günlərindən könüllü kimi cəbhəyə yollanan Mahsun pulemyotçu kimi düşmənə qan uddurub. Qarabağın işğaldan azad olunması uğrunda gedən döyüşlərin birində Mahsun Zahir oğlu Bağırzadə qəhrəmancasına şəhid olub.

Şəhid Mahsun Bağırzadə 1996-cı ildə Lənkəran rayonunun Xanbulan kəndində doğulub. Orta təhsilini Xanbulan kənd tam orta məktəbində alıb. Həqiqi hərbi xidmətini Mahsun Ağdam bölgəsində keçirib, pulemyotçu hərbi ixtisasına yiyələnib.

İgid əsgərimiz ötən ilin iyulunda baş vermiş Tovuzda sərhəd toqquşması zamanı könüllü cəbhəyə yazılıb. O zaman orduya çağırılmasa da, 2020-ci il sentyabrın 27-də başlayan Ordumuzun əks-hücum əməliyyatı zamanı Lənkəran hərbi komissarlığına gedib və istəyinə çatıb. Beləliklə, Mahsun II Qarabağ müharibəsinin içtirakçısı olub və Füzuli istiqamətində gedən azadlıq müharibəsində döyüşlərə atılıb. Qardaşı Mahir Bağırzadə Mahsun haqqında belə deyir: “Onu yola salanda gülə-gülə söylədi ki, qəti narahat olmayın, onlara gücümüzü göstərməyin əsl vaxtıdır, erməni işğalçıların dərsləri verilməlidir ki, bilsinlər, kim kimdir.” Mahsunun sorağı öncə Ağcabədidən gəlib, sonra Füzulidən.

Şəhidimizin əsas döyüş yolu Füzulidən keçib. Bir sıra kəndlərin alınmasında mahir pulemyotçu kimi ermənilərə qan uddurub. Füzulidə gedən ağır döyüşlərdə xüsusi fəallıq göstərib. Sonuncu dəfə qardaşı ilə də danışıb; ağır döyüşlər getdiyini, ordumuzun qəhrəmanlığı sayəsində düşmən hərbi qüvvələrinin qaçdığını bildirib. “Onları iti qovan kimi qovuruq, qaçırlar qorxaqlar. Murdar ayaqları bir də bu torpağa dəyməyəcək” – deyib Mahsun.

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən mərasimdə idarə və təşkilatların nümayəndələri iştirak edərək şəhidin ailə üzvlərinə başsağlığı veriblər.

Çıxışçılar şəhid M.Bağırzadənin şərəfli ömür yolundan danışıb. Qeyd ediblər ki, Qəhrəman şəhidimiz Qarabağ kəndlərinin alınmasında xüsusi qəhrəmanlıq göstərib. Rayon rəhbərliyi, hərbi komissarlıq, professor Fərman Quliyev başda olmaqla işlədiyi AMEA Lənkəran REM-nin kollektivi, rayonun sayılıb seçilən ziyalıları və əlbəttə, dogma kəndin sakinləri qəhrəman övladlarının onsuz keçən ad günündə bir daha öz hörmət ehtiramlarını ifadə ediblər…

Sonra şəhidin atası Zahir Bağırov hər kəsə minnətdarlığın bildirib. Övladları ilə fəxr etdiklərini söyləyib, şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.

Şəhid Mahsun Bağırzadənin oxuduğu Xanbulan kənd tam orta məktəbinin şagirdləri onun xatirəsini şeirlərlə yad ediblər.

Sonda torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidin məzarı önündə, ruhuna Qurandan ayələr oxunub, dualar edilib.

Ad günün mübarək, şəhidim!

Sərraf Talıbov