“Ermənistandan qaçmaq total xarakter alacaq…”

28 May 2021 19:29 (UTC+04:00)

Bu gün erməni saytları ölkənin əyalətlərində yaşayan kişilərin yarıdan çoxunun - xaricə, “çörək dalınca getdiklərini” etiraf edirlər. Saytlar artıq əmək miqrasiyasının Ermənistan iqtisadiyyatının əsas bir sahəsinə çevrildiyini də gizlətmirlər. Məsələ bundadır ki, fərqli vaxtlarda əmək miqrantlarının xaricdən Ermənistana göndərdikləri pul köçürmələri ölkədə ÜDM-nin təxminən 22 faizini təşkil edirmiş. Qeyd edək ki, Ermənistan Mərkəzi Bankının məlumatına görə, fiziki şəxslər tərəfindən erməni ailələrinə göndərilən pulların təxminən 60 faizi Rusiyadan köçürülür.

Təbii ki, Rusiya ənənəvi olaraq həmişə erməni miqrantlar üçün əsas iş yeri olub. Amma ötən il koronavirus məhdudiyyətləri səbəbindən erməni miqranların ölkədə qalması, elə bil, Ermənistan hökumətinin belini qırdı. Təsadüfi deyil ki, erməni hökuməti bununla bağlı narahatlığını dilə gətirmək məcburiyyətində də qalmışdı.

Bununla belə, Paşinyan hökuməti ölkədə qalan əmək miqrantlarını İrəvanda tikinti işlərinə cəlb etmək üçün “anti-böhran proqramı” hazırlatdırdı. Amma, bu “proqram” tezliklə iflasa uğradı.

Təbii ki, səbəblər çox idi. Bunlardan ən əsası proqramda qeydiyyatdan keçən əmək miqrantlarının cəmi 9.3 faizinin işlə təmin olunmasıydı. Əslində, bu da dəqiq rəqəm kimi başa düşülməməlidir. Başqa bir səbəb, tikinti əsasən, İrəvanda aparılırdı deyə, bu da əyalət ermənisini qane etmirdi. Daha başqa bir səbəb, verilən maaşların azlığı və ən nəhayət erməni əmək miqrantlarının işəgötürənlərə sərhədlərin açılacağı təqdirdə bu işdən gedəcəkləri barədə etirafları.

Yeri gəlmişkən bildirək ki, burada söhbət elə-belə rəqəmdən yox, “İrəvan tikintisi”ndən kənarda qalan 300-350 min nəfərlik əmək miqrantından gedir. Demək lazımdır ki, əslində bunun dəqiqliyi də şübhə doğurur. Çünki, hələ bu ilin fevralında İrəvanın “Zvartnots” hava limanında baş verən həyəcanı xatırlamış olarsınız. Belə ki, həmin ərəfədə Ermənistanı tərk etmək istəyən erməniləri, heç nə, hətta Rusiyaya satılan biletlərin qiymətdəki yüksək artım belə saxlaya bilmirdi.

…Maraqlıdır, bir müddət bundan əvvəl Ermənistandan getmək arzusunda olanlar arasında sorğu keçirilib. Sorğu sorulanlar Ermənistanı tərk etmələrinin əsas səbəbi kimi, ölkədəki işsizliyi göstəriblər. O da maraqlıdır ki, ölkəni tərk etmək istəyənlərə qarşıda gözlənilən seçkiləri xatırladan da, onlar bu seçkinin onlar üçün elə də bir önəm daşımadığını da etiraf ediblər.

Qeyd edık ki, sorğu götürənlər Ermənistandan gedənlərin səbəb kimi, ölkədə iş yoxluğunu əsas gətirmələrini, səmimiyyətdən kənar olduğuna şübhə etmədiklərini də gizlətməyiblər. Onlar qarşıdakı aylarda ölkədən getmək istəyən ermənilərə məhdudiyyət qoyulmayacağı təqdirdə, Ermənistanı birdəfəlik tərketmənin total xarakter alacağını da istisna etməyiblər.

Ağasəf Babayev