Ağdam dünyanın gözəl şəhərlərindən olacaq

31 May 2021 16:21 (UTC+04:00)

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş Ağdam rayonuna növbəti səfəri mayın 28-də, Respublika Günü oldu. Azərbaycan Prezidenti Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı səfərin 28 may gününə salınmasının təsadüfi olmadığını qeyd edərək, dedi ki, bu gün Respublika Gününü biz Ağdamda, Ağdam şəhərində qeyd edirik. Bunun çox böyük rəmzi mənası var. Ağdam şəhərinin Baş Planı bu gün təsdiq ediləcək. Bu Baş Plan mənə təqdim edilmişdir. Biz bir müddət bu plan üzərində işləyirdik və istərdim ki, Ağdam rayonunun tanınmış şəxsləri Baş Planla tanış olsunlar, öz fikirlərini bildirsinlər və sizin iştirakınızla biz bu gün bu gözəl mərasimi keçirək. Bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür. Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir.

Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak etdi. Ağdam şəhəri üçün çox önəmli olan 1 nömrəli məktəbin təməli qoyuldu.

Prezident Ağdamda çıxışında bir daha dünya birliyinin, müxtəlif güclərin, beynəlxalq qurumların Qarabağ münaqişəsi mövcud olduğu dönəmdə – 2020-ci ilin payızınadək, danışıqlar prosesində ikili standartlar tətbiq etmələrinə, ədalətsiz davranışlara diqqət çəkdi.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha bəyan etdi ki, ədalətsiz davranışlar, mənasız sülh danışıqları və erməni təxribatları sonda Azərbaycanı əks-hücuma keçib, torpaqlarını azad etmək – müharibə variantına əl atmağa vadar edib. Cənab Prezident qeyd edib ki, Azərbaycanın mövqeyi bir çox hallarda vasitəçilər tərəfindən birmənalı qarşılanmırdı. Bəzi ermənipərəst qüvvələr bizi günahlandırmağa çalışırdılar. Sanki biz aqressoruq, sanki biz işğalçıyıq. Ona görə də biz hər zaman deyirdik ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmasa, müharibə qaçılmazdır. Xüsusilə keçən ilin iyul, avqust, sentyabr aylarında Ermənistan dövlətinin bizə qarşı hərbi təxribatları nəticəsində baş vermiş hadisələr artıq müharibəni qaçılmaz etmişdi.

Bəli, Vətən müharibəsi qurtarıb. Erməni vandalizmləri tərəfindən yerlə yeksan olan Ağdam şəhəri, nəinki əvvəlki görkəminə qayıdacaq, hətta ondan da gözəl olacaq, dünya şəhərlərinə bənzəri olacaq. Azərbaycan qüdrətlidir, güclüdür. Çünki onun İlham Əliyev kimi Lideri, Sərkərdəsi var.

Yaşasın Azərbaycan! Yaşasın cənab Prezident İlham Əliyev! Yaşasın Azərbaycan ordusu!

Gülşən Seyfulla qızı Xəlilova

Masalllı Regional “ASAN Xidmət” mərkəzinin sektor müdiri