Azərbaycan Respublikasının hökumət rəsmiləri bu gün "Microsoft" şirkəti ilə rəsmi saziş imzalayıb və bu isə, bütün ölkə ərazisində proqram piratlığının azaldılmasına dair yeni öhdəliyə işarə edir və sazişin əhatə etdiyi bütün hökumət idarələrində qanuni lisenziyalaşdırılmış proqram təminatından istifadə olunmasını təmin etməyə köməklik edəcək. SİA-nın xəbərinə görə, bu sazişin bir hissəsi kimi Azərbaycan hökuməti saxta proqram təminatı ilə bağlı riskləri azaltmaq və beləliklə də vətəndaşlara, biznes subyektlərinə və Hökumət işçilərinə göstərilən xidmətləri yaxşılaşdırmaq məqsədilə qanuniləşdirilmiş e-Hökumət xidmətlərinin yaradılması öhdəliyini götürüb. Bu sazişin məqsədi 12 may 2011-ci il tarixində dərc edilmiş Business Software Alliance təşkilatının 2010-cu il üçün piratlıq üzrə tədqiqat adlı nəşrinə əsasən hal-hazırda 88 faiz kimi qiymətləndirilən Azərbaycandakı yüksək piratlıq səviyyəsinin aradan qaldırılmasına yönəldilib.
Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov qeyd edib ki, Azərbaycan Respublikasının "Microsoft" şirkəti ilə imzaladığı bu saziş Azərbaycan üçün növbəti bir neçə ildə prioritet sahə hesab edilən İKT-nin inkişafı istiqamətində atılmış böyük bir addımdır: "Bu Azərbaycanın regionda mühüm rol oynadığını və onun müasir texnologiyaları daha da inkişaf etdirmək, kadr potensialını gücləndirmək və nəhayət elmə və biliyə əsaslanan iqtisadiyyat qurmaq niyyətini təsdiqləyir."
Sözügedən saziş saxta proqram təminatı ilə bağlı artmış riskləri, məsələn zərərli proqram vasitələri, məlumat itkisi və qorunan məlumatlara xələl yetirə biləcək digər məsələləri, ön plana çıxararaq Azərbaycanda texnologiyaya dair məlumatlılığın və təcrübənin inkişafını sürətləndirəcək.